Bismillahir rəhmanir rəhim
Məlum olduğu kimi, İmam Məhdi (ə)-ın zühurun beş qəti əlaməti vardır. Bunlar İmam Sadiq (ə)-dan nəql edilən bir hədisdə belə açıqlanmışdır:
“Qaimin (ə) qiyamından qabaq beş qəti baş verəcək əlamət olacaqdır: Yəmani, Süfyani, güclü səs, Nəfsi-Zəkiyyənin qətli və Beyda (çölündə) batma” (Kəmalud-Din: 650, bab 57, hədis 7).
Mübarək zühurun beş qəti əlaməti barədə qısaca məlumat verək:
1.Səmavi güclü səs.
Bu səs Mübarək Ramazan ayının iyirmi üçüncü gecəsində, cümə günündə Cəbrail (ə)-ın edəcəyi həmin səmavi nidadır:
“Ey Allah bəndələri, dediyimi eşidin: Bu Ali Muhəmmədin (s) Məhdisidir ki, Məkkə torpağından xüruc etmişdir. Elə isə ona cavab verin” (İlzamun-Nasib: c.2, səh.200).
Bu, zühurun ən aydın və ən aşkar əlamətlərindən biridir.
Hamının öz dilində başa düşəcəyi və eşidəcəyi bir səs olacaq. Necə ki Zürarənin İmam Sadiq (ə)-dan nəql etdiyi hədisdə buna işarə edilmişdir. (Kəmalud-Din: 650, bab 57, hədis 8).
Bu səs möminlər üçün ən böyük müjdə və sevinc olacaq. Qızlar evlərindəki pərdə arxasından bu səsi eşidəcəklər və atalarını və qardaşlarını İmam Məhdi (ə)-a yardıma getməyə təhrik edəcəklər.
Bununla eyni vaxtda o həm də zalımlar və təkəbbür sahibləri üçün böyük bir təhdid olacaq. Belə ki, onları qorxu və təlaş bürüyəcək. (Qeybəti-Numani: 254, bab 14, hədis 13).
2.Süfyaninin ortaya çıxması.
Qan içən, Əməvi əsilli, Əhli-Beytə (ə) nifrət bəsləyən və Əbu Süfyanın nəslindən olan bir şəxsdir. Adı Osman ibn Ənbəsədir.
Eybəcər üzlü, böyük başlı, üzündə çopur olan bir şəxsdir. Şamdakı “quru vadidən” çıxacaq. (Kəmalud-Din: 651, hədis 9).
Böyük fitnə və bəlalar törədəcək, çoxlu insan qətlə yetirəcək, hörmətləri aradan aparacaq. Bütün bunları o və onun Şamdan İraqa və Mədinəyə göndərəcəyi qoşunu edəcək.
Onun çıxışı Rəcəb ayında olacaq və bayraqı qırmızı olacaq. (Bihar: 52/248, hədis 131).
Onun İraqa göndərəcəyi qoşun çoxlu qırğınlar törətdikdən sonra Şama qayıdacaq. Mədinəyə göndərəcəyi qoşun isə Beyda adlanan çöldə yerə batacaq.
Onun işinin sonu xüsran və zəlalətə uğramaq olacaq. İmam Məhdi (ə) Kufədən sonra Şama üz tutacaq və burada Süfyanini və onun adamlarını məhv edəcək. Beləliklə Allah bəndələri onun şərrindən xilas edəcək.
3.Beyda çölündə yerə batma.
Beyda içində heç bir şey (bitki və s.) olmayan və Məkkə ilə Mədinə arasında yerləşən çölün adıdır. Bu çöl Zül-Huleyfənin bir milliyində (1.860 metrliyində) Məkkə istiqamətində yerləşir. Zahirən “Beyda” sözü “həlak”, “məhv etmə” (ibadə) sözündən götürülmüşdür.
Hədislərin birində bu ərazidə namaz qılmaq qadağan edilmişdir. Səbəb kimi isə oranın qəzəb olunmuş bir ərazi olması göstərilmişdir. (Məcməul-Bəhreyn: səh.198)
Qəti əlamətlərdən biri də az əvvəl qeyd edildiyi kimi Süfyaninin ordusunun bu ərazidə yerə batmasıdır. Hədislərə əsasən Süfyani İmam Məhdi (ə)-ı ələ keçirməkdən ötrü Mədinəyə qoşun göndərəcək. Lakin qoşun yolda ikən qoşun başçısına xəbər çatacaq ki, İmam (ə) Mədinədən çıxıb. Bunu bilincə o ordusunu Məkkə istiqamətinə göndərəcək. Lakin qoşun Beyda çölünə çatınca yerə batacaq (Bihar: 52/238, hədis 25).
4.Yəmaninin xürucu.
Qəti əlamətlərdən biri də Yəmaninin çıxmasıdır. Hansı ki, insanları haqqa və doğru yola dəvət edəcək.
İmam Baqir (ə)-dan nəql edilən bir hədisdə deyilir: “Bayraqlar içərisində Yəmaninin bayrağı qədər doğru yolda olan bayraq olmayacaq. O, hidayət bayrağıdır, çünki o (camaatı) sizin sahibinizə tərəf çağıracaq. Yəmani xüruc etdiyi zaman bütün müsəlmanlara silah satmaq haram olacaq. Yəmani çıxdığı zaman ona tərəf tələs. Onun bayrağı hidayət bayrağıdır. Heç bir müsəlmana ona qarşı gəlməsi (onunla müharibə etməsi) halal deyil. Kim belə etsə Cəhənnəm əhlidir. Çünki o haqqa və doğru yola dəvət edəcək. ”. (“Biharul-ənvar”, 52/232)”.
Bəzi hədislərdən belə nəticə alırıq ki, onun mübarək xürucu Yəməndə Səna şəhərindən olacaq. (Məhdiyye-Muntəzər: səh.167).
Habelə, hədislərin birində gəlmişdir ki, o Zeydi-Şəhidin (r.ə) nəslindəndir.
5.Nəfsi-Zəkiyyənin qətli.
O Ali-Muhəmməddən olan bir oğlan uşağıdır ki, adı Muhəmməd ibn Həsəndir. Heç bir günahı olmadan rükn və məqam arasında öldürüləcək. (Bihar: 52/192).
İmam (ə) onu höccəti tamam etmək və Əhli-Beytə (ə) yardım etmələrini istəməsi üçün Məkkə camaatının yanına göndərəcək. Necə ki, hədisdə gəlmişdir:
“…Qaim əleyhis-səlam öz əshabına deyəcək: Ay camaat, Məkkə əhli məni istəmir. Lakin mənim kimi birisi onlara höccəti tamam etməlidir deyə mən onlara (höccəti tamam etmək üçün) bir elçi göndərəcəyəm.
Bunu deyib əshabından bir nəfəri yanına çağıracaq və ona deyəcək: Məkkə camaatının yanına get və onlara de: Ey Məkkə əhli, mən filankəs tərəfindən sizə göndərilən bir elçiyəm. O sizə deyir: “Biz rəhmət əhli-beytiyik, risalət və xilafət mədəniyik, biz Muhəmmədin nəsli, peyğəmbərlərin sülaləsiyik. Həqiqətən də bizə qarşı zülm olundu, əziyyət edildi, təzyiqlər göstərildi, Peyğəmbərimizin (s) dünyadan köçdüyü gündən ta bu günədək haqqımız əlimizdən alındı. (İndi) biz sizdən kömək istəyirik, bizə kömək edin”.
Bu cavan bu sözləri deyincə onun üstünə hücum çəkib “rükn”lə “məqam” arasında başını kəsəcəklər. O, Nəfsi-Zəkiyyədir. Bu xəbər İmama (ə) çatdıqda öz əshabına deyəcək: Mən sizə deməmişdim ki, Məkkə əhli məni istəmir?
Beləcə onlar onu dəvət etməyəcəklər, o isə qiyam edib Bədr əshabının sayı qədər adamla – üç yüz on üç nəfərlə birgə Tuva keçidinə düşəcək. Sonra isə Məscidul-Harama gəlib İbrahim məqamında dörd rəkət namaz qılacaq. Arxasını qara daşa söykəyəcək. Allaha həmd-səna edib Peyğəmbər səllallahu əleyhi və alihi və səlləmi yad edəcək, ona salavat göndərəcək. Sonra isə elə bir xütbə edəcək ki, hələ heç kəs belə bir xütbə etməmişdir..”. (Bihar: 52/307, bab 26, hədis 52)
“Əl-İmamul-Məhdi min viladətihi ila dovlətihi”, Seyyid Əli Hüseyni əs-Sədr.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.