Zühur zamanı necə bilinəcək?

Bismillahir rəhmanir rəhim

  Bu mövzu ilə bağlı ağıla belə bir sual gələ bilər: “İmam Zaman (ə.f) zühur zamanının gəldiyini necə anlayacaq? Əgər Allahın ona xəbər verəcəyini söyləsək; o halda İmama (ə.f) vəhy nazil olur deməkdir və dolayisi ilə İmam ilə Peyğəmbər arasında heç bir fərq qalmaz”.

Əvvala imamət bəhsində yer alan rəvayət və burhanlardan da başa düşüldüyü kimi İmamın qeyb aləmi ilə rabitəsi var və ehtiyac duyularsa bəzi həqiqətləri qeybi yolla bilə bilər.

  Bu səbəbdən Allahu-təala zühur anını İmama (ə.f) ilham etməklə bildirə bilər. İmam Sadiq (ə) “Elə ki, sura üfürülər”(Müddəsir, 8) ayəsinin təfsirində belə buyurur: “Bizlərdən biri müzəffər və gizli bir imamdır. Allah-təala onu zahir etmək istədikdə onun qəlbində təsir yaradar və o da qiyam edər.” (İsbat-ul Hudat, c.6, s.364)

Əbu Carud belə nəql edir: İmam Məhəmməd Baqirə (ə) “Qurban olum sizə, mənə Sahibul-Əmr haqqında məlumat ver” deyə söylədikdə belə  buyurdu: “Gecələr ibadət edərkən insanların Allahdan ən çox qorxanı və səhər vaxtı insanların ən cəsur və qorxusu olmayanıdır; gecə-gündüz özünə vəhy olunmaqdadır.” İmama (ə) “Özünə vəhymi nazil olur?” deyə soruşdum. Belə buyurdu: “Vəhyin nazil olması Hz. Peyğəmbərə (s) nazil olan bir vəhy kimi deyil. Bəlkə Hz.Məryəm, Hz.Musanın anası və bal arısına nazil olan vəhy kimidir. Ey Əba Carud! Ali Mühəmmədin (ə) Qaimi (ə.f) Allah qatında Hz.Məryəm, Hz.Musanın anası və bal arısından daha dəyərlidir.” (İsbat-ul Hudat, c.7, s.172; Biharu Ənvar, c.52, s.389)

Bu və buna bənzər hədislərdən belə başa düşülür ki, İmam Zamana (ə.f) da vəhy və ilham olunur. Amma bütün bunlara baxmayaraq İmam ilə Peyğəmbər arasında fərq var. Çünki Peyğəmbərə şəriət qanunları vəhy edilir. Amma İmama qanun və hökm vəhy edilmir. İmam qanun və hökmlərin qoruyucusudur.

  Habelə, Hz.Peyğəmbər (s) İmamlar vasitəsilə zühur zamanını ona xəbər etmiş ola bilər. Məsələn, bir sıra müəyyən hadisələri zühur zamanının əlamətlərindən saymış ola bilər. Beləcə İmam Zaman (ə.f) da həmin əlamətlərin zühurunu gözləməkdədir. Hz.Peyğəmbər (s) belə buyurur: “Məhdinin (ə.f) zühur zamanı gəlincə Allah-təala onun qılınc və bayrağını danışdırar və onlar da “Ey Allahın dostu, qalx və Allahın düşmənlərini öldür.” deyərlər.” (Biharul Ənvar, c.52, s.311)

 Adı çəkilən ehtimalı bütün İmamların proqramının (öz zəmanələrində nə etməli olduqlarının) möhürlənmiş bir şəkildə Allah-təala tərəfindən Hz.Peyğəmbərə (s) nazil olduğunu və Hz.Peyğəmbərin (s) də bunu İmam Əliyə (ə) verməsini bildirən hədislər də dəstəkləməkdədir. Hədislərə görə, İmam Əli (ə) öz xilafəti vaxtı öz kitabını açdı və ona görə əməl etdi. Daha sonra onu İmam Həsənə (ə) verdi və beləcə bir-bir İmamlara ötürüldü. İmamlardan hər biri öz zamanında özü üçün yazılanlara əməl etmişdi. Hal-hazırda  İmam Zamanın (ə.f) kitabı özündədir və ona uyğun əməl edir. (Usuli Kafi, c.1, s.279)

“Müxtəlif baxışlardan İmam Zaman (ə.f)”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

 

Leave a Comment