Bismillahir rəhmanir rəhim
Hədislərdə zühur öncəsi bir neçə şəxsin meydana çıxacağı barədə məlumat verilmişdir. Biz belə şəxslərdən bəziləri haqqında qısa məlumat veririk:
1-Altı nəfər şəxs: Bu şəxslər barədə məlumat Xorasani və qara bayraqlılardan bəhs edən hədislərdə gəlmişdir. Bunlar aşağıdakılardır:
1)Qumdan çıxacaq bir şəxs.
2)Xorasani Həsəni, hansı ki, sünni mənbələrində adı “Haşimi”olaraq qeyd edilmişdir.
3)Seyyidi-Əkbər.
4)Xorasani qoşununun və İmam Məhdi (ə)-ın qoşunun başçısı Şüeyb ibn Saleh.
5)Şüeyb ibn Salehə kömək edəcək Gilanlı Seyyid.
6)Haşimi, hansı ki, Beytül-Müqəddəsə tərəf hərəkət edəcək, lakin oraya yetişə bilməyəcək.
Xorasani və Şüeyb barədə məlumat həm şiə, həm də sünni mənbələrində mövcuddur. Seyyidi-Əkbər (Böyük Seyyid) barədə də həmçinin, hər iki tərəfdə məlumat varid olmuşdur. Qumda inqilab edəcək şəxs və onun adamları barədə məlumat, həmçinin, Gilandan hərəkət edəcək şəxs barədə məlumat yalnız şiə mənbələrində gəlmişdir. Belə bir ehtimal verilir ki, Seyyidi-Əkbər ilə Qumda inqilab edən şəxs eyni bir şəxsdir.
2-Doqquz nəfər şəxs: Bunların dördünün adı Süfyaninin hərəkatından bəhs edən hədislərdə gəlmişdir. Bu şəxslər aşağıdakılardır:
1)Əshəb, yəni, saçının tükü qırmızı olan şəxs.
2)Əbqə`, yəni, cüzamlı.
3)Rəbii.
4)Curhəmi.
Bu şəxslər Süfyani ilə üz-üzə gələcəklər və Süfyani onların hamısını məğlub edəcək. Əshəb barədə “iləc” təbiri işlədilmişdir ki, bu, qeyri ərəb olan kafirlər üçün işlədilən bir ifadədir. Digər beş nəfər isə bunlardır:
1)Həcəri.
2)Ətrəfi.
3)Riqti.
4)Mərvani.
5)Şeysbani.
Bu şəxslərin adları müxtəlif rəvayətlərdə gəlmişdir və bildirilmişdir ki, onlar İmam Məhdi (ə)-ın zühurundan öncə ortaya çıxacaqlar. Şeysbaninin İraqdan çıxacağı bildirilmişdir.
3-Hicazda (indiki Səudiyyə Ərəbistanı ərazisində) hakimiyyət edəcək Abdullah adlı bir şəxs: Bəlkə də mütəvatir həddə şiə və sünni rəvayətlərində qeyd edilmişdir ki, İmam Məhdi (ə)-ın zühuru Hicazda hökmranlıq edən bir hakimin, kralın və ya xəlifənin ölümünün ardınca baş verəcək. Bu xəlifə öldükdən sonra hakimiyyət üstündə ixtilaf düşəcək, Hicazda bir sıra daxili çəkişmələr baş verəcək və siyasi boşluq yaranacaq.. Bu mənanı çatdıran hədislərdən biri İmam Sadiq (ə)-dan nəql edilən bu hədisdir: “Kim mənə Abdullahın ölüm xəbərini çatdırsa, mən də ona Qaimin (çıxacağını) zəmanət verərəm. Bilin, elə ki, Abdullah öldü, camaat heç kəsin üzərində ittifaq edə bilməyəcək. Bu iş, inşəallah, sizin Sahibinizin gəlməsi ilə sona çatacaq. (Abdullah ölüncə) illərin hakimiyyəti gedəcək, ayların və günlərin hakimiyyəti başlayacaq. (Yəni, heç kəs bir ildən artıq hakimiyyətdə qala bilməyəcək, hakimiyyətdə olanlar bir neçə ay və ya gün qala biləcəklər) Əbu Bəsir deyir, dedim: Bu dövr uzun çəkəcək? Buyurdu: Xeyr” (Biharul-Ənvar: 52/210).
4-Yüz nəfər şəxsin peyğəmbərlik iddia etməsi, bəzi şəxslərin Məhdəviyyət iddiası etməsi, Qəzvində bir zındığın – dinsizin ortaya çıxması. Bu üç əlamət barədə şiə mənbələrində bir sıra hədislər varid olmuşdur. Bunların zühur əlamətlərində olması faktı təsdiqlənərsə, demək mümkündür ki, artıq bu hadisələr baş vermişdir. Belə ki, Müseyləmənin peyğəmbərlik iddiasından bu günədək nəinki yüz, hətta yüzdən artıq şəxs peyğəmbərlik iddiası etmişdir. Hədislərdəki “yüz” rəqəmi çoxluğu bildirmək üçün işlədilmişdir. Məhdəviyyat iddiaçılarına gəlincə, bu şəxslərin sayı da olduqca çoxdur.
Sonuncu əlamətə gəlincə isə bunu qeyd edə bilərik ki, nəql edildiyinə görə Rza xan Pəhləvi İranda həyata keçirmək istədiyi çirkin əməlləri qarşısında alimlərin müqavimətini görüncə deyir: “Məgər onlar nəql etmirlər ki, Qəzvindən bir dinsiz çıxacaq və onun (abır, həya) pərdəsini aradan aparacaq? Həmin dinsiz mənəm!”
Şeyx Əli Kurani, “Dirasətun uliyyə”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.