Bismillahir rəhmanir rəhim
Hədisi-şəriflərdə İmam Məhdi (ə.f)-in zühur edəcəyi ilin xüsusiyyətləri və bu ildə baş verəcək hadisələr barədə məlumat verilmişdir. Biz mümkün qədər zaman ardıcıllığına riayət edərək bu hədislərdən bəzilərini qeyd edirik.
1-Həmin ilin “tək illər”-dən olması.
Əba Əbdillah Sadiq (ə)-dan belə buyurduğu nəql edilir: “Qaim (ə) məhz tək illərdən birində xüruc edəcək: bir, üç, beş, yeddi və ya doqquz”. (İlamul-Vəra: 430, Biharul-Ənvar: c.2, s.291, Muntəxəbul-əsər: 464) (Zahirən tək illərdən məqsəd, sonu tək ədədlərlə bitən illərdir-müt.)Bu, həzrətin zühur edəcəyi il barədə ümumi məlumat idi. Həzrətin zühur edəcəyi gün barədə isə daha dəqiq məlumat göstərilmişdir. Əbu Bəsir deyir: Əba Əbdillah Sadiq (ə) buyurdu: “Qaim Aşura günü – Hüseyn ibn Əli (ə) qətlə yetirilən gün qiyam edəcək. Sanki mən onu görürəm ki, Muhərrəm ayının (həftənin) altıncı gününə təsadüf edən Aşura günündə “rükn” və “məqam” arasında durub. Cəbrail (ə) onun önündə durub ona beyət etməyə dəvət edir. Şiələri isə çox sürətli bir şəkildə yolları qət edib ona tərəf gəlir və ona beyət edirlər. Beləcə o, yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi düzlük və ədalətlə doldurur”(İrşad (Şeyx Müfid): c.2, s.379, İlamul-Vəra: 430).
2-Həmin il “ğeydaqə” ilidir.
Zühur ilinin əlamətlərindən biri də çoxlu yağış yağmasıdır. Bu yağış ya fəlakət və bəla, yaxud da rəhmət olaraq yağacaqdır. Əba Əbdillah Sadiq (ə)-ın belə buyurduğu nəql edilir: “Qaimin (ə) qiyamından azacıq əvvəl “ğeydaqə” ili olacaqdır. Bu zaman meyvələr və xurma ağaclarındakı xurmalar tələf olacaq. Bu barədə şübhə etməyin” (İlamul-vəra: 428, Bəşarətul-İslam: 125, İrşad: c.2, s.377, Ğeybəti-Tusi: 272). Səid ibn Cubeyrdən isə belə nəql edilir: “Qaim Məhdi (ə)-ın qiyam edəcəyi ildə iyirmi dörd (dəfə) yağış yağacaq. Bunun təsirləri və bərəkəti də görüləcək, inşəallah”. (İlamul-Vəra: 429, Bəyanul-Əimmə: c.2, s.431) İmam Sadiq (ə)-ın buyurduğu bu hədis də mövzuya dəlalətli ola bilər: “Fəth (qələbə) ilində, Fərat çayı daşıb Kufə küçələrinə daxil olacaq (axacaq)”. (İlamul-Vəra: 429, Bəşaratul-İslam: 125, İrşad: c.2, s.377, Ğeybəti-Tusi: s.274)
3-O ildə çoxlu zəlzələ, qorxu və fitnələr baş verəcək.
Zühur ilinin başqa əlamətləri də İmam Sadiq (ə)-ın buyurduğu bu əlamətlərdir: “Onun (zühurun) əlamətlərindən biri də budur ki, çoxlu zəlzələlər və dolular (və ya “soyuqlar”) olan bir ildə baş verəcək”(Yovmul-Xəlas: 543). Həmçinin: “Sizi ümmətim içərisindən çıxacaq Məhdi ilə müjdələyirəm. O, insanlar bir-birləri ilə ixtilaf etdikləri və zəlzələr baş verdiyi bir vaxtda çıxacaq” (Əl-Muməhhidun lil-Məhdi: 49, Kəmalud-din: s.655, Biharul-Ənvar: c.52/s.182). Həmçinin: “O zaman yer üzündə çoxlu münaqişələr və fitnələr olacaq” (həmin mənbə) “Bu işdən qabaq “bəyuh” qətl olacaq. Dedilər: Bəyuh qətl nədir? Buyurdu: Arasıkəsilməz daimi qətllər” (həmin mənbə). Həmçinin: “Qaimin (ə) qiyamından azacıq əvvəl iki növ ölüm olacaq: qırmızı və ağ ölüm. Hətta vəziyyət elə bir həddə çatacaq ki, hər yeddi nəfərdən beşi öləcək” (həmin mənbə).
Əmirəl-möminin (ə)-dan belə nəql edilir: “Məhdinin (gəlişindən) çox az müddət qabaq qırmızı və ağ ölüm olacaq, vaxtında və vaxtında çıxmayan qan rəngli çəyirtkələr yayılacaqdır (bəzi həşəratlar ilin müəyyən vaxtlarında daha çox fəal olurlar, digər vaxtlarda isə yox. Zühur dövrünə az qalmış bu həşəratlar ilin bütün aylarında fəallaşacaqlar və əkin-biçinə, tarlaya və s. ziyan yetirəcəklər). Qırımızı ölüm qılıncdır (yəni: döyüşlərdir), ağ ölüm isə taundur” (Ğeybəti Numani: 185, İrşad: c.2, s.372).
İmam Baqir (ə)-ın belə buyurduğu nəql edilir: “Məhdi, insanlar güclü qorxuda olduqları, zəlzələlər baş verdiyi, ərəblər arasında taun və döyüşlər yayıldığı, insanlar güclü münaqişə və ixtilafa düşdükləri, dinlərində parçalandıqları, halları dəyişildiyi və hər kəsin gecə-gündüz ölüm arzuladığı bir zamanda zühur edəcək…. Onun zühuru (insanlar) ümüdsüzlük və məyusluğa (düçar olduqları) zaman baş verəcək. Xoş olsun onu görüb onun köməkçilərindən olan şəxslərin halına! Vay olsun, çox vay olsun ona qarşı və onun əmrinə qarşı çıxana!” (Biharul-Ənvar: c.52, s.231, İlzamun-Nasib: c.2, s.162)
Müctəba əs-Sadat, “əl-Fəcrul-Muqəddəs”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.