Bismillahir rəhmanir rəhim
Bu barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Bu rəvayətlərdə hadisənin baş vermə tarixi ilə bağlı müəyyən fərqliliklər olsa da, ümumi olaraq hadisənin baş verəcəyini söyləyə bilərik. Fikrimizcə hədislərdəki fərqliliklər də məhz ravilərdən qaynaqlanır. Belə hədislərə misal olaraq aşağıdakıları göstərə bilərik:
1-Əba Əbdillah Sadiq (ə) buyurur: “Qaimin (ə) qiyamından öncə Ramazan ayının beşinci günündə günəş tutulması olacaq”. (Kəmalud-Din: 2/655)
2-Əbu Bəsir İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql edir: “Məhdinin (ə) çıxışının əlamətlərindən biri də Ramazan ayının on üçündə və (ya) on dördündə günəş tutulmasının baş verməsidir”. (Biharul-Ənvar: 52/242)
3-Bədr ibn Xəlil əl-Əzdi deyir: Əbu Cəfər (İmam Baqir) (ə)-ın yanında idim. Həzrət dedi: Qaimin (ə) qiyamından öncə iki əlamət baş verəcək ki, Adəmin (ə) hübutundan (Cənnətdən enməsindən) bu yana heç bir vaxt baş verməmişdir. Ramazan ayının ortasında günəş tutulacaq, sonunda isə ay. Bir nəfər dedi: Ey Allah Rəsulunun övladı, günəş ayın sonunda, ay isə ortasında tutular[1]. Əbu Cəfər (ə) buyurdu: Mən sənin nə dediyini bilirəm. Lakin bunlar elə əlamətlərdirlər ki, Adəmin (ə) hübutundan bu yana heç vaxt baş verməmişlər”. (Ğeybəti-Tusi: 280)
4-Əbu Cəfər Təqi (ə)-ın belə buyurduğu nəql edilir: “Bu işdən öncə ayın sonuna beş gün qalmış ay tutulacaq, on beşində isə günəş. Bu hadisə Ramazan ayında baş verəcək. Bu zaman münəccimlərin (astronomların) hesabları alt-üst olacaq”. (Ğeybəti-Numani: 271)
5-Cabir İmam Baqir (ə)-dan belə nəql edir: “Bizim Məhdimizin (ə) (zühurunun) iki əlaməti vardır ki, səmalar və yer yaranandan bəri heç vaxt baş verməmişlər: Ramazan ayının ilk gecəsində ay tutulacaq, yarısında isə günəş. Bu iki əlamət səmalar və yer yaranandan bəri heç vaxt baş verməyib”. (İsbatul-Huda: 3/621)
Tədqiq: Zuhuradogru.org
Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
[1] Astronomiya elminə görə bu iş mümkün sayılmadığına görə ravi belə bir sual vermişdir-müt.