Bismillahir Rəhmanir Rəhim
Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s.a)-nın Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin adlı beş övladı olmuşdur.İmam Sadiq (ə)-dan rəvayət olunmuş hədisə əsasən həzrət Zəhranın son övladı olan Möhsin, İmamın düşmənlərinin o həzrətin evinə olan təcavüzü nəticəsində anasının bətnində öldürüldü, xanım özü isə ağır yaralanaraq şəhadətə yetişdi!
Bu xanədanın üçüncü övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.
Atanın Zinəti
Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:
Səmavi ad
Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə (s.a) Əlidən (ə) istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.
Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.
Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. Çünki, o, Xədiceyi-Kubra kimidir.
Yəni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.
Peyğəmbər ilə birlikdə
Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə (s) bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.
Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin (s) mübarək vücudundan səbr və dözüm hədisini yazsın. Çünki, o, Zeynəbin (s.a) həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin (s.a) taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.
Dərdli yuxu
Zeynəb (s.a), onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin (ə) yetişdirməsi və Zəhranın (s.a) qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:
Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb (s.a) onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:
“Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”
Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:
“Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”
Çox keçmədi ki, Zeynəbin (s.a) yuxusunun bir hissəsi çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Hələ bilmirdi ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma bəşər tarixinin bu yenilməz siması heç vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə islamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir.
Həzrəti Fatimə (s.a) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb (s.a) Zəhra (s.a) kimi bir ananın məhəbbətindən yalnız bir neçə il bəhrələndi.
Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb (s.a) Peyğəmbərin (s) vəfatından sonra anası Fatiməni (s.a) gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə (s.a) atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.
Zeynəb (s.a) bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.
Haqqin müdafiəsi
Zeynəb (s.a) anası Fatimənin (s.a) Peyğəmbər məscidində Fədək və Əhli-beytin müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xütbəsini dinləməklə yanaşı, zülm qarşısında necə mövqe tutmaq yolunu da öyrənirdi.
O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt vilayətini müdafiə etsin.
Nəhayət, ana ilə son görüş və vidalaşma zamanı çatmışdır. Zəhranın (s.a) pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdir. Atanın göstərişi ilə Zəhranın (s.a) balaları ana ilə vidalaşır, son dəfə onu qucaqlayıb ayrılırlar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir:
“Zəhranın kəfənini düyünləyərək Ümmü Gülsüm, Zeynəb, Həsən və Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır. Növbəti görüş isə behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ bu sözləri deyirdilər: Babamız Peyğəmbər (s) anamız Fatimənin (s.a) ölümündə olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Ana can! Bizim salamımızı babamız Məhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq”.
Əli (ə) buyurur: “O zaman göydən bir səs eşitdim ki, deyirdi: Ey Əbul-Həsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini ağlamağa məcbur etdilər.”
Beləliklə, Zeynəb körpə yaşlarında mehriban ana və səmimi dostunu itirdi.
Əkbər Əsədi, Məhdi Rizayi, Həzrət Zeynəbin (s.ə.) həyatı
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.