Zalım və tağutların məhvi

Bismillahir rəhmanir rəhim

 

İlk baxışdan elə görünə bilər ki, yer üzünün zülmdən təmizlənməsi, tağut və zalımların yox edilməsi qeyri-mümkün bir işdir. Çünki ki, yer üzü məzlumların ah-nalələrinə alışmış, zalım kəslərin mövcudluğuna öyrəşmişdir. Zalımların mövcudluğu sanki möhkəm kökə malik xəbis bir ağac kimidir. Hər vaxt onlardan biri aradan gedir, dərhal yerinə  on nəfər başqası bitir.

Lakin Allahu-təala hər bir şey üçün bir hədd təyin etmiş, hər bir iş üçün bir son qərar vermişdir. Buna əsasən də, zülm üçün də bir son qərar vermişdir.

Əmirəl-Möminin (ə)-ın belə buyurduğu nəql edilmişdir: “Allah qəfildən biz Əhli-Beytdən (ə) olan bir şəxslə fərəc bəxş edəcəkdir. Atam qurban olsun kənizlərin ən xeyirlisinin oğluna! O (zalımlarla) yalnız qılıncla davranacaq. O səkkiz ay qılıncını boynundan (çiynindən) asıb onları məhv edəcək”. (Nəhcül-Bəlağə: 2/178)

İmam Baqir (ə) buyurur: “Onun öz babası həzrəti Mustafa (s) ilə oxşarlığı budur ki, (o da babası kimi) qılıncla davranacaq, Allahu-təalanın və Onun Peyğəmbərinin (s) düşmənlərini, zalımları və tağutları öldürəcək. Ona qılıncla və qorxu ilə (düşmənlərinin qəlbinə qorxu salınması ilə) yardım ediləcək. Heç bir bayraq ona qalib gələ bilməyəcək” (Biharul-Ənvar: 51/218).

Əbdül-Əzim Həsənidən nəql edilən digər bir hədisdə isə deyilir: “İmam Cavad (ə) buyurdu: Elə ki, say tamamlandı – ki, bu on mindir – Allahın izni ilə xüruc edəcək. Ta Allahu-təala razı olana qədər Allah düşmənlərini öldürəcək. Dedim: Bəs necə biləcək ki, Allah razıdır? Dedi: Allah qəlbinə rəhmət salacaq”. (həmin mənbə)

Hədislərin birində isə gəlmişdir ki, o həzrətin (ə) zalımlarla bu cür davranmasını (onların qanını çoxlu axıtmasını) gördükdə hətta İmamın (ə) səhabələrindən biri şəkkə düşüb etiraz edəcək. İmam Baqir (ə)-dan nəql edilir ki: “Elə ki, o (ə) Sə`ləbiyyəyə (İraqda yer adıdır) çatacaq, atasının nəslindən olan bir şəxs (bir seyyid) onun yanına gəlib deyəcək..: Bu nədir edirsən?! Sən insanları qoyunlar qorxudulan (hürküdülən) kimi qorxudub hürküdürsən. Görəsən bu etdiyin Allah Rəsulundan (ə) olan bir əhddir (tapşırıqdır), ya nə?! Bu zaman beyət məsələsindən məsul olan şəxs (İmam (ə) üçün beyət alınması işinə nəzarət edən şəxs) ona deyəcək: Sakit ol. Ya sakit olarsan, ya da boynunu vuraram.

Bu vaxt Qaim (ə) deyəcək: Sakit ol, ey filankəs. Bəli, and olsun Allaha ki, mənim yanımda Allah Rəsulundan (s) olan bir əhd vardır. Ey filankəs, sandığı gətir. O şəxs gedib sandığı gətirəcək. Qaim (ə) Allah Rəsulu (s) tərəfdən edilmiş əhdi (tapşırığı) oxuyacaq. Həmin şəxs isə deyəcək: Allah məni sənə fəda etsin! İcazə ver başını öpüm. O başını uzadacaq və həmin şəxs onun gözlərindən öpəcək. Sonra isə deyəcək: Allah məni sənə fəda etsin! Bizimlə beyəti təzələ. O da onlarla olan beyətini təzələyəcək”. (Biharul-Ənvar: 53/343)

(Qeyd: Elə düşünülməməlidir ki, həzrəti Qaim (ə) zühur etdiyi zaman bütün məsələlər heç bir qan tökülmədən və öz-özünə həll olacaq. Xeyr, istər hədislər, istərsə də ağıl bunun əksinə hökm edir. Heç şübhəsiz ki, bir çox hallarda “cərrahiyyə əməliyyatı” keçirmək vacib olur. Bu iş hər nə qədər ağrılı olsa da, son nəticədə daha sağlam və daha yaxşı yaşayışı təmin edir. Bu səbəbdən də həzrəti Qaim (ə) zühur etdiyi zaman yüz və min illər boyu insan toplumunda kök salmış zülm və fəsad xəstəliklərini aradan aparmaqdan ötrü “cərrahiyyə əməliyyatı” aparacaq. Zalım və tağutların məhvindən ibarət olan bu əməliyyat, əsl həqiqətdə cəmiyyətin daha sağlam və daha firavan yaşamasını təmin etmək üçün baş tutacaq.

Lakin, bunu da unutmamalıyıq ki, bir çox hallarda İslam və məzhəb düşmənləri İslamın və məzhəbin adına xələl gətirməkdən ötrü bir sıra batil hədislər uydurmuşlar. Zühur dövründə zalımların kökünün kəsilməsi məsələsi isə bunun üçün bəlkə də ən əlverişli məqamdır. Bu məqamda fitnəkarlar islah və təthir (təmizləmə) hərəkatından istifadə edib batil hədislər uydurmuşlar. Bu hədisləri səhih və doğru olanlardan ayırmaq üçün isə hədislərə sənəd və mətn baxımında nəzər salmaq və bu məsələdə xibrə əhli olmaq lazım gəlir. Müt.)

 

Şeyx Əli əl-Kəvrani, “Asruz-zuhur”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment