Bismillahir rəhmanir rəhim
Şeyx Səduq (r.ə) “Kəmalud-din” əsərində yazır:
Yusif (ə)-ın qeybə çəkilməsinə gəlincə, bu, iyirmi il çəkmişdir. Bu dövr ərzində Yusif (ə) saçlarına yağ sürtməmiş, gözlərinə sürmə çəkməmiş, ətir vurmamış, yaxınlıq etməmişdir. O zamana qədər ki, Allah onunla Yaqub (ə)-ı görüşdürmüş, onunla qardaşlarını, atasını və xalasını bir araya gətirmişdir. Bu iyirmi ilin üç günü quyuda, bir neçə ili zindanda, yerdə qalanı isə hakimiyyət başında keçmişdir. Həzrəti Yusif (ə) Misirdə, Yaqub (ə) isə Fələstində idi və aralarında doqquz günlük məsafə var idi. Həzrət qeybdə olduğu zaman başına bir çox işlər gəlmişdir. Əvvəlcə qardaşları onu öldürmək istəyir, daha sonra onu quyuya atırlar, sonra o həzrəti çox ucuz qiymətə satırlar, həmçinin həzrət (ə) Misirin böyük şəxslərindən birinin xanımı ilə imtahan edilir, daha sonra bir neçə il zindanda qalır, ondan sonra isə Misirin hakimiyyəti onun olur və sonda Allahu-təala onu (atasına və ailəsinə) qovuşdurub yuxusunun yozumunu ona göstərir.
Daha sonra Şeyx Səduq öz sənədi ilə İmam Sadiq (ə)-dan belə rəvayət edir: “Yaqub (ə) bilirdi ki, Yusif sağdır və ölməyib və bilirdi ki, Allah qeybə çəkilməsindən sonra onu aşkara çıxaracaq. Yaqub (ə) öz oğlanlarına deyirdi: “Allah tərəfindən elə şey bilirəm ki, siz bilmirsiniz”. Oğlanları isə onun Yusif barədə dediklərinə inanmırdılar (təkzib edirdilər)”.
Sonra Şeyx Səduq deyir: Hazırkı dövrümüzdə zəmanəmizin qeybdə olan Sahibinə etiqad bəsləyənlərin vəziyyəti Yaqub (ə)-ın vəziyyəti kimidir ki, Yusifin (ə) sağ olduğunu və qeybə çəkildiyini bilirdi. Zəmanəminizin Sahibindən və qeybə çəkilməsindən bixəbər olub onu inkar edənlərin vəziyyəti isə Yusifin qardaşlarının vəziyyətinə bənzəyir. Onların ki, atalarına belə deyirdilər: “Allaha and olsun ki, sən (hələ də) öz köhnə zəlalətindəsən”. Yaqub (ə)-ın “Mən sizə deməmişdim ki, mən Allah tərəfindən sizin bilmədiyinizi bir şeyi bilirəm?” sözü ona dəlalət edir ki, o Yusif (ə)-ın sağ olduğunu və imtahan və sınaqdan ötrü qeybə çəkildiyini bilirmiş.
Sonra Şeyx öz sənədi ilə İmam Sadiq (ə)-dan belə rəvayət edir:
“Həqiqətən də Yusif (ə)-ın başına gələnlərdən biri Qaim (ə) da başına gələcək. (Bura qədər ki, buyurdu:) Yusifin (ə) qardaşları “əsbat” və peyğəmbər övladları idilər. Amma onlar Yusifi satdılar. Halbuki onlar Yusifin, Yusif də onların qardaşı idi. Yusif “Mən Yusifəm, bu da mənim qardaşımdır” deməyənə qədər onlar onu tanımadılar. Bu ümmət nəyi inkar edir ki? Məgər izzət və cəlal sahibi olan Allah nə vaxtsa öz höccətini onlardan gizləməsini iradə edə bilməz? Yusif hökümdar idi və onunla atası arasındakı məsafə on səkkiz günlük bir yol idi[1]. Əgər Allahu-təala onun yerini tanıtdırmaq istəsəydi, heç şübhəsiz bunu edə bilərdi. Allaha and olsun ki, (Yusifin sağ olması) müjdəsi veriləndə Yaqub və oğlanları doqquz günə Misirdə oldular. Bu ümmət izzət və cəlal sahibi olan Allahın Yusifə etdiyini öz Höccətinə də etməsini niyə inkar edir? Belə ki, Allah öz Höccəti üçün də (Yusif (ə) kimi) camaatın arasında gəzib bazarlarında dolaşmasını və onların içərisində addımlamasını, lakin onların onu tanımamasını mümkün edə bilər. Ən sonda isə Yusifə icazə verdiyi kimi ona da icazə verər ki, özünü camaata tanıtsın. Belə ki, Yusif demişdi: “Heç cahil və nadan olduğunuz zaman Yusif və qardaşı ilə nə etdiyinizi bilirsiniz?!” Dedilər: “Yoxsa doğrudan sən özün Yusifsən?!» Dedi: «(Bəli,) mən Yusifəm və bu da mənim qardaşımdır”. (Yusif surəsi, 89-90) (Kəmalud-din: səh.141-145)
“Tərcəmətul-İmamil-Məhdi əleyhis-səlam”, Seyyid Muhsin Əmin
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
[1] Az öncədə qeyd edildiyi kimi bu yolun uzunluğu doqquz günlük bir məsafə qədərində idi. Lakin zahirən belə nəticə çıxır ki, bu və ya digər hədislərdə qeyd edilən (eləcə də Şeyxin özünün əvvəldə qeyd etdiyi) doqquz günlük məsafə qət edilə biləcək ən qısa müddəti bildirir. Başqa sözlə, normal gedişlə on səkkiz günə keçilən bir məsafə, daha sürətlə gedildiyi zaman doqquz günə qət edilir. Bu səbəbdən də bəzi yerlədə on səkkiz gün kimi qeyd edilən məsafə, başqa bir yerdə doqquz gün kimi də qeyd edilmişdir. Bu mənaya hədisin özündə də işarə edilmişdir. Müt.