Bismillahir rəhmanir rəhim
Sual: Bəzi hədislərdə gəldiyinə görə, İmam Zaman (ə) yeni bir din gətirəcək. Görəsən bunu necə başa düşə bilərik?
Cavab: İmamın (ə) yeni bir din gətirməsi məsələsinə gəlincə, bəlkə də bunu iki cür başa düşə bilərik:
Birincisi: Yeni din dedikdə məqsəd İslam dinindən tam fərqli və İslamın təməl prinsiplərinə zidd olan hər hansısa bir dinin gətirilməsi deyil. Əksinə, İslamın zamanla sıradan çıxarılan, unutdurulan və hətta haram və bidət kimi təqdim edilən hökmlərinin bərpa edilməsi və bununla yanaşı dinə sonradan əlavə edilən bidət və inhirafların aradan qaldırılmasıdır. Belə ki, tarix boyu mövcud olan bir sıra amillər nəticəsində Allah Rəsulunun (s.ə.a.s) gətirdiyi hökmlər və sünnələr süni şəkildə aradan çıxarılıb bir kənara atılmış və bunun əvəzində dinə kənar şeylər əlavə edilmişdir. Bu amillərə misal olaraq, xəlifələrin hədisləri yazmağı qadağan etməsini və bunun nəticəsində də bir çox yalançı şəxslərin ortaya çıxıb (şəxsi və məzhəbi mənfəətlər üzündən) yalan hədislər qondarmasını, habelə, müxalif məzhəbin alimlərinin istifadə etdiyi “qiyaslar” və “istihsanlar” nəticəsində dində olmayan şeylərin dinə daxil edilməsini və həmçinin, zalım hakimlərin zülmünü – ki bunun nəticəsində öz həva və şəxsi istəklərinə uyğun olaraq dini hökmlər icad etdirmiş və həqiqi hökmləri sıradan çıxarmışlar – göstərə bilərik.
Buna əsasən, “İmam Məhdi (ə) yeni din gətirəcək” -deyərkən məqsədin, o həzrətin bu kimi təhrifatları aradan qaldırması və həqiqi İslamı ortaya çıxarması olduğunu deyə bilərik.
İkinci: Bir sıra hökmlər vardır ki, Allah Rəsulu (s.ə.a.s) o hökmləri təbliğ etməmiş, onların bütün ümmətə çatdırılmasına göstəriş verməmiş və onları öz xüləfası olan İmamlara (ə) həvalə etmişdir ki, lazımı vaxtda və lazımı şəraitdə onları ümmətə açıqlasınlar. Belə hökmlərin əksəriyyəti isə İmam Məhdi (ə)-ın əli ilə aydınlaşacaq.
Deməli, bu təfsirə əsasən, İmam Məhdi (ə) yeni bir din gətirəcək deyərkən, o həzrətin İslamda olan, lakin, daha öncə bəyan edilməyən yeni hökmləri insanlara açıqlaması nəzərdə tutulur.
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.