Bismillahir rəhmanir rəhim
Sual 6: Əgər Allah dünyanı, insanı və məni yaratmasaydı nə olardı?
İlk öncə məsələyə giriş kimi qeyd edək ki, “yaradılış” İlahi lütflərdən qaynaqlanan bir nemətdir. Əgər yaradılmağa ləyaqəti olan amma yaradılmayan bir şey olsaydı o zaman tənqidə yol açılardı. Çünki məsələyə ağıl və fitrət ilə yanaşdıqda həmişə “olmaq” və “malik olmaq” , “olmamaq” və “malik olmamaq”- dan daha yaxşıdır. İndi isə sualda qeyd edilən hər üç məsələni ayrılıqda müxtəsər formada izah etməyə çalışacağıq:
Birinci. Dünyanın yaradılması İlahinin mütləq səxavət və kamalının ayrılmaz hissəsidir. Yaradılışı həyata keçirtməmək isə paxıllıqdır və İlahi səxavəti inkar edir. Bu isə, Allahın pak zatından uzaq bir şeydir.
İkinci: İlahinin səxavət kamalı, yaradılmağa ləyaqəti olan hər bir şeyin yaradılmasını tələb edir. Buna görə də Allah-taala bitki, cansız, heyvan və mələk -onların hər biri özünün mövcudluq iyerarxiyasına uyğun olaraq məhdud və qeyri – ixtiyari kamal sahibidirlər- ilə yanaşı qeyri- məhdud kamal sahibi, yer və səmaya meyl edən “insan” adlı bir mövcud yaratdı. Bu mövcud öz ixtiyarı ilə aləmin bütün məxluqatından daha yüksəkliyə qalxa bilər və özünün ixtiyari təkamülü ilə İlahi camalın ən böyük təcəssümünə çevrilə bilər. Belə bir mövcudun yaradılması Allahın səxavət kamalının tələbatı, bəlkə yaradılmaq üçün ən layiqli mövcud hesab edilir. Buna görə də Allah-taala hər bir şeyin yaradılışının ona görə olduğunu bildirir.
Üçüncü: Bu suala iki istiqamətdən yanaşaq:
Birincisi əvvəldə də qeyd etdik ki, İlahinin səxavət kamalı yaradılmağa ləyaqəti olan hər bir şeyin yaradılmasını və bu yaradılış üçün paxıllıq göstərməməsini tələb edir. Deməli bizim hər birimiz zati mümkünlük baxımından İlahi səxavətin əldə edilmə qabiliyyətinə malikik. O da öz səxavət tələbi ilə bizi yaratdı. Çünki bizi yaratmaqdan imtina etməsi İlahinin mütləq kamalı ilə uyğun gəlmir.
İkincisi isə varlıq dünyası sistem və səbəbiyyət qanunu əsasındadır. Necə ki, bütün yaradılış dünyası İlahinin yaratdığıdır. Yaradılış dünyasının özünün də daxilində hər bir fenomen öz səbəbinin nəticəsidir.
Üçüncüsü: Əgər hər hansı bir səbəb varsa, onun nəticəsinin olması da zəruridir. Nəticənin özünün tam səbəbindən yayınması qeyri- mümkündür.
Varlıq fenomenləri həmin “səbəbiyyət qanununa” görə xüsusi bir sistem və nizama malikdir. Bir fenomenin mövcudluğu digər yüzlərlə fenomenin mövcudluğundan təsirlənir və digər yüzlərlə fenomenə təsir göstərir. İndi əgər fərz etsək ki, “tam səbəblər mövcud olduğu halda nəticə yaranmır”, o zaman bu səbəb- nəticə qanununun pozulması deməkdir. Buna görə də əgər sizin dünyaya gəlməməyiniz müzakirə obyektidirsə, o zaman sizin mövcudluğunuzun səbəbi də olmamalıdır. Sizin mövcudluq səbəbinizin olmaması isə o halda baş verir ki, onun səbəbi olmasın. Elə bu minvalla minlərlə, milyonlarla və milyardlarla digər fenomen də mövcud olmamalıdır. Bunun zərurəti isə bütün yaradılış sistemində dəyişikliyə və ya ümumiyyətlə yaradılışın tətilinə gətirib çıxaracaqdır. Deməli Allahın hər şeyi yaratması, amma məni yaratmama fərziyyəsi isə puç və xam bir xəyaldır. Fəlsəfi terminlə desək: “dünyadan bir şeyin ixtisara salınması hər şeyin ixtisara salınması deməkdir”.