Bismillahir rəhmanir rəhim
İmam Məhdi (ə)-a yalan nisbət verib səfirlik və naiblik iddiası edən şəxslərdən biri də Muhəmməd ibn Nəsir ən-Nəmiridir.
İbn Nuh deyir: bizə Əbu Nəsr Hibətullah ibn Muhəmməd xəbər verib dedi: “Muhəmməd ibn Nəsir ən-Nəmiri Əba Muhəmməd Həsən ibn Əli (ə)-ın əshabından idi. Əbu Muhəmməd vəfat edincə Əbu Cəfər Muhəmməd ibn Osmanın məqamını iddia edib İmam Zamanın vəkili olduğunu dedi və bablıq iddiası etdi. Lakin Allah izhar etdiyi dinsizlik və cəhl vasitəsilə onu ifşa etdi. Əbu Cəfər Muhəmməd ibn Osman ona lənət oxuyub ondan uzaq olduğunu bildirdi. O, Şəriyidən sonra (ikinci şəxs idi ki,) bu iddianı etdi”.
Əbu Talib əl-Ənbari deyir: Muhəmməd ibn Nəsir öz batil əqidəsini izhar etdikdə Əbu Cəfər (ikinci naib Əbu Cəfər Əmri) –rəziyallahu anh– ona lənət oxuyub ondan təbərrö etdi. Bu xəbər ona çatdıqda qəlbini almaq və üzr istəmək üçün Əbu Cəfərin yanına getdi, lakin Əbu Cəfər ona izin vermədi və onu yanına buraxmayıb qovdu.
Səd ibn Abdullah deyir: Muhəmməd ibn Nəsir ən-Nəmiri rəsul və nəbi olduğunu iddia edirdi və bildirirdi ki, Əli ibn Muhəmməd (Hadi) (ə) onu peyğəmbər olaraq göndərib. O, tənasüxə (ölən şəxsin ruhunun başqa bir diri şəxsə keçməsinə) etiqad edirdi. Əbul-Həsən (ə) haqqında ğüluvv edib onun Allah olduğunu iddia edirdi. Haramların mübah edildiyinə, kişilərin bir-birləri ilə nikah etməsinə.. etiqad edir və iddia edirdi ki, bu iş təvazö və nəfsi alçaltmanın bir növüdür! O deyirdi ki, Allah bunu haram etməmişdir. Muhəmməd ibn Musa ibn Həsən ibn Furat da onu dəstəkləyənlərdən idi.
Səd deyir: Muhəmməd ibn Nəsir (l.ə) ölümünə səbəb olan xəstəliyə tutulduğu zaman ona dedilər: Səndən sonra bu iş kimin öhdəsindədir? O dili topuq vura-vura zəif bir səslə dedi: Əhmədin. Daha bilinmədi hansı Əhmədi deyir. Beləcə ondan sonra üç dəstəyə bölündülər. Bəzisi dedi: oğlu Əhmədi deyib, başqa birisi dedi: Əhməd ibn Musa ibn Furatı deyib, başqa bir dəstə də “Əhməd ibn Əbul-Həsən ibn Bişr ibn Yəzidi deyib” -dedi. Bu şəkildə parçalandılar və bir şey əldə edə bilmədilər.
“Də`vas-səfara”, Şeyx Muhəmməd Sənəd
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.