Yalançı naiblərdən Əbu Tahir ibn Bilal

Bismillahir rəhmanir rəhim

 

Yalandan İmam Məhdi (ə)-ın naibliyini iddia edən şəxslərdən biri də Əbu Tahir Muhəmməd ibn Əli ibn Bilal (l.ə)-dir. Şeyx Tusi (r.ə) “Qeybət” kitabının 248-ci səh.də onun barəsində belə deyir:

Onunla Əbu Cəfər Muhəmməd ibn Osman əl-Əmri (Allah üzünü nurlandırsın) arasında baş tutan əhvalat məşhurdur. O öz yanında olan İmam malını özündə saxlamış və onu təhvil verməkdən imtina etmişdir. Eyni zamanda özünün vəkil olduğunu iddia etmişdir. Bundan sonra camaat (şiələr) ondan uzaqlaşmış və ona lənət oxumuşlar. İmam Sahibəz-Zəman (ə)-dan onun barəsində bir məktub sadir olmuşdur ki, məşhurdur.

Əbu Ğalib əz-Zurari nəql edib deyir: mənə Əbul-Həsən Muhəmməd ibn Muhəmməd ibn Yəhya əl-Məazi nəql edib dedi:

Əshabımızdan olan bir nəfər Əbu Tahir ibn Bilala qoşulmuşdu. Sonradan o bu işindən döndü və yenidən bizlərə qoşuldu. Biz ondan (Əbu Tahirdən uzaqlaşmasının) səbəbini soruşduq, o dedi: Bir gün Əbu Tahir ibn Bilalın yanında idim. Onun yanında qardaşı Əbu Teyyib, İbn Xəzər və öz əshabından olan bir dəstə insan da var idi. Bu zaman xidmətçi içəri daxil olub dedi: Əbu Cəfər əl-Əmri (r.ə) qapıdadır. Camaat buna görə təlaşa düşdülər və baş vermiş vəziyyətə görə onu danladılar. O dedi: Gəlsin. Bundan sonra Əbu Cəfər (r.ə) daxil oldu. Əbu Tahir və camaat ona görə ayağa qalxdılar. O məclisin başında əyləşdi. Əbu Tahir isə onun önündə əyləşdi. O sakit olana kimi onları gözlədi. Sonra dedi: Ey Əbu Tahir, səni and verirəm Allaha (haqqı de), məgər Sahibəz-Zəman (ə) sənə əmr etmədi ki, səndə olan malları mənə verəsən? Dedi: Bəli əmr etdi. Bu zaman Əbu Cəfər məclisi tərk edib getdi. Ortalığa sükut çökdü. Elə ki, bu (çaşqınlıq) onlardan çəkildi, Əbu Tahirin qardaşı Əbu Teyyib ona dedi: Sən Sahibəz-Zəmanı harada görmüsən? Əbu Tahir ona dedi: Əbu Cəfər məni onun evlərindən birinə apardı. O evinin hündür yerindən mənə nəzər saldı və mənə əmr etdi ki, məndə olan malları ona (Əbu Cəfərə) təhvil verim.

Əbu Teyyib ona dedi: Haradan bildin ki, o Sahibəz-Zəmandır (ə)? Dedi: Onun heybəti məni bürüdü və qorxusu qəlbimə düşdü. Beləcə bildim ki, o Sahibəz-Zəmandır (ə).

Bax bu, mənim ondan ayrılmağıma səbəb oldu.

 

“əl-Ğeybə”, Şeyx Əbu Cəfər Tusi

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment