Yalançı naiblər

Bismillahir rəhmanir rəhim 

  Çox qəribədir ki, həzrət İmam Hadi (ə) və həzrət İmam Həsən Əskərinin (ə) bir dəstə səhabəsi öz parlaq keçmişlərinə, tez-tez iki İmamın (ə) hüzurunda olmalarına, onlarla (ə) güclü əlaqələrinin olmasına, onlardan çoxlu hədis eşitmələrinə və hətta bəzilərinin iki imamın birindən və ya hər ikisindən eşitdiyi hədisləri bir kitab halına salmasına baxmayaraq özləri üçün pis aqibət seçmiş, doğru yoldan sapmışlar.

Biz onların azmalarına səbəb olaraq yalnız və yalnız şəxsi mənafe və mənfəətlərini təmin etmək istəmələrini, pul və mal hərisliyini (pul dedikdə o zaman şiələrin İmam Məhdinin (ə.f) naiblərinə göndərdiyi xüms və zəkat kimi şəri haqqlar nəzərdə tutulur) və şan-şöhrət sevgisini.. görürük.

Biz bu şəxslərdən bəzisi barədə qısa şəkildə məlumat veririk:

1. Əbu Muhəmməd Həsən əş-Şəri`i.

İmam Hadi (ə) və İmam Əskərinin (ə) əshabından olub. Lakin sonradan yalan və saxtakarlıq edərək İmam Məhdinin (ə.f) səfiri – naibi olduğunu iddia etmişdir. İmamlara (ə) onlara layiq olmayan şeyləri nisbət vermiş, daha sonra küfr izhar etmişdir. İmam Məhdidən (ə.f) üçüncü naib vasitəsilə gəlib çatan bir məktubda həzrət İmam (ə.f) ona lənət etmiş, ondan uzaq olduğunu bildirmişdir.

2. Muhəmməd bin Nəsir ən-Nümeyri.

İmam Əskərinin (ə) əshabından olub. İmam (ə) vəfat edincə yalan və böhtanla İmam Məhdinin (ə.f) səfiri və naibi olduğunu iddia etmişdir. Lakin Allah onu ifşa etmiş və ikinci naib tərəfdən lənətlənmişdir. Nümeyri həzrət İmam Hadinin (ə) və İmam Əskərinin (ə) Allah olduqlarına etiqad etmiş, özünün İmam Məhdi (ə.f) tərəfdən göndərilən peyğəmbər olduğunu iddia etmişdir. (“Ğeybəti-Tusi”, s.244 )

3. Əhməd bin Hilal əl-Əbərətai. 

Bağdad və Vasit şəhərləri arasında, Nəhrəvan yaxınlığında yerləşən Əbərəta adlı bir kənddən olub. Deyilənə görə İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) səhabələrindən olub. Ömrünün əvvəllərində İmam Əskərinin (ə) güvənilir və xas adamlarından biri olub və İmamlardan (ə) hədis nəql edənlərdən sayılıb.. İyirmi dörd dəfə həcc ziyarətinə gedib və bunun iyirmisini ayaqla gedib.. 

Lakin sonradan azıb yoldan çıxmışdır. İmam Əskəri (ə)-dan onun barəsində çoxlu tənqidlər etdiyi nəql edilmişdir. Onun barəsində gələn bir məktubda deyilir: “Yalançı sufidən özünüzü qoruyun!”. Tam olaraq bu məktubun hansı imamdan; İmam Həsən Əskəridən (ə), ya İmam Məhdi (ə)-dan sadir olduğunu bilmirik.

O, ikinci naibin naibliyini inkar etmiş və özünün naib olduğuna israr etmişdir. Bu səbəbdən də İmam Məhdi (ə.f)-dən onun barəsində bir məktub gəlmiş və burada o lənətlənmişdir.

4. Muhəmməd bin Əli bin Bilal.

Əbu Tahir Muhəmməd bin Əli bin Hilal. Ömrünün əvvəllərində İmam Həsən Əskərinin (ə) yanında güvənilir və etimad edilən bir şəxs idi. Amma sonradan azğınlıqa düşüb yolunu azdı. İmam Məhdinin (ə.f) naibi olduğunu iddia edib ikinci naib Muhəmməd bin Osmanın (r.ə) naibliyini inkar etdi. Nəticədə, aqibəti belə oldu ki, İmam Məhdi (ə.f) tərəfdən lənətləndi..

Təbii ki, yalan və saxtakarlıqla naiblik iddia edən şəxslər yuxarıda adlarını sadaladıqlarımızla bitmir. Biz ixtisara riayət edərək bunlardan sadəcə dördü barədə qısaca məlumat verdik. 

Pis aqibətdən Allaha sığınırıq.

“Əl-İmamul-Məhdi, minəl-məhd iləz-zuhur”, Seyyid Muhəmmədkazim Qəzvini, əlavələrlə

Məqalələrdən istifadə etdikdə zuhuradogru.org saytina keçidli istinad zəruridir.

Leave a Comment