Yalançı Məhdilərin tarixi

Bismillahir Rəhmanir Rəhim

Bildiyimiz kimi, İslamın yaranmasından etibarən və bəlkə də daha öncələrdən bəri insanlar uzun illər boyu bəşəri xilaskarı gözləmiş,yer üzünün zülm və haqsızlıqla dolduğu kimi düzlük və ədalətlə dolmasının intizarında olmuşlar. Digər dinlərdə bu böyük ilahi proqramı həyata keçirən şəxs barədə ümumi məlumat verilsə də, İslam dini bu böyük xilaskar barədə xüsusi söhbət açmışdır. İslam Peyğəmbəri (s) bu şəxsin onun öz itrət və əhli-beytindən olduğunu bildirmiş, onun şəxsi xüsusiyyət və əsil-nəsəbini açıqlamış, onun qiyamı və daşıyacağı roldan danışmışdır. Lakin bütün bu açıq-aşkar əlamətlərə baxmayaraq, bəzi şəxslər həddi aşaraq özlərinin vəd olunan xilaskar-Məhdi olduqlarını iddia etmişlər. Bəziləri bu batil iddianı sadəcə insanları sapdırmaq və onları öz tabeçiliyində saxlamaqdan ötrü etmiş, bəziləri isə öz batil əqidələri səbəbindən şeytanın toruna düşərək belə bir iddia etmişlər.. Müasir dövrdə belə şəxslər xüsusən müxalif məzhəb nümayəndələrinin arasından çıxmışdır. Çünki şiə məktəbinin əqidəsinə əsasən gözlənilən Məhdi yalnız və yalnız Allah Rəsulunun (s) on ikinci xəlifəsi- həzrəti Höccət ibnil-Həsəndir. Əccəlallahu-təala fərəcəhuş-şərif! Biz burada kiçik qeyb dövrünə qədərki müddət ərzində və kiçik qeyb dövründən sonrakı zaman kəsiyində ortaya çıxan məhdəviyyat iddialarının və iddiaçılarının bir qisminin adlarını sadalamağa çalışacağıq. Qeyd edək ki, Məhdəviyyat məsələsi barəsində ortaya atılan ilk şübhə Müaviyə ibn Əbu Süfyan tərəfindən həyata keçirilib. Belə ki, Müaviyə demişdir: “Siz iddia edirsiniz ki, sizin Haşimi bir hakimiyyətiniz və qiyam edən bir Məhdiniz olacaq, halbuki, (hədislərdə deyilən həmin) Məhdi İsa ibn Məryəmdir! Bu iş (yəni, hakimiyyət) bizimdir. Ta ki, biz onu ona (İsaya) verəcəyik!” (Mucəmul-məvzui, Şeyx Kurani, 224) Ondan sonra isə bir çox cərəyanlar və məhdəviyyat iddiaçıları ortaya çıxdı ki, bunları da belə sıralaya bilərik:

(Kiçik qeyb dövrünədək:)

-“Səbiyyə”lər İmam Əlinin (ə) Məhdi olduğunu dedilər;

-“Keysaniyyə”lər Muhəmməd ibn Hənəfiyyənin və oğlu Abdullahın Məhdi olduğunu dedilər; 

-“Həsənilər” Muhəmməd ibn Abdullah ibn Həsən Müsənnanın Məhdi olduğunu dedilər;

-“Abbasilər” Muhəmməd ibn Abdullah Abbasinin Məhdi olduğunu dedilər;

-“Navusiyyə”lər İmam Sadiq (ə)-ın Məhdi olduğunu dedilər;

-“İsmailiyyə”lər İsmail ibn İmam Sadiqin (ə) Məhdi olduğunu dedilər;

-“Fəthiyyə”lər Abdullah Əftəhin imam olduğunu və onun oğlu Muhəmməd ibn Abdullah Əftəhin Məhdi olduğunu dedilər;

-“Vaqifiyyə”lər İmam Kazım (ə)-ın Məhdi olduğunu dedilər;

-“Muhəmmədiyyə” İmam Hadi (ə)-ın oğlu Muhəmmədin Məhdi olduğunu dedilər;

-Digər bir dəstənin nümayəndələri isə İmam Həsən Əsgəri (ə)-ın Məhdi olduğunu dedilər.

Böyük qeyb dövründə isə olduqca çoxlu şəxs məhdəviyyat iddiasında olmuşdur. Burada onların hamısının adlarını sadalamaq mümkün deyil. Bu səbəbdən də biz, belə şəxslərdən çox cüzi bir hissəsinin  və ən məşhurlarının adını qeyd etməklə kifayətlənirik.

-Ubeydullah Məhdi, 297-ci hicri ilində Afrikada ortaya çıxaraq Məhdi olduğunu elan etmiş və məşhur Fatimilər dövlətinin əsasını qoymuşdur;

-Muhəmməd ibn Abdullah ibn Tumrət Ələvi Həsəni: Məhdi Hərəği, 497-ci hicri ilində ortaya çıxmış və Afrikada “Müvəhhidun” dövlətini qurmuşdur;

-Nasir Lidinillah, Abbasi xəlifələrindəndir, 550-ci h. ildə doğulub;

-Abbas Fatimi, 690-700-cü hicri illərində Ğəmazədə ortaya çıxıb;

-İshaq Səbəta, Osmanlıda, 986-cı hicri ilində sultan IV Mehmetin zamanında ortaya çıxıb;

-Muhəmməd Əhməd, 1260-cı h. ilində Sudanda qiyam etmişdir;

-Əhməd ibn Əhməd Kəyyal, məhdəviyyat iddiası edib və “Kəyyaliyyə” firqəsinin əsasını qoyub;

-Məhdi Təhamə, 1224-cü hicri ilində Yəməndə ortaya çıxıb;

-Əhməd ibn Muhəmməd Barili, “Vəhhabi Məhdi” deyə adlanıb, 1224-cü hicri ilində Hindistanın Barili şəhərində doğulub;

-Mirzə Qulam Əhməd Qadiyani, 1826-cı miladi ilində Hindistanın Pəncab əyalətində ortaya çıxıb;

-Muhəmməd Məhdi Sənusi, miladi 19-cu əsrin ortalarında Afrikada ortaya çıxıb;

-“Bab” Əli Muhəmməd Şiraz, məhdilik və allahlıq iddiası edib, 1256 hicri ilində İranda edam edilib, məşhur Bəhai təriqətinin banisidir;

-Seneqallı Mehdi,1828 miladi ilində Seneqalda ortaya çıxıb;

-Somalili Mehdi, 1899-cu ildə məhdəviyyat iddiası edib;

-Məhdi Qəhtani,1979-cu ildə Səudiyyə Ərəbistanından ortaya çıxıb;

-Məhdi Ləhidi, 1991-ci ildə Küveytdə ortaya çıxıb;

-Muhəmməd Əbdünnəbi Üveys 2000-ci ildə Misirdə ortaya çıxıb;

-Atif Muhəmməd Həsəneyn, 2003-cü ildə Misirdə ortaya çıxıb;

-Nəbil Əbdül-Qadir Əkbər, 2005-ci ildə Səudiyyədə ortaya çıxıb;

-Ziya Kazim Əbdüz-zəhrə Kəravi, 2007-ci ildə İraqda ortaya çıxmışdır;

-Əhməd ibn İsmayıl, İraqda ortaya çıxmışdlr, ilk öncə özünün 1420-ci hicri ilində İmam Məhdi (ə) ilə görüşdüyün iddia etdi, daha sonra özünü İmam Məhdinin (ə) övladı, sonra bəzi hədislərdə gələn “on iki məhdidən” birincisi, sonra Yəmani, sonra Allahın yer üzərində höccəti və ən sonda da on üçüncü İmam və məsum elan etdi!!

  

Tədqiqatda Müctəba Sadatın “Nurul-ğaib” kitabından istifadə olunub

Tədqiq: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment