Yəmaninin vətəni haradır?

Bismilləhir-rahmənir-rahim

Məsum İmamların (ə) zamanından ta bu günümüzədək şiələr rəvayətlərdə adı çəkilən Yəmaninin Yəməndən olan bir şəxs olması barədə şübhə etməmişlər. Lakin təəssüflər olsun ki, müasir dövrdə Əhməd İsmayıl əl-Bəsri kimi yalançılar ortaya çıxaraq bu məsələ barədə şəkk ortaya atmış, avam camaatın məlumatsızlığından sui-istifadə etmişlər. Əhməd İsmayıl İraqın Bəsrə şəhərindən olmasına baxmayaraq hədislərdə adı çəkilən “Yəmani” olduğunu iddia etmişdir. O, Yəmaninin Yəməndən çıxamayacağını demişdir. Onun bu batil iddiasına geniş və ətraflı şəkildə cavablar verilsə də biz burada “Yəmani” nisbəsinin “Yəməndən olan şəxs” anlamına gəlməsinin isbatına dair yığcam şəkildə bir neçə məsələ qeyd edirik:

Birinci: “Yəmani” deyilərkən bu sözdən başa düşülən ilk və əsas məna “Yəmənli şəxs” mənasıdır. Hətta “Yəmani” deyilərkən zehnə bu mənadan fərqli bir məna gəmir. Bunu inadkar şəxsdən başqa heç kəs inkar etməz. Ərəb dilində iraqlı olan bir şəxsə əsla “Yəmani” (yəmənli) deyilməz. Əlbəttə, əgər bununla məcazi məna nəzərdə tutulmuş olsa, o zaman deyilə bilər. Məsələn, əgər Yəmədən olan bir şəxs çox uzun müddət İraqda yaşayarsa və artıq iraqlı olarsa, o zaman ona məcazi olaraq “Yəmani” deyilə bilər (çünki əsli Yəməndəndir). Lakin belə olduğu təqdirdə ortada “yəmani” sözünün məcazi mənada işlədildiyinə işarə edən bir dəlil olmalıdır. Əgər bu dəlil olmasa iraqlı olan bir şəxsə əsla “yəmənli” deyilə bilməz. Belə bir şey ərəb dilinin qayda-qanunlarına ziddir. Pak İmamlardan  (ə) bu cür bir xəta sadir ola bilməz. Bu səbəbdən də İmamların (ə) “Yəmani” deyərkən “iraqlı” nəzərdə tutduqlarını isbat edəcək dəlil təqdim edilməlidir. Belə bir dəlildən isə əsər-əlamət yoxdur. (Bunu daha sadə misalla belə izah edə bilərik: fərz edək ki, hədislərdə “filan vaxtda Bakılı zühur edəcək” deyilmişdir. Məlumdur ki, kimsə çıxıb: “Bakılı deyərkən Gəncəli şəxs nəzərdə tutulmuşdu”, – deyə bilməz. Belə bir şey yalnız “Bakılı” sözünün məcazi mənada işlədildiyi sübuta yetirildiyi təqdirdə ola bilər. Bunun üçün isə qarşı tərəf dəlil gətirməlidir. Əgər dəlil gətirə bilməsə, o zaman Bakılı sözü əsla “Gəncəli şəxs” mənasına aid edilə bilməz. Əks halda hərc-mərclik yaranar. Başqa bir şəxs də ortaya çıxıb: “Bununla Şəkili nəzərdə tutulmuşdur”, – deyər, bir başqası da: “Bununla Qubalı nəzərdə tutulmuşdur”, – deyər. (Müt.)). Qeyd etdiyimiz kimi, Əhməd İsmayılın əlində Yəmaninin adının məcazi mənada Yəmənə nisbət verildiyini isbat edəcək bircə dəlil belə yoxdur.

İkinci: Əhməd İsmayıl əl-Bəsrinin ardıcılları bu məqamda çətin vəziyyətə düşdüklərini görüncə yeni çıxış yolları axtarmağa başlamışlar. Belə ki, onlar “Yəmani” sözünün “Yəmən” sözündən deyil, “yumn” – “bərəkət” sözündən düzələ biləcəyini iddia etmişlər. Lakin bu da batil sözdür. Çünki ərəb dilində nisbi sifətlərin qiyasi model üzrə düzəlmə qaydasına əsasən “yumn” sözünün nisbi sifət forması “yəmani” yox, “yumni”-dir! Nisbi sifət olarkən qiyasi modellə düzəlməyən bütün isimlər isə səmai modellə düzəlirlər. Səmai modellə nisbi sifət olan isimləri də dilçi alimlər tək-tək qeyd etmişlər. Mən məşhur dilçilik kitablarında “yumn” sözünün səmai modellə nisbi sifətinin “yəmani” olduğuna rast gəlməmişəm. Buna əsasən, “yumn” sözünün istər qiyasi, istərsə də səmai model üzrə nisbi sifət forması “yəmani” ola bilməz.

Üçüncü: Onlar üçüncü bir ehtimal da ortaya atmışlar. Həmin ehtimala görə “Yəmani” sözünün kökü “yəmin” – “sağ tərəf” və “sağ əl” sözüdür. Bu mənada ki, Yəmani İmam Məhdi (ə)-ın sağ əli olacaq, yaxud Yəmani səxavətli və əliaçıq olacaq (çünki adətən əta və bəxşiş sağ əllə verilir, bu səbəbdən də “sağ əl” əliaçıqlıq və səxavət rəmzidir (müt.).). Lakin bu ehtimal da öncəki kimi batil və əsassızdır. Çünki ərəb dilində “yəmin” sözünün nisbi sifət forması “yəmini”-dir, nəinki “yəmani”. Ərəb dilində əliaçıq şəxsə “yəmani” deyilməz.

Buna əsasən bu ehtimalların hamısı batildir. Yəmani sözünü onun zahiri mənasına aid etməliyik. Onun məcazi mənada işləndiyinə dəlalət edəcək bircə dəlil belə olmadığından bu söz yalnız və yalnız zahiri mənasına aid edilə bilər. Əgər biz zühur öncəsi çıxacaq bütün şəxslər üçün bu üslubu tətbiq etsək; bütün yer, insan və məkan adlarını, habelə ləqəbləri bu şəkildə yozsaq, o zaman daş üstə daş qalmaz. Zühur öncəsi hadisələrdən bəhs edən rəvayətlərdə gələn Xorasani, Süfyani, Şam, İraq, Kufə, Məkkə, Cəzirə, Furat (Fərat), qoşun, bayraqlar, türklər, rumlular və s. bu kimi adları onların zahiri mənalarından çox uzaq olan mənalara aid etmək olar. Lakin məlum məsələdir ki, bu iş səhih və düzgün elmi üsluba ziddir. Əgər biz “Yəmani Yəməndən deyil, Xorasani Xorasandan deyil, Süfyani Əbu Süfyanın nəslindən deyil, Qirqisiya tam fərqli bir yerdir, Cəzirə Ərəbistan yarımadasıdır, Fəratdan məqsəd Fərat çayı deyil şirin sulu başqa bir çaydır, türklərdən məqsəd indiki türklər deyil, sifətcə onlara oxşayan amerikalılardır, türklərin əmi oğlanlarından məqsəd də ingilislərdir” və s. bu kimi ehtimal və yozumlar etsək, o zaman zühur əlamətləri öz həqiqi mənalarını itirmiş olacaq. Belə olunca bu əlamətlərdə heç bir fayda qalmamış olacaq. Rəvayətlərə bu şəkildə nəzər salmaq oxucunu həqiqətdən olduqca uzaqlaşdırır. Ortaya atılan onlarla ehtimal səbəbindən oxucu hadisələri bir-birindən fərqləndirə bilmir, nəyin həqiqi, nəyin məcazi olduğunu başa düşmür. Görəsən bu hədislər deyilərkən hər kəs onu öz şəxsi istəyi ilə təvil etsin deyəmi deyilmişdir?! Əgər elə olsa, o zaman bu rəvayətlərin nə kimi faydası olacaq?! Elə isə rəvayətləri – onların həqiqi mənada olmadığına dəlalət edən bir dəlil olmadığı müddətcə – öz zahiri-həqiqi mənalarına aid etməliyik.

“Əhdər-rayat”, Şeyx Əli Ali-Muhsin

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment