Yəmani və Qaim eyni şəxsdir?

Bismilləhir-rahmənir-rahim

İmperialist qüvvələrin ortalığa çıxardığı Əhməd İsmayılın iddialarından biri də onun özünün hədislərdə gələn “Ali-Muhəmmədin Qaimi” olduğunu deməsidir. Əhməd İsmayıl özünü “13-cü imam”, “məhdi”, “İmam Zamanın elçisi”, “Yəmani” və s. bu kimi ünvanlarla vəsf etdikdən sonra, bu qədəri ilə kifayətlənməyib hədislərdə gələn Qaimin də məhz özü olduğunu iddia etmişdir. Bəli, həm hədislərdəki Qaimdir, həm Yəmanidir, həm 13-cü imamdır, həm, həm.. İstər səhih və mötəbər hədislərə, istər 12 imam məzhəbinin etiqadına, istər şiələrin əvvəl gündən ta bu günədək etdikləri icmanın ziddinə olan bu iddianın (və iddiaların) batilliyi gün kimi aşkardır. Azacıq din bilgisi olan sadə şiə belə “Qaim” ləqəbinin 12-ci imam həzrət İmam Məhdi Höccət ibnil-Həsənin (ə.f) ləqəbi olduğunu bilir. Bununla bağlı “əl-Kafi”, “Qeybəti-Tusi”, “Qeybəti-Numani”, “Kəmaluddin”, “əl-İrşad” və s. digər kitablara müraciət edə bilərsiniz. Biz burada Əhməd İsmayılın tərəfdarlarından birinin bu mövzuda ortaya atdığı “dəlil”i icmali şəkildə müzakirə edəcəyik.

İddia: İddiaçı “Qaim (ə)-ın bayrağından öncə qalxan bütün bayraqların sahibi tağutdur” (Biharul-Ənvar: 25/114, hədis 15) hədisini dəlil göstərərək demişdir ki, hədisdə Qaimin bayrağından öncə qalxan bayraqların sahiblərinin – istisnasız olaraq – tağut olduğu bildirilmişdir. Bununla yanaşı, biz hədislərə əsasən bilirik ki, İmam Məhdidən (ə) öncə Yəmaninin bayrağı ortaya çıxacaq. Hədislər Yəmaninin bayrağının hidayət bayrağı olduğunu, hətta ən doğru yolda olan bayraq olduğunu bildirmişdir.

Belə olduğu təqdirdə Yəmani hədisiylə yuxarıdakı hədis arasında ziddiyyət yaranır. Belə ki, əgər “Qaim”dən məqsəd İmam Höccətibnil-Həsən Məhdi (ə)-dırsa, onda gərək onun bayrağından qabaq ortaya çıxan bayraqlar zəlalət bayrağı olsun. Yəmaninin bayrağı da ondan qabaq ortaya çıxacaq. Deməli, Yəmaninin bayrağı tağut bayrağıdır. Bu isə batil sözdür. Deməli, bundan belə başa düşürük ki, hədislərdəki “Qaim”dən məqsəd İmam Höccət ibnil-Həsən (ə) deyil, əksinə, məhz Yəmanidir! Əks halda, iki rəvayət arasında ziddiyyət yaranacaq.

Buna əsasən, hədisdə “Qaim (ə)-ın bayrağından öncə qalxan bütün bayraqların sahibi tağutdur”, deyilərkən, əslində “Yəmaninin bayrağından öncə qalxan bütün bayraqların sahibi tağutdur” mənası nəzərdə tutulmuşdur. Deməli, Əhməd Həsən həm Yəmanidir, həm də Qaimdir. 

Cavab: “Tağut” hədisi təkcə Əhməd İsmayıl və tərəfdarları tərəfindən deyil, başqa şəxslər tərəfindən də sui-istifadə edilmiş, yanlış başa düşülmüşdür. Qeyd edək ki, Əhməd İsmayıl və ardıcıllarının yuxarıda qurduqları məntiqi fikir tamamilə batildir. Çünki onlar fikirlərinin müqəddimlərini yanlış qurmuşlar. Biz bunu “yanılmaq” deyil, “yanıltmaq” adlandırırıq. Çünki Əhməd İsmayıl və ardıcılları hədisin hansı mənaya gəldiyini gözəl bilirlər. Lakin insanları zəlalətə salmaq üçün yanlış müqəddimələr qurmuş, ardınca yanlış nəticələr çıxarmışlar.

Deyilən fikirlərin batilliyini iki nöqtəni izah etdikdən sonra daha aydın başa düşmək olar:

1-Əvvəla hədisdə Qaimin bayrağından öncə qalxan bütün bayraqlar istisnasız olaraq tağut bayrağı hesab edilməmişdir. Bu, batil sözdür. Görəsən, necə ola bilər ki, məsum imam Qaimin bayrağından öncə haqq uğrunda qalxan bayraqları tağut bayrağı adlandırsın?! Görəsən necə ola bilər ki, haqq uğrunda qiyam edən, Allahın dini yolunda cihad edən şəxs tağut sayılsın?!

Hədisdə həzrət Qaimin (ə.f) qiyamından öncə haqq uğrunda qalxan bayraqlar deyil, onun qiyamından öncə zəlalət uğrunda qalxan bayraqlar (məsələn, Əhməd İsmayılın bayrağı kimi) tağut bayrağı hesab edilmişdir. Bunu “əl-Kafi” kitabında gələn aşağıdakı hədis də dəstəkləyir. Belə ki, İmam Baqir (ə)-ın belə buyurduğu nəql edilmişdir:

“Dəccal ortaya çıxanadək hər kəs (insanları özünə) tərəf çağırsa, mütləq özünə beyət edən şəxslər tapacaq. Kim zəlalət bayrağı qaldırarsa, o bayrağın sahibi tağutdur” (“əl-Kafi”: c.8, səh.296).

Deməli, Dəccalın ortaya çıxdığı zamanadək, başqa sözlə, İmam Məhdi (ə)-ın zühurunadək, (çünki Dəccal İmam Məhdi (ə)-dan azacıq əvvəl ortaya çıxacaq) kim zəlalət bayrağı qaldırsa, həmin şəxs tağut, onun qaldırdığı bayraq da tağut bayrağıdır. Bu hədis öncəki hədisin mənasını açıqlayır. Öncəki hədis daha ümumi mənada, bu hədis isə daha xüsusi mənadadır. Bu hədis göstərir ki, yuxarıdakı hədisdən məqsəd haqq uğrunda qalxan bayraqlar deyil, batil və zəlalət uğrunda qalxan bayraqlardır. Deməli, Əhməd İsmayıl və ardıcıllarının birinci müqəddimələri batil olur.

2-Hədislərdə Qaimin qiyamından qabaq Xorasaninin və digər müsbət şəxslərin bayrağının da qalxacağı bildirilmişdir. Məlumdur ki, Xorasaninin bayrağı haqq bayrağıdır. Əgər Qaimin qiyamından qabaq qalxacaq bütün bayraqlar tağut bayrağı olsaydı, onda Xorasaninin bayrağı da tağut bayrağı olardı. Halbuki, hədislər bunun tam əksini söyləyir, hədislər Xorasaninin İmam Məhdi (ə)-ın dostlarından hesab edərək onun bayrağını ən üstün bayraqlardan hesab edir. Deməli, Əhməd İsmayıl və ardıcıllarının ikinci müqəddimələri də batil olur. Çünki Qaimin qiyamından qabaq təkcə Yəmani deyil, başqa müsbət şəxslərin də bayraq qaldıracağı bildirilmişdir. Yəmani ilə yanaşı onların bayraqları da haqq bayraq hesab edilmişdir.

Nəticə: Yəmani hədisi ilə tağut hədisi arasında heç bir ziddiyyət yoxdur. Əhməd İsmayıl və onun ardıcıllarının əldə etdikləri nəticə tamamilə batildir. Çünki onlar əvvəla hədisi bütün bayraqlara şamil etmişlər, ikincisi Qaimin qiyamından qabaq yalnız Yəmaninin bayrağının haqq yolda olacağını demişlər. Bu sözlərin batilliklərini isə gün kmi aşkardır. Çünki:

1-Hədis haqq bayraqlarına şamil olmur;

2-Yəmanidən başqa da haqq bayraqları olacaq.

Əgər biz məsələyə Əhməd İsmayılın məntiqi ilə yanaşsaq, onda Xorasani də Qaim olmalıdır. Çünki o da müsbət şəxsiyyətdir, onun da Qaimdən öncə qiyam edəcəyi bildirilib, onun da haqq yolda olacağı deyilib. Əhməd İsmayılın məntiqinə əsasən, tağut hədisi ilə ziddiyyət yaranmasın deyə Xorasaniyə də “Qaim” deməliyik! Görəsən, Əhməd İsmayıl və ardıcılları bunu qəbul edəcəklər?

Yəmani sadəcə bir hərbi rəhbərdir. O, yer üzünü ədalət və düzlüklə dolduracaq həzrət Qaimin – İmam Məhdi (ə)-ın zühuruna yaxın bir zamanda ortaya çıxacaq. Əhli-Beyt (ə) hədislərinə nəzər salan şəxs onun İmam Məhdi (ə)-a yardım edəcək, onun zühuruna zəmin yaradacaq, Yəməndən çıxacaq bir şəxs olacağını görə bilər. Qaim (ə) isə 12-ci imam həzrət Muhəmməd ibn Həsən əl-Əsgəri (ə)-dır. Bunun üçün hədislərdən uzun-uzadı dəlillər göstərməyə lüzum görmürük. Biz sadəcə bir hədis qeyd etməklə kifayətlənirik. Şeyx Səduq Səqr ibn Əbi Dəlfdən belə nəql etmişdir:

Ona (İmam Muhəmməd Təqi (ə)-a) dedim: “Ey Allah Rəsulunun övladı, bəs Həsəndən (İmam Həsən Əsgəridən (ə)) sonra imam kim olacaq?”. Bunu demişdim ki, həzrət möhkəm ağladı. Daha sonra buyurdu: “Həsəndən sonra (imam) onun oğlu Qaim bil-haqq Müntəzərdir.” Dedim: Ey Allah Rəsulunun övladı, nə üçün “Qaim” adlandırılıb? Buyurdu: Çünki o xatirəsi unudulduqdan və onun imamlığına etiqad edənlərin bir çoxunun mürtədd olmasından sonra qiyam edəcək. Dedim: Bəs “Müntəzər” niyə adlanıb. Buyurdu: Çünki o çox uzun müddət qeybə çəkiləcək (bu zaman) müxlis şəxslər onun aşakara çıxmasını gözləyəcək, şübhəyə düşənlər isə onu inkar edəcəklər. İnkarçılar isə onun barəsində istehza edəcəklər (onu lağa qoyacaqlar). O qeybdə olduğu zaman (onun zühuru üçün) vaxt təyin edənlər yalan deyərlər, (zühur barəsində) tələskənlik edənlər həlak olarlar, təlsim olanlar isə nicat taparlar”. (Kəmalud-din, 378/3, İlamul-vəra, 409, Biharul-Ənvar, 51, 30/4)

Deməli, hədislərdəki Qaim elə həzrət Höccət-ibnil-Həsən (ə)-dır.

Tədqiq: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment