Bismillahir rəhmanir rəhim
Sual 4: Xümsün fəlsəfəsi nədir?
Deyəcəklərimiz kitab və sünnədən öyrəndiklərimiz əsasındadır. Xümsün bizim bilmədiyimiz bir çox səbəb və hikmətləri ola bilər:
1. Şübhəsiz ki, İslam təkcə əxlaqi, fəlsəfi və ya etiqadi bir məktəb kimi zühur etməmişdir. İslam bütün maddi və mənəvi ehtiyaclar nəzərə alınmış ictimai bir din olaraq zühur etdi. Bu məktəb peyğəmbər dövründə hökumət təsis olunan vaxtdan vardı. Hökumətin idarəsi üçün nizamlı və yetərli təminat mənbəsi lazım idi. Bununla da İslami hökumət təşkili sayəsində cəmiyyətin imkansızlarına, xəstələrinə, himayəsizlərinə, əlillərinə və yetimlərinə kömək edib iqtisadi boşluğu doldurmaq olardı. Allah-təala zəkat ayəsini nazil etməklə sonsuz rəhmət və yardım əlini peyğəmbərə uzatdı. O, zəkatı vacib etməklə bu çatışmazlıq və nöqsanı aradan qaldırdı. Zəkat bütün İslam cəmiyyətinə məxsus olan büdcələrdəndir. Zəkat Bəni-Haşimə (seyidlərə) yox, qeyd olunanlara çatır. Lakin hökumət başçısı olaraq imamın da təmin olunası xərcləri vardır. İslam quruluşunun inkişafı və cəmiyyətin idarəsi üçün ona böyük büdcə lazımdır. Bu məqsədlə, xüms vermək imkanlı şəxslər üçün vacib olub. Xüms rəvayətlərdə hökumət vergisi kimi qeyd olunub.
2. Allah-təala İslam peyğəmbərinin izzət və kəramətini qoruyaraq Bəni-Haşim və onun yaxınlarından olan fəqirlərin təmin olunması üçün xümsü vacib etdi. Allah onların səhmini Özü və peyğəmbərin səhminə yaxın bildi. Bununla da onların təhqir olunması üçün yaranmış zəmin aradan götürüldü. Bəzi şəxslərin fəqirlərə zəkat verərkən özlərini üstün, qarşı tərəfi isə alçalmış hiss etmələri mümkündür. Hansı ki, xüms və “vəchül-imarə” adlanan verginin ödənməsində məsələ tam əksinədir. Burada xümsü alan şəxs üstün hesab olunur.
3. Xüms elə bir büdcədir ki, imam nəzərdə tutduğu xeyir işləri bu büdcə vasitəsi ilə nəzərdən keçirir və onu lazım bildiyi istiqamətlərdə sərf edir. (“Allaha məxsus olan (xüms) peyğəmbər üçündür. Peyğəmbər onu istədiyi yerlərdə sərf edir.”
4. Xüms insanın kamilliyi və inkişafı üçün vasitədir. Hər bir şəxs vəzifələrini yerinə yetirməklə kamillik mərhələlərini keçir. İnsan Allaha yaxınlıq məqsədi ilə və dünyaya arxa çevirməklə vəzifəsini yerinə yetirir, günahlarını təmizləyir və kamilliyə doğru hərəkət edir (İmam Rzanın (ə) öz yaxınlarından birinə yazdığı məktubda deyilir: “Xüms ödəmək insanın ruzi əldə etmək və günahlarının bağışlanma səbəbidir.”
5. Bu məktəbin əsas hədəfi olan ilahi dinin dirçəlişi və İslam hökumətinin qurulması üçün zəkat büdcəsindən əlavə müstəqil bir büdcə lazımdır. İlahi ədalət hökumətinin qurulmasına doğru olan bir inqilabın xərclərinin təmin olunması üçün xüms çox böyük sərvətdir. Həmin məktubda deyilir: “Xüms bizim Allahın dininə yardımımızdır.”
Hüzur və qeyb dövründə şiə məktəbi xüms üzərində möhkəmlənmişdir. Xüms Əhli-beyt və onların ardıcılları olan alimlərə zalım rejim qarşısında möhkəm dayanmaq üçün qüvvə verdi.
Seyid Müctəba Hüseyni, Xümsün hökmləri
Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.