Bismillahir Rəhmanir Rəhim
Sual 1: Xümsün əhəmiyyətini bəyan edin.
“Xüms” İslamın vacib hökmlərindən biridir. Quran xümsün əhəmiyyətini bəyan edərkən onu imanla əlaqələndirmişdir: “Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün bəndəmizə nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolçularındır. Allah hər şeyə qadirdir!”
Xüms və cihad iman əsilli iki prinsipdir. Bu iki hökmə əməl var-dövlət toplamaq həvəsi ilə mübarizə, nəfsi aldadıcı dünya görüntüləri və tamahkarlıqdan qorumaqla gerçəkləşir. Allah xümsü ehtiram olaraq peyğəmbər və onun övladlarına məxsus etmişdir.
Həzrət Baqir (ə) buyurub: “Bizim haqqımızı ödəmədikdə heç bir kəs üçün üzərinə xüms gəlmiş malı yemək caiz deyil.”
İmran ibn Musa deyir: Xüms ayəsini həzrətə oxudum. O buyurdu: “Allaha məxsus hər bir şey peyğəmbərə çatır. Peyğəmbərə məxsus şeylər isə bizə (Əhli-beytə (ə)) çatacaqdır.” Sonra dedi: “Allah möminlərə verdiyi ruzini beş qismə bölüb. Bir qismini Allah yolunda infaq etsinlər, dörd qismini isə halallıqla yesinlər…” Bu göstərişlərə əməl etmək çətindir. Yalnız iman yolunda Allahın imtahan etdiyi şəxslər bu göstərişlərə əməl edib, çətinliklərə səbr edirlər.
Xümsün zərurilik dəlili
Sual 2: Xümsün (xüsusi ilə qazanc xümsünün) zərurilik dəlili nədir?
İslamda mühüm maliyyə vacibatlarından biri də xümsdür. Xüms əməli hökmlər (fürui-din) və ibadətlərdən sayılır. Beləliklə, xüms (Allaha) yaxınlıq məqsədi ilə verilməlidir. Bütün İslam məzhəbləri (şiə və sünni) xümsün zərurilik prinsipində yekdildirlər. İxtilaf yalnız xümsün hansı hallarda vacib olması və nəyə sərf olunması məsələsindədir. Sünnə əhlinin əksər hissəsi xümsün yalnız döyüş qənimətləri və xəzinəyə vacib olduğuna inanırlar. Şiə fəqihləri isə xümsün yeddi şeyə vacib olduğunu qəbul edirlər: Döyüş qənimətləri; dəniz və çaylara batmaqla əldə olunan qiymətli əşyalar; xəzinə; mədən; ticarət gəliri; harama qatışmış halal mal; “zimmi” kafirin müsəlmandan aldığı torpaq. Əvvəlki beş qismdə şiə fəqihləri yekdildirlər. Sonuncu iki qism isə onların məşhur nəzəridir. Araşdırılmaqda olan hazırkı mövzu qazanc xümsü məsələsidir. Allah-təala buyurur: “Bilin ki, ələ keçirtdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolçularındır.” Şiə fəqihlərinin fikrincə xüms ayəsi kimi tanınan bu ayə yalnız döyüş qənimətlərinə xümsün vacib olmasını göstərmir. Onların fikrincə ayədə hər növ qazanc nəzərdə tutulur. “Qənimət” sözü lüğətdə geniş məna daşıyır. İnsanın əldə etdiyi hər bir fayda və qazanc qənimət adlanır.
Savaş qəniməti və ticarət gəliri ayənin nəzərdə tutduğu qənimətlərdəndir. Ayənin nazil olma şəni döyüş qənimətlərinə aiddir. Lakin heç zaman ayənin nazil olma şəni bir şeyə məxsus olmur. Ayəni nazil olma şəni ilə məhdudlaşdırmaq olmaz. Həzrət ayətullah Bürucerdinin dərslərində belə bildirilir:
«Həqiqətdə ayə xüsusi hal üçün nazil olmuşdur. Lakin ayə heç zaman xüsusi halla məhdudlaşmır. Savaş qənimətlərindən başqa şeylərdə xümsün olmasını inkar edən sünnə əhli də ayənin nazil olma şənini xüsusi və məhdudlaşmış hesab etmirlər. Bədr döyüşündə nazil olmasına baxmayaraq, onlar ayəni bütün döyüşlərə aid edirlər. Ayənin nazil olma şəni xüsusi halla məhdudlaşırsa onu yalnız Bədr döyüşünə aid etməlidirlər.»
Əli ibn Məhziyarın səhihi kimi tanınmış mötəbər bir rəvayətdə imam Cavad ayədəki qənimət sözünü geniş mənalandırmışdı. İmam bu sözü əldə olunan qazanc kimi təfsir etmişdir.
Bu hədisdə imam “fəvaid” sözünü “qənaim” sözü ilə yanaşı işlədib, onları ayənin ünvanı kimi göstərmişdir. “Fəvaid” (faydalar) dedikdə insanın əldə etdiyi hər növ gəlir nəzərdə tutulur. Deyilənlərdən aydın olur ki, Quranda bütün gəlirlər nəzərdə tutulur və gəlir xümsü vacib sayılır. İmam da ayənin geniş məna daşıdığını bildirmiş və onu bizim üçün aydınlaşdırmışdır. Bütün deyilənləri qəbul etməyib, ayəni döyüş qənimətlərinin xümsü ilə məhdudlaşdıran şəxsə belə cavab veririk: Qurandan savay imamlardan nəql olunmuş bir çox rəvayətlər gəlirin xümsünün vacib olmasını bildirir. Bütün şiə fəqihləri bu rəvayətlərə istinad edib, onları öz kitablarında yazmışlar.
Sünnə əhlinin əksər hissəsi savaş qənimətlərindən başqa şeylərdə xümsün olmasını inkar edirlər. Digər bir tərəfdən isə zəkat büdcəsinin Bəni-Haşim seyidlərinə çatmasını haram sayırlar. Lakin bu insanların arasında da başqaları kimi yetim və miskinlər var. Belə bir sual yaranır ki, Bəni-Haşim seyidlərinin fəqirləri hansı büdcə ilə təmin olunmalıdır? Bütün dövrlərdə və bütün cəmiyyətlərdə döyüşlər olmadığı üçün yalnız savaş qənimətlərinin xümsü ilə təmin olunmaq mümkün deyil.
Seyid Müctəba Hüseyni, Xümsün hökmləri
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.