Bismillahir-rəhmanir-rəhim
İmam Məhdi (ə)-dan gəlib çatan mübarək məktubların birində o Həzrət (ə) belə buyurmuşdur:
“…Xümsə gəlincə, o bizim şiələrimizə mübah (halal) edilmişdir. Onlar bizim işimizin zühuruna (aşkara çıxmasına) qədər bu məsələdə halallıqdadırlar. Bu, onların dünyaya gəlmələri pak olsun və çirkli olmasın (haramzadə olmasınlar) deyədir.” (“Kəmalud-din”: səh.484, bab 45, hədis 4).
Qeyd edək ki, qeyb dövründə xümsün halal edilib edilməməsi məsələsi barədə ayrıca tədqiqatlar yazılmış, bu məsələ ətrafında geniş və ətraflı bəhslər aparılmışdır. Ətraflı məlumat əldə etmək istəyən kəslər bu mövzuda yazılmış kitab və tədqiqatlara müraciət edə bilərlər. [1] Biz yuxarıda qeyd olunan cümlənin izahı barədə yığcam şəkildə məlumat verməklə kifayətlənirik:
“Xümsə gəlincə, o bizim şiələrimizə mübah (halal) edilmişdir” cümləsindən xümsün tamamilə mübah edilməsi başa düşülə bilməz. Buna əsasən ki:
Birincisi: İmam Sahibəzzəman (ə)-ın özündən onun şəri haqqının yeyilməsini qadağan edən sərt məzmunlu sözlər gəlmişdir. Bu cümlənin xümsün bütünlükdə mübah edilməsinə dəlalət etdiyini desək, o zaman bu cümlə ilə İmam Sahibəzzəman (ə)-dan nəql edilən həmin sözlər ziddiyyət təşkil edəcək. Elə bu cümlənin gəldiyi məktubda o Həzrət (ə) belə buyurmuşdur: “…Bizim mallarımıza xəyanət edənlərə gəlincə, (bil ki,) kim bizim malımızdan bir şeyi özünə halal edib yeyərsə, həmin şəxs od yemişdir!” Həmçinin başqa bir məktubda buyurmuşdur: “Sənin bizim mallarımızdan hər hansısa bir şeyi halal edib (yeyən) şəxs barədə verdiyin suala gəlincə, (bil ki,) kim belə bir şey etsə, məlundur. Qiyamət günü biz ona düşmən olacağıq. Belə bir şəxsə Allahın lənəti olacaq, çünki Allah buyurur: “Allahın lənəti olsun zalımlara”.” (“Kəmalud-din”: səh.520, hədis 49). Həmçinin başqa bir məktubunda buyurmuşdur: “Bizim mallarımızdan bir dirhəmi halal edən şəxsə Allahın, mələklərin və bütün insanların lənəti olsun”. (“Kəmalud-din”: səh.522, hədis 51).
Deməli, yuxarıdakı cümlə xümsün mütləq şəkildə deyil, bir qədər sonra qeyd olunacaq mənada halal edilməsini nəzərdə tutur.
İkincisi: Xümsün mübah edilməsi xəbəri təkcə İmam Sahibəzzəman (ə)-dan nəql edilməmişdir. Bu söz başqa İmamlardan da nəql edilmişdir. Məsələn, Əmirəlmöminin (ə)-ın belə buyurduğu nəql edilmişdir: “Camaat bətnləri və övrət yerləri məsələsində həlak oldular. Çünki onlar bizim haqqımızı bizə vermədilər. Agah olun! Bizim şiələrimiz və onların ataları bu məsələdə halallıqdadırlar”. (“əl-İstibsar”: c.2, səh.59, hədis 5).
Həmçinin yenə məsumların (ə) birindən belə nəql edilmişdir: “Qiyamət günü insanların düşəcəkləri ən çətin vəziyyət xüms sahibinin qalxıb: “ey Rəbbim, mənim xümsüm!”, – dediyi vaxtdır. Biz doğumları pak olsun və övladları təmiz olsun deyə xümsü şiələrimizə pak (halal) etmişik”. (“əl-İstibsar”: c.2, səh.57, hədis 1).
Dureys əl-Kunasi İmam Sadiq (ə)-dan belə buyurduğunu nəql etmişdir: “Bilirsən zina camaat arasına haradan daxil oldu?” Dureys deyir, dedim: “Bilmirəm”. Həzrət buyurdu: “Biz Əhli-Beytin xümsü tərəfdən. Yalnız şiələrimiz istisnadır. Xüms onların dünyaya gəlmələri (halal yolla olsun deyə) onlara halal edilmişdir.” (həmin mənbə səh.58).
Digər tərəfdən də məsum İmamların (ə) zamanında şiələrin xüms vermələri məlumdur. Məsələn, rəvayətlərin birində İmam Rza (ə)-ın xümsü ona halal etməsini istəyən fars bir tacirə məktubla belə cavab verdiyi qeyd olunur: “…Xümsü bizdən gizlətməyin, nə qədər bacarırsınızsa özünüzü bizim duamızdan məhrum etməyin. Xüms çıxarmaq sizin ruzinizin açarı, günahlarınızın silinməsi və qiyamət gününə hazırladığınız bir azuqədir. Müsəlman Allahla bağladığı əhdə vəfa edən kəsdir. Müsəlman dili ilə qəbul edən, qəlbi ilə müxalifət edən şəxs deyildir.” (“əl-İstibsar”: c.2, səh.59)
Elə isə aydın olur ki, yuxarıdakı hədislərdə və eləcə də həzrət Sahibəzzəman (ə)-ın məktubunda nəzərdə tutulan “halal etmə”dən məqsəd xümsün mütləq şəkildə halal edilməsi deyil, aşağıda qeyd edəcəyimiz mənada halal edilməsidir.
Xümsün halal edilməsinin mənası:
Mübarək məktubda xümsün halal edilməsini bu şəkildə izah edə bilərik ki, bununla xümsün evlilik məsələlərində halal edildiyi nəzərdə tutulmuşdur. Bunun daha ətraflı izahı belədir ki, əgər müsəlmanlər döyüşdən hər hansısa bir qəninmət və ya fey [2] əldə edərlərsə, (istər bu qənimət və ya fey mal növündən olsun, istər cariyə kimi insan növündən olsun) xümsləri verilmədiyi müddətcə bu əldə edilən şeylərdən istifadə etmək insanlara haramdır. Buna əsasən, əgər bir kəs həmin döyüşdə ələ keçirilən bir cariyə ilə ailə qurarsa, o zaman belə bir şəxsin nikahı zina hökmündə olacaq. Çünki bu şəxs həmin cariyə ilə o cariyənin xümsü ödənmədən nikah bağlamışdır. Lakin xümsün sahibi olan İmamlar (ə) bu haqqı öz şiələrinə bağışlamışlar. Onlar (ə) qurduqları ailə halal, dünyaya gətirdikləri övladlar halalzadə olsun deyə belə qənimətlərdən istifadə etməyi öz şiələrinə halal etmişlər. Buna əsasən, İmam Sahibəzzəman (ə): “Xümsə gəlincə, o bizim şiələrimizə mübah (halal) edilmişdir… Bu, onların dünyaya gəlmələri pak olsun və çirkli olmasın (haramzadə olmasınlar) deyədir” – buyurarkən bu mənanı nəzərdə tutmuşdur. Bu dediklərimizə dəlalət edən rəvayətlər olduqca çoxdur. Şiə fəqihləri əsrlər boyu bu qaydalara əməl etmişlər. Biz burada sadəcə Şeyx Tusinin (r) və Şeyx Müfidin (r) nəzərini qeyd etməklə kifayətlənirik. Şeyx Tusi (r) demişdir:
“Bu rəvayətlərin izahı şeyximiz Müfidin (r) buyurduğu kimidir. O budur ki, xümsün istifadə edilməsi məsələsində gəlib çatan bu rüxsətlər (izin və icazələr) məhz evlilik məsələlələri barəsindədir. Bunun səbəbi də daha öncə hədislərdə qeyd olunan şeydir, yəni şiələr pak dünyaya gəlsinlər deyədir. Bu cür hədislər mallar barədə gəlməmişdir.” (“əl-İstibsar”: c.2, səh.59, 11-ci hədisin ardınca).
Deməli mübarək məktubda gələn sözü məhz bu mənaya aid etməli, onu döyüşlərdə ələ keçirilən cariyələr barədə olduğunu deməliyik.
Tədqiqat: Zuhuradogru.org
Məlumatdan istfadə etdikdə istinad vacibdir.
[1] Məsələn, Şeyx Muhəmməd Sunqurun “əl-Xums faridatun ilahiyyə” kitabına müraciət edə bilərsiniz. (Red).
[2] Qənimət: döyüşdükdən sonra əldə edilən mallar, fey: döyüşmədən əldə edilən mallar . (Red).