Bismillahir rəhmanir rəhim
Hədislər bu iki şəxsin adını İmam Zaman (ə)-ın əshabı arasında qeyd edir və bildirir ki, onlar İmamın (ə) zühuruna yaxın bir zamanda İranda aşkar olacaqlar və həzrətin mübarək zühur hərəkatında iştirak edəcəklər.
Rəvayətlər iranlıların Mədineyi-münəvvərənin və ya başqa şəhərlərin azad edilməsi zamanı öz qüvvələrini İmam Məhdi (ə)-a yardım kimi göndərəcəklərini qeyd etmirlər. Zahirən görünür ki, buna ehtiyac olmayacaq. Buna əsasən, onlar öz qüvvələrini yalnızca İraqa göndərəcəklər və burada İmam Zaman (ə)-a öz dostluq və beyətlərini elan edəcəklər: “Xorasandan çıxacaq qara bayraqlar Kufəyə yerləşəcəklər. Məhdi zühur etdiyi zaman ona beyət edəcəklər” (Biharul-Ənvar: 52/217).
Digər cəhətdən isə sünni mənbələrində gələn bəzi rəvayətlər iranlıların hərəkatından və onların İranın cənubunda toplaşacağından xəbər verir. Hansı ki, bunun da İmam Məhdi (ə)-a tərəf Hicaza hərəkət edən toplu insan yürüşü olması ehtimal edilir: “Elə ki, Süfyaninin atları Kufəyə gəldilər, (Süfyani) Xorasan əhlinə qarşı (qoşun) göndərəcək, Xorasan əhli isə Məhdinin axtarışı ilə xüruc edəcəklər”(İbn Həmmad: 86). Həmçinin, sünni mənbələrində qeyd edilənə əsasən, Əhvaz yaxınlığında Beyza-İstəxrdə toplanan bu hərəkatın başçısı Xorasani olacaq. İmam Məhdi (ə) Hicazın azad edilməsindən sonra Beyza-İstəxrə yollanacaq və burada Xorasani və onun ordusundan ibarət olan əshabı ilə birləşəcək. Bundan sonra onun başçılığı altında burada Süfyani qoşunu ilə döyüşəcəklər.
Bu vaxtdan etibarən Xorasani və Şüeyb ibn Saleh İmam Məhdi (ə)-ın xüsusi səhabələrinə çevriləcəklər. Şüeyb ibn Saleh İmamın (ə) qoşununun baş komandanı olacaq. Beləcə Xorasanlıların qüvvələri İmam Məhdi (ə)-ın, İraqın daxili vəziyyəti nizama salmaq və oradakı düşmənlərini və xəvaricləri təmizləmək üçün, habelə türklərlə döyüş üçün və Qüdsün fəthi üçün etimad edəcəyi qoşununda əsas qüvvəyə və ya qüvvələrdən birinə çevriləcəklər.
İrandan çıxacaqları vəd edilən bu iki şəxsin daşıyacağı rolların xülasə şəkli budur. Necə ki, əksəriyyəti sünni mənbələrində, bir hissəsi də şiə mənbələrində olan hədislərdən belə nəticə əldə edilir.
Bu əldə edilən nəticə məni bu iki şəxs barədə bizim mənbələrimizdə mövcud olan məlumatlar üzərində yenidən düşünməyə və tədqiq etməyə vadar etdi. Xüsusən də bu ehtimalı nəzərə almışdım ki, hədisləri abbasilər Əbu Müslim Xorasani barəsində uydurmuş ola bilərlər. Lakin mən mənbələrimizdə Xorasanidən bəhs edən bir neçə səhih sənədli rəvayət tapdım (məsələn, Əbu Bəsirin İmam Sadiq (ə)-dan Yəmani və s. lə bağlı nəql etdiyi rəvayət kimi) və gördüm ki, əslində vəd edilən Xorasaninin məsələsi İmamların (ə) səhabələrinin yanında hələ Əbu Müslim Xorasani çıxmamışdan öncədən bəlli imiş.
Buna əsasən, Xorasaninin xürucu məsələsi bizim mənbələrimizdə sabit bir məsələdir. Habelə onun yoldaşı Şüeyb ibn Salehin məsələsi də. Hərçənd ki, Xorasaninin rəvayətləri onun rəvayətlərindən daha güclüdür.
Xorasani və Şüeyb ibn Salehlə bağlı bir sıra suallar mövcuddur ki, onlardan bəziləri belədir:
-Xorasani və Şüeyb adları rəmzi və həqiqi olmayan adlardırlarmı?
Xorasaniyə gəlincə, onun barəsində rəmzilik söylənilə bilməz, çünki rəvayətlər onun adını qeyd etməmişdir.
Bəli, demək mümkündür ki, onun Xorasana nisbət verilməsi bunu gərəkli etmir ki, o mütləq hazırkı Xorasan vilayətindən olmalıdır. Xorasan adı və ona nisbət verilmə ilkin İslam dövrlərində “şərq ölkələri” mənasına gəlirdi. Hansı ki, İranı və onun ətrafında olan digər İslam ölkələrini əhatə edirdi. Buna əsasən də ola bilər ki, Xorasani bu məntəqlərdən hansısa birindən çıxmış olsun.
Şüeyb ibn Salehə gəlincə isə rəvayətlər onun xüsusiyyətlərini qeyd etmişdir. O arıq cavandır, saqqalı seyrəkdir, bəsirət və yəqin sahibidir, birinci dərəcəli döyüş adamıdır, heç bir bayraq onun qarşısında davam gətirə bilmir, əgər dağlar qarşısına çıxsa, onları uçurub ondan yol düzəldər və s. Ehtimal olunur ki, canı təhlükədə olmasın deyə onun adı rəmzən deyilmiş olsun. Ola bilər ki, onun adı və atasının adı Şüeyb və Saleh adlarına oxşar olsun və ya həmin mənalarda bir ad olsun.
Bəzi rəvayətlər qeyd edir ki, o Səmərqənddəndir. Lakin əksər rəvayətlərin nəqlinə əsasən, o Reydəndir və onun Bəni-Təmimlə (və ya Təmim-Məhrumla, hansı ki, Bəni-Təmimin bir qoludur) əlaqəsi (bağlılığı) vardır. Əgər bu doğru olsa, o zaman mümkündür ki, onun əsli indiki İranın cənubundan olmuş olsun. Belə ki, hal-hazırda İranın cənubunda Bəni-Təmim qəbilələri mövcuddur. Yaxud da ki, ilkin İslam dövrlərində Xorasan vilayətində məskunlaşan Bəni-Teym qəbiləsindən olmuş olsun. Onların çoxu zaman keçdikcə İran xalqı ilə qarışmışlar. Onlardan bu günümüzədək Məşhəd şəhəri ətrafında mövcud olan bir neçə kənd qalmışdır və onlar hazırda ərəbcə danışırlar.
-Başqa bir sual isə onların nə vaxt zahir olacaqları ilə bağlıdır.
Üstün rəy bundan ibarətdir ki, onların ortaya çıxması İmamın (ə) zühur ilində, Süfyani və Yəmaninin xürucu ilə eyni vaxtda baş verəcək. Əgər bu rəvayətin səhihliyi sabit olsa: “Onun (yəni, Şüeybin) xürucu ilə işin Məhdiyə (ə) təhvil verilməsi arasında yetmiş iki ay vaxt olacaq” (İbn Həmmad: 84) o zaman buna əsasən onların zahir olacaqları vaxt İmamın (ə) zühurundan təxminən 6 il qabaq baş verəcək. Lakin bir sıra dəlillər birincinin daha üstün olduğu qənaətini verir.
“Asruz-zuhur”, Şeyx Kəvrani
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.