Bismillahir rəhmanir rəhim
Son vaxtlar İmam Məhdi (ə) məsələsi ilə bağlı müxaliflərin, daha dəqiq desək sələfilərin tez-tez dilə gətirdiyi şübhələrdən biri o həzrətin möhtərəm anasının – Nərcis xanımın (s.ə) qeyri-İslam üzərə və qeyri-müsəlman şəkildə (Allaha pənah) öldüyü məsələsidir. Diqqət yetirdikdə məlum olur ki, bu şəxslər heç bir səhih dəlilə əsaslanmırlar və isnad etdikləri yeganə dəlil, şiə məzhəbi yanında məşhur olan həzrətin möhtərəm anasının (s.ə) nəsrani və rum əsilli olması fikridir.
Bu şəxslərin adı çəkilən şübhəni irəli sürməkdə məqsədləri özlərinin həzrəti Peyğəmbərin (s) anası xanım Aminə binti Vəhəbin (s.ə) və eləcə də həzrətin digər ata-babalarının küfrü barədə olan etiqadlarını ört-basdır etməkdir. Belə ki, onlar özlərininin etiqad etdikləri bu sapqın düşüncə müqabilində qarşılaşdıqları irad və tənqidlərdən çıxış yolu kimi, şiələrin də həzrəti Məhdi (ə)-ın anasının kafir və ya müşrik olduğuna etiqad etdiklərini bildirir və bununla məsələnin əhəmiyyətini azaltmağa çalışırlar. Yoxsa ki, bu şəxslər üçün nəinki həzrəti İmam Məhdi (ə)-ın möhtərəm anası və onun dini, hətta həzrətin özü belə heç bir əhəmiyyət daşımır və onlar ümumiyyətlə həzrətin varlığına etiqad etmirlər. Onların bu şübhəni ortalığa çıxarmaqda məqsədi, qeyd etdiyimiz kimi, yalnızca öz batil əqidələrini ört-basdır etməkdir.
Həzrəti Məhdi (ə)-ın anasının müsəlman olduğunu isbat edən dəlil və sübutları ümumi və yığcam şəkildə sadalamaq istəsək, belə deyə bilərik:
Həzrəti Nərcis xanımın (s.ə) müsəlman olmasını isbat edən dəlillər:
1-Xanımın (s.ə) müsəlman olmasını bildirən rəvayətlər. Belə rəvayətlərin sayı çoxdur. Belə hədislər içərisində bəzilərindən ilk baxışda xanımın əsir olması və dolayısıyla da qeyri-müsəlman olması nəticəsi çıxarılsa da, lakin daha sonradan eyni mətndə xanımın müsəlman olmasına açıq-aşkar işarə edilir. Üstəlik bir çox hədislərdə nəinki o xanımın (s.ə) müsəlman olması, hətta çox böyük bir məqama sahib olması göstərilir.
2-Şiə-imamiyyə məktəbinin bu xanımın (s.ə) müsəlman olması barədə icması. Belə ki, heç bir kəs bu məsələnin xilafını iddia etməmişdir.
3-Şiə məktəbinin İmamların (ə) analarının paklığına olan etiqadı və icması.
4-Şüəra surəsi 219-cu ayənin təfsirinin imamların pak sülblərdən dünyaya gəlməsinə dəlil olması. Allahu-təala buyurur: “O Allah ki, səni (namaza və ya hansısa xeyir işə) qalxanda görür. Və (həmçinin) səcdə edənlər arasında dolanmağını (görür).” Ayəti-şərifənin təfsirində gəldiyinə əsasən, ayədəki “dolanmaqdan” məqsəd həzrəti Peyğəmbərin (s) pak sülblərdən pak rəhmlərə ötürülməsidir. Başqa sözlə həzrəti Peyğəmbər (s) müvəhhid və səcdə edənlər sülblərdən və rəhmlərdən dünyaya gəlmişdir. Həmçinin Əhli-Beyt imamları (ə) da belədirlər. Buna bir çox hədisi-şəriflər dəlalət edir ki, aşağıdakı mənbələrdən bu barədə ətraflı məlumat ala bilərsiniz. (Təfsiri-Qummi: c.2, s.125, Təfsiri-Safi: c.4, s.54, Təfsiri-Nurus-səqəleyn: c.4, s.69, Əl-Mizan: c.15, s.336, Əvailil-Məqalat (Şeyx Müfid): s.45-46, Təshih (Şeyx Müfid): s.139, Hilyətul-Əbrar: c.1, s.13-17, Biharul-Ənvar: c.108, s.198, Rövzətul-Vaizin: 138-139, Təfsiri-Səmərqəndi: c.2, s.570, həmçinin İbn Əbi Hatəm, İbn Mərdəveyh, Əbu Nəim və s.-də bu barədə öz kitablarında məlumat vermişlər)
5-Nərcis xanımın (s.ə) İmam Məhdi (ə)-a süd verməsi. Məlum olduğu kimi müşrik bir qadın nəinki imama, hətta adi müsəlman bir övlada belə süd verə bilməz.
6-İmam Məhdi (ə)-ın anası məsumların mübarək qəbrlərinin arasında dəfn edilib. Məlum olduğu kimi icma edilmişdir ki, kafir bir şəxs müsəlmanların qəbiristanlığında dəfn edilə bilməz. O ki, qala imamların yanında dəfn edilə.
7-Hər kəs o xanımın (s.ə) kafir olmasını (Allaha pənah) (və ya şiənin buna etiqad etdiyini-müt.) iddia edirsə, o zaman səhih dəlil gətirməlidir.
8-Bəzi rəylərə və hətta rəvayətlərə əsasən, həzrəti Nərcis xanım (s.ə) həzrəti Həkimənin (s.ə) evində dünyaya gəlmişdir. Bu rəvayətlərə əsasən, o xanım (nə Rum hökümdarının qızı, nə məsihi), nə də ki, əsir olmamışdır. Bu rəvayətləri əsas götürdükdə məsələ kökündən həll olur. ( “Uyunul-mucizat” (Hüseyn ibn Əbdül-Vəhhab) kitabında (s.127), “Ə`yanuş-şiə” (Seyyid Muhsin Əmin) kitabında (c.2, s.46), “Ğeybət” (Şeyx Tusi) kitabında (s.244))
9-Bəzi rəylərə əsasən həzrəti Xanımın (s.ə) adı “Məryəm binti Zeyd əl-Ələviyyə” olub. Bu fikri qəbul etməklə də məsələ tamamilə həll olur. Çünki bu fikrə əsasən xanım Ələvi olmuşdur.
10-Həzrəti Nərcis xanım (s.ə) İmam Hadi (ə)-ın, İmam Həsən Əsgəri (ə)-ın və İmam Məhdi (ə)-ın evində yaşamışdır. Belə olduğu təqdirdə mümkün deyil ki, bu üç imam o xanıma bir təsir qoymamış və ona İslamı qəbul etdirməmiş olsun, xüsusən də nəzərə alsaq ki, imamın (ə) vəzifəsi hidayət etməkdir.
Şeyx Həmid əl-Vaili, “Təmamul-kəlam fi-İslami-ummil-İmam (ə.s)”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.