Vilayət və Hakimiyyət məqamı

Bismillahir rəhmanir rəhim

 

İslam peyğəmbərinin ixtiyarına verilmiş məqamlardan biri də cəmiyyət üzərində vilayət və hakimiyyət məqamıdır. Hər bir peyğəmbərdə belə bir məqamın olması zəruri deyil. Ola bilər ki, bir fərddə peyğəmbərlik məqamı olsun, vilayət məqamı olmasın. Belə bir peyğəmbərin yalnız Allah tərəfindən gətirdiyi göstərişlərə tabeçilik zəruridir. Uyğun əmrlərə itaət peyğəmbərə yox, Allaha itaətdir. Allah rəsuluna itaət o zaman gerçəkləşir ki, insanlar peyğəmbər tərəfindən verilmiş göstərişlərə tabe olsunlar. Peyğəmbərə bu sayağı itaət ona vilayət məqamının verilib-verilməməsindən asılıdır. Allah-taala Qurani-kərimdə bu barədə buyurur: “Sizin vəliniz yalnız Allah və Onun rəsulu, həm də iman gətirən kəslərdir. O kəslər ki, namazı bərpa edər, rüku halında zəkat verərlər. Hər kəs Allahı, onun peyğəmbərini və iman gətirən şəxsləri özünə vəli bilsə (qalibdir). Allahın firqəsi (hizbi) həmin qalib gələnlərdir.”

Bir çox rəvayətlərdə qeyd olunmuşdur ki, hazırkı ayə Əli ibn Əbutalib haqqında nazil olmuşdur. Yəni ayədə “iman gətirənlər” dedikdə həzrət nəzərdə tutulmuşdur. Bu rəvayətlərdən biri də mərhum Əllamə Təbatəbainin “Təfsiri-Əyyaşi”dən və imam Həsən Müctəbadan nəql etdiyi rəvayətdir. İmam (ə) buyurur: Əmmar Yasər belə deyirdi: Yoxsul bir şəxs Əli ibn Əbutalib namazın rükusunda olduğu vaxt ona yaxınlaşıb kömək istədi. İmam elə həmin vəziyyətdə barmaqındakı üzüyü çıxarıb ona verdi. Həmin vaxt peyğəmbər məscidə daxil olub əhvalatdan xəbər tutdu. Ayə nazil oldu. Peyğəmbər həmin ayəni bizim üçün oxudu. Növbəti ayədə Allah, onun rəsulu və məsum imamların vilayətinin eyniyyətindən danışılır. Çünki bu ayədə Allahın, peyğəmbərin və məsum imamların vilayətini qəbul edən şəxs Allahın firqəsi kimi tanıtdırılır. Başqa sözlə, bu zümrədən olan insanlar ilahi vilayətə tabe olanlardandır. İstənilən bir halda uyğun iki ayədə vilayət deyərkən hökm, icra, əmr və qadağa vilayəti nəzərdə tutulur. Belə bir hakimiyyəti Allah öz peyğəmbərinə və peyğəmbərin məsum canişinlərinə lütf etmişdir. İnsanların bu vilayətə tabeçiliyi vacibdir.

Başqa bir məqamda Allah-taala buyurur: “Ey iman gətirənlər, Allaha, Allahın rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin. Bu ayə də öncəki ayələr kimi ilahi hakimiyyət məqamından və belə bir hakimiyyətə xalqın tabeçiliyinin zəruriliyindən danışır.

Bir çox rəvayətlərdə bildirilir ki, “ulil-əmr” dedikdə on iki məsum imam nəzərdə tutulur. Eləcə də Cabir ibn Abdullah Ənsaridən, böyük peyğəmbər səhabəsindən belə nəql olunur: “Ya əyyuhəlləzinə amənu…” ayəsi nazil olan vaxt mən soruşdum ki, ey Allahın rəsulu, biz Allahı və onun rəsulunu tanıyırıq. Bəs itaəti sizə itaətlə bir sıraya qoyulan əmr sahibləri kimdir? Həzrət buyurdu ki, ey Cabir, onlar mənim canişinlərim, məndən sonra müsəlmanlar üçün məsum imamlardır.”

Bəziləri iddia edə bilərlər ki, yuxarıdakı ayədə peyğəmbərə itaət deyərkən vəhyin təbliğində peyğəmbərə itaət mənası nəzərdə tutulmuşdur. Belə bir itaət isə vəhyə itaətdən daha geniş məna daşıyır. Uyğun müddəaya cavab olaraq deyə bilərik ki, nəzərdə tutulan halda bu itaət Allaha itaət mənasını çatdırmaq üçün kifayət edərdi və “peyğəmbərə itaət edin” əmrinə ehtiyac qalmazdı. Amma Allaha itaətlə yanaşı peyğəmbərə itaət göstərişinin verilməsi fərqli bir məna kəsb edir. Peyğəmbərin öhdəsinə ikinci bir məsuliyyət qoyulur və bu məsuliyyət vəhyi bəyan etmək məsuliyyəti deyil. “İtaət edin peyğəmbərə” təbiri “itaət edin Allaha” təbirinin əhatə dairəsindən kənardır. Bu əmr peyğəmbərə bir hakim və rəhbər olaraq itaəti zəruri edir. Belə bir rəhbər Allah tərəfindən seçilmişdir və ictimai-siyasi baxımdan məsuliyyət daşıyır. İslam cəmiyyətindəki parçalanmaların qarşısını almaq onun ilkin vəzifələrindəndir. Peyğəmbər elə bir rəhbərdir ki, Allahın ona verdiyi qüdrət və ixtiyar sayəsində bütün çıxılmaz vəziyyətlərdən yol tapır. Onun buyuruğu bütün buyuruqlardan üstündür. Ətrafdakılar ona itaət etməyə borcludurlar. İnsanlar bu ilahi rəhbərə itaət sayəsində sağlam ömür sürür, birlik və qardaşlıq nemətindən bəhrələnirlər. İlahi rəhbər cəmiyyətdəki dava-dalaşların və qardaş qırğınlarının qarşısını alır.

İslam cəmiyyətinin möhkəmlənməsi və davamı üçün ən saleh insan, ilk növbədə məsum şəxs xalq üzərində vilayət və hakimiyyəti öz üzərini götürməlidir. İnsanlar da öz növbəsində belə bir rəhbərə tabe olmalıdır. Hər bir insan ilahi rəhbərin əmrini nemət saymalıdır. Əks təqdirdə İslam cəmiyyəti yaşayası deyil. Allaha itaət və onun hökmünü qəbul etdikdən sonra Peyğəmbər və onun məsum canişinlərinə tabeçilik dini zərurətlərdəndir. İmam Sadiq (ə) buyurur: “İslam namaz, zəkat, oruc, həcc və vilayətdən ibarətdir. İnsanlar vilayətdən mühüm bir həqiqətə doğru çağırılmamışlar. Amma onlar dörd əmri qəbul edib, vilayət əmrini boşladılar.”

Bütün İslam firqələri yekdil olaraq həzrət Peyğəmbərə itaəti vacib sayır, onun vilayət və hakimiyyətini qəbul edirlər. Şiələrlə sünnilər arasında fərq bundan ibarətdir ki, şiələr Peyğəmbərin vəfatından sonra vilayət məqamının Əmirəl-mömininə keçdiyinə inanırlar. Belə ki, müsəlmanlar Peyğəmbərdən sonra həzrət Əliyə itaət etməyə borcludurlar. Cabir ibn Abdullah Ənsaridən nəql olunmuş rəvayətdə Peyğəmbərin “ulil-əmr” ifadəsinin həzrət Əli və onun məsum övladlarına aid olduğunu təsdiqləyən buyuruğu nəql olunur. Sünnə əhli bu həqiqəti inkar edir. Onların nəzərincə, Quran belə bir vilayəti təsdiqləmir. Əslində məsum imamları tanıyıb, onların vilayətinə tabe olmaq o qədər əhəmiyyətlidir ki, uyğun mərifətdən bəhrələnməyənlər dünyadan cahil getmiş sayılır. İmam Həsən Əsgəri (ə) buyurur: “Hər kəs öz dövrünün imamını tanımadan ölsə, cahil bir ölümlə dünyadan getmişdir.”

Şübhəsiz ki, imamı tanımaq dedikdə onun adını, ata-anasının adını bilmək nəzərdə tutulmur. Nəzərdə tutulan imamın vilayətini, hakimiyyətini tanıyıb ona tabe olmaqdır. Belə bir mərifətdən bəhrələnməyən insan siyasi oyunlarda puça çıxır. Bəli, vilayət məqamını tanımayan, məsumların vilayəti sayəsində rəhbərliyi öhdəsinə götürənlərə tabe olmayan toplum fəlakətə üz tutmuşdur.

 

 

İnsan həyatında təqlidin rolu, Misbah Yəzdi

Leave a Comment