“Vilayət ayəsi” haqda

Bismillahir Rəhmanir Rəhim

“Xüsusi imamət”ə dəlalət edən ayələrdən biri də “vilayət” ayəsidir. Bu ayədə buyurulur:

“Həqiqətən, sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, iman gətirib namaz qılır və rüku halında zəkat verirlər.” (Maidə 55)

Vilayət ayəsinin Xilafətə dəlaləti

Bu ayədə gələn “vəli” sözü imam Əlinin (ə) müsəlmanların vəlisi və rəhbəri olmasını açıqlayır. Öncə işarə etdiyimiz kimi, “vəli” sözünün müxtəlif mənaları vardır ki, bəzən dost, bəzən hakim və rəhbər mənasında işlədilir. Rağib İsfahaninin yazdığına görə, bu sözün ilkin mənası aralarında heç bir fasilə olmayan iki şeyin sıx rabitəsini bildirir. Sonra əlavə edərək yazır: “Vilayət” dostluq və kömək, “vəlayət” isə rəhbər və ixtiyar sahibi mənasını ifadə edir.”

Ayədə mövcud olan dəlillər göstərir ki, burada “vəli” rəhbər və ixtiyar sahibi mənasındadır. Çünki burada “vəli” dost və yardımçı mənası kimi işlənsə, onda bütün möminlərə aid olacaq. Necə ki, “Tövbə” surəsinin 71-ci ayəsində belə buyurulur:

وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ

 “Mömin kişilər və qadınlar bir-birlərinin dostlarıdır…”

Lakin bəhs etdiyimiz ayədəki vilayət sözü xüsusi hala, rüku halında sədəqə verən şəxsə aid edilmiş və inhisar bildirən “innəma” (yalnız və yalnız) sözü ilə birgə qeyd olunmuşdur. Bu ifadə isə vilayət sözünün dostluq və yardım kimi (eləcə də buna oxşar digər) mənalar daşımasına imkan verir. Beləliklə, yeganə yol odur ki, “vəli” sözünün ixtiyar sahibi və rəhbər mənasını, Allahın və Peyğəmbərin (s) vilayəti ilə yanaşı tutulan cəhətini qəbul edək.

Sonrakı ayə (ayənin davamı):

وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ

 “Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə vəli seçsə, (qələbə çalar). Şübhəsiz ki, Allahın dəstəsi məhz qələbə çalanlardır!” (Maidə 56)

Həqiqətdə, bu ayə qabaqkı ayənin məzmununu tam dolğun ifadə edir. Bizi ondakı vilayət sözünün ixtiyar sahibi və rəhbər mənasında olmasını göstərən daha bir dəlillə qarşılaşdırır. Belə ki, “hizbullah” (Allahın dəstəsi) və “düşmənlərə qələbə çalma” ifadələri sadə və adi dostluqla deyil, İslam hökumətinin təşkili ilə əlaqədardır. Bu da göstərir ki, əvvəlki ayədə qeyd olunan “vəli” sözü müsəlmanların rəhbəri mənası ilə uyğundur. Hətta “hizb” (dəstə) sözünün müştərək hədəfləri təmin edən ictimai quruluşa aid olması vilayət və rəhbərliklə daha münasibdir.

 

Ardı var…

Ayətullahül-üzma Nasir Məkarim Şirazi : İmamət Haqqın dili ilə

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment