Bismillahir rəhmanir rəhim
Yaradılış aləminin başqa bir xüsusiyyəti müxtəlif varlıqların ahəngdar düzənə salınması (təsviyə) və təqdiri məsələsidir – yəni hər bir mövcud olan şey müəyyən ahəngdar düzənə və təqdirə malikdir.
İndi bu iki anlamın izahını verməyə çalışaq və Qurani-kərimdə həmin məsələnin necə qoyulduğunu izləyək.
Əla surəsi, 1-3-cü ayələrdə belə deyilir: (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de! O Rəbbin ki (hər şeyi) xəlq etdi və nizama saldı. O Rəbbin ki (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.
Quranda işlənən “təsviyə” sözü ahəngdar etmək və düzənləmək, düzən və nizama salmaq mənasında işlənir, burada varlıq aləmində mövcud olan hər şeyin tərkib hissələrinin, onların enerjisinin ahəngdar bir nizama salınması nəzərdə tutulur. Başqa sözlə desək, Allah hər bir xilqəti bərabər və ahəngdar surətdə yaradıb və xilqətin hər bir element və hissəsini öz yerində bərqərar edib. Bu nizamda heç bir yanlış və xəta ola bilməz.
Əllamə Təbatəbai öz təfsirində “təsviyə” sözünü izah edərək yazır: “Təsviyə bir şeyin tərkib hissələrinin bərabər səviyyədə nizamla düzənlənməsi deməkdir, belə ki, burada hər bir hissə öz yerində yerləşməlidir. Burada elə bir ahəngdarlıq olmalıdır ki, ondan daha yaxşı düzən təsəvvürə gəlməsin, həmin şey belə bir düzənlə ən xoş təsir bağışlasın”
Bu mənada bir neçə ayəyə diqqət yetirin: Naziat surəsi, 27-28-ci ayələr: (Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa Göyü ki Allah onu yaratdı;
Qübbəsini ucaltdı, düzəldib nizama saldı;
Bəqərə surəsi, 29-cu ayə: Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat Göy halında düzəldib nizama salan Odur (Allahdır!). O, hər şeyi biləndir!
Yuxarıdakı ayələrdə “Göyün təsviyəsindən” bəhs edilir ki, bunun da mənası Göyün düzənə salınması, onun tərkib hissələrinin ahəngdar şəkildə düzənlənməsi deməkdir. Onun hər qatı və hər bir təbəqəsi hikmətlə və tələbə uyğun bir halda yerləşdirilib.
Xatırladaq ki, təsviyə anlamı təkcə kainat və məxluqla məhdudlaşmır. Bütün varlıq aləmi, insan və onun nəfsi də Allah tərəfindən ahəngdar bir düzənə salınır.
Nəfslə bağlı aşağıdakı ayəyə diqqət yetirək.
Şəms surəsi, 7-8-ci ayələr: And olsun nəfsi (insanı və ya insan nəfsini) yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,…
Bu ayədə insan nəfsinin tənzimlənməsindən söhbət gedir, insanda olan nəfsi qüvvə gerçəkliyin tələbi ilə uzlaşır. Başqa bir tərəfdən, insanın özünün yaranma və təkamülü müəyyən nizam və qayda ilə tənzimlənir. Torpaqdan və damladan xəlq olunan insan qanunauyğun və ahəngdar bir təkamül yolu keçir.
Aşağıdakı bəzi ayələr bu baxımdan maraqlıdır.
Qiyamət surəsi, 37-39-cu ayələr: Məgər o, (ata belindən ana bətninə) tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.
İnfitar surəsi, 7-ci ayə: O Rəbbin ki səni yoxdan yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
Kəhf surəsi, 37-ci ayə: Onunla söhbət edən (mömin) yoldaşı belə dedi: “Əvvəlcə səni (atan Adəmi) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə (insan qiyafəsinə) salmış Allahı inkarmı edirsən?
Bu ayələrdə insanın ahəngdar bir biçimə salınmasına, Allahın xaliq olaraq hər şeyi mükəmməl və yetkin şəkildə yaratmasına, öz xilqətinə nizam və düzən verməsinə işarələr vardır.
Təqdir məsələsinə gəlincə, bu məfhumun kökü “qədər” sözündəndir – yəni hədd və ölçü. “Bütün varlıqlar təqdirə malikdir” dedikdə belə bir məna nəzərdə tutulur ki, hər bir varlığın öz müəyyən ölçü və hüdudu vardır. Hər bir şeyin həndəsi ölçüləri, miqdarı və hüdudları vardır. Bir şey öz şəkil və ölçülərinə görə başqalarından fərqlənir. Hər bir varlığın özünəməxsus ölçüsü, forması və hüdudu vardır. Hətta insanlar ölçü və şəkil baxımından bir-birindən fərqlənir. Bütün varlıq aləmi – bərk cisimlər, bitki və heyvanat aləmində həmin fərqlənmə müşahidə edilir. Deməli, zahiri maddi dünyada müşahidə edilən bütün varlıqlar ölçü, şəkil, güc və təsir baxımından bir-birindən seçilir və fərqlənir. Ona görə Qurani-kərim hər bir şey üçün müəyyən ölçü və qədər
nəzərdə tutur – yəni Allahın xilqətində ölçüsüz və qədərsiz heç nə yoxdur.
Hicr surəsi, 21-ci ayə: (Yerdə və Göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə yalnız Bizə məlumdur.)
Bu ayəyə görə, Allah tərəfindən dünyada yaradılan hər şey müəyyən ölçü və həddə malikdir. Allahın feyzi hər bir varlıq nümunəsi üçün müəyyən ölçü və hədd təyin edir.
Bu məzmuna işarə edən ayələr çoxdur.
Rəd surəsi, 8-ci ayədən: “Hər şey Onun yanında müəyyən ölçü ilədir.”
Talaq surəsi, 3-cü ayə: Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz buyuruğunu yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.
Qəmər surəsi, 49-cu ayə: Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.
Muminun surəsi, 18-ci ayə: Biz Göydən (lazım olduğu) qədər yağmur endirdik və onu Yerdə (dənizdə, çayda, göllərdə və quyularda) saxladıq. Biz sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik!
Quranda dünyaşünaslığın əsasları, Abdulla Nəsri