Bismillahir rəhmanir rəhim
Vəzifə bir şeydir, rəğbət başqa bir şey. Gərək bunlar arasında fərq qoyula. Bu misal üzərində düşünün: bir nəfər xəstə olduğu zaman bəzi yeməklər onun üçün zərərli olur. Bu o demək deyil ki, həmin yeməklər özü-özülüyündə zərərlidirlər, əksinə, bəlkə yaxşıdırlar da. Lakin bu şəxs üçün zərərli olurlar. Belə olunca bu yeməkləri yemək üçün bu şəxsdə bir rəğbət yaranır. Lakin bu (həmin yeməyi yemək) onun vəzifəsi olmur. Eyni hal, bizimlə Sahibəz-Zəman (ə.f) arasında da mövcuddur.
Bizim onunla görüşməyə rəğbətimiz var, bunun müqabilində bizim bir də vəzifəmiz var. Əgər bu iki iş bir araya gətirilə bilsə nə gözəl! Lakin bir araya gətirmək mümkün olmasa, görəsən insan rəğbətini həyata keçirməyə çalışmalıdır, yoxsa vəzifəsinə əməl etməlidir? Şəksiz ki, vacib olan vəzifəyə əməl etməyə səy göstərməkdir.
Bizim Zamanın-Sahibinə (ə.f) olan şiddətli bağlılığımız bizi qeyb dövründə o Həzrətlə (ə.f) görüşə nail olmaq üçün düşünməyə, səy etməyə və çalışmağa vadar edir. Şübhəsiz ki, bu mühüm bir məsələ və böyük bir istəkdir. Hər kəs buna nail olarsa çox böyük bir məqama və ali şərəfə nail olmuşdur. Lakin bu, vəzifə deyil. Həqiqətən də böyük şərəf və böyük bir kəramətdir ki, insan öz İmamı (ə.f) ilə görüşə və onun əlini öpə. Bunda heç bir şəkk və şübhə ola bilməz. Lakin sual budur ki, görəsən İmamın (ə.f) bizdən istədiyi budurmu? Görəsən, bizim vəzifəmiz budurmu?
Vəzifə İslamı öyrənmək, ona əməl etmək və öyrətməkdir. Bu bütün şərtlərdə və hallarda hər bir kəsə aiddir, fərq etməz istər kişi olsun istər qadın, istər ər olsun istər xanım, istər övladlar olsun istər atalar və analar, istər ustadlar olsun istər tələbələr, istər satıcılar olsun istər müştərilər, istər sahibkarlar olsun istər işçilər, istər qonşular olsun istərsə qohumlar. Bizim hər birimiz gərək baxa ki, onun özü və başqaları qarşısında vəzifəsi nədir. Onun üzərinə gələn vacibatlar nələrdir? Tərk etməzi lazım gələn əməllər və haramlar nələrdir?
Bizim hər birimiz bilməlidir ki, onun üzərindəki vaciblər və ona haram olan işlər nələrdir. Gərək ər özünə və ailəsinə münasibətdə öz vacibatlarını bilə. Həmçinin, qadın özünə, yoldaşına, övladlarına və cəmiyyətə münasibətdə öz üzərinə düşən vacibləri bilə. Bu şəkildə, övladlar valideynlər, valideynlər övladlar qarşısında, qardaş-bacılar öz aralarında, qonşular, qohumlar və bir-birləri ilə ticarət edənlər öz aralarında bu vaciblərdən xəbərdar ola.
Vəzifə budur ki, insan əhkamını bilə (ən azından vacibləri və haramları) və bunlara əməl edə. Vaciblərin başında isə Ağa Sahibəl-Əsri vəz-Zamanı (ə.f) tanımaq gəlir. Bu, hamı üçün vacibdir. Belə ki, “hər kəs öz zəmanəsinin İmamını tanımadan ölərsə cahiliyyət ölümü ilə ölmüşdür”. Heç birimiz kafir hökmündə ölməyək və heç birimizin ölümü müşrik ölümü kimi olmasın deyə hamıya vacibdir ki, özünə və başqalarına nisbətdə (əqidə və əməl sahəsindəki) vaciblərini və haramlarını tanıya.
İmamı (ə.f) razı salan şey bizim vəzifəmizə əməl etməyimizdir. Əgər biz bilmək istəsək ki, onun bizdən razılığı nə həddədir (neçə faizdir, məsələn) o zaman özümüz və başqaları qarşısındakı vəzifəmizdən nə qədər agah olduğumuza və ona nə həddə əməl etdiyimizə nəzər salaq.
Üveys əl-Qərəni bizim üçün bir nümunə olmalıdır. Bu saleh bəndə Allah Rəsulunu (s.ə.a.s) görməyə müvəffəq olmamışdı, baxmayaraq ki, onunla eyni dövrdə yaşayırdı. Yəməndən Mədinəyə o Həzrəti (s.ə.a.s) görməyə gəlmiş, lakin görə bilməmişdi. Lakin görəsən Üveys (r.ə) bunun müqabilində vəzifəsini tərkmi etmişdi? Xeyr, şübhəsiz ki. O böyük şəxsiyyət ömrünün son anına qədər Allah Rəsulunun (s.ə.a.s) təlimləri əsasında yaşamış, Allahın razılığını düşünmüş və ömrünü şəhadət səadəti ilə başa vurmuşdu.
Biz bu qeyb dövründə İmam Vəliyyi-Əsr və Sahibəz-Zəman Məhdi (ə)-ın rizayətini kəsb etmək istəyiriksə bilməliyik ki, bu iş bizim vəzifəmizi və boynumuza düşən vacibi tanımaq və ona əməl etməyimizlə möhkəm və sıx şəkildə bağlıdır.
“Linə`rif İmaməna və vəzifətəna”, Seyyid Sadiq Şirazi
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.