Bismillahir rəhmanir rəhim
Batil məhdəviyyat iddiaçılarının insanları çaşdırmaq üçün istifadə etdikləri hədislərdən biri də “vəsiyyət hədisi” adlanan rəvayətdir. Rəvayəti Şeyxut-taifə Tusi (r.ə) “Qeybət” kitabında gətirmişdir. Biz ilk öncə rəvayətin mətnini qeyd edəcək, daha sonra onun sihhətini və alimlər nəzərində yerini araşdıracağıq.
Rəvayətin mətni belədir:
“Biz bir dəstə şəxs Əbu Abdullah Hüseyn ibn Əli ibn Süfyan əl-Bəzfuridən, o Əli ibn Sinan əl-Mosuli əl-Ədldən, o Əli ibn Hüseyndən, o Əhməd ibn Muhəmməd ibn Xəlildən, o Cəfər ibn Əhməd əl-Misridən, o əmisi Həsən ibn Əlidən, o atasından, o Əba Əbdillah Cəfər ibn Muhəmməddən (ə), o atası Baqir (ə)-dan, o atası Züs-səfənat Seyyidul-Abidindən (ə), o atası Hüseyn Zəkiyyuş-şəhiddən (ə), o da atası Əmirəl-möminindən (ə) nəql edib dedi:
Allah Rəsulu (s.ə.a.s) vəfat etdiyi gecə Əli (ə)-a dedi: Ey Əbəl-Həsən, səhifə (varaq) və mürəkkəb gətir. Bundan sonra Allah Rəsulu (s.ə.a.s) vəsiyyətini ona imla etdi və gəlib bu yerə çatdı. Dedi: Ey Əli, məndən sonra on iki imam olacaq, onlardan sonra isə on iki məhdi olacaq. Sən, ey Əli, on iki imamın birincisisən. Allah səni öz səmasında belə adlandırmışdır: Əliyyən Mürtəza, Əmirəl-möminin, Siddiqul-Əkbər, Faruqul-Ə`zəm, Məmun və Məhdi. Bu adlar səndən başqası üçün deyilə bilməz. Ey Əli, sən mənim Əhli-beytimdən sağ olan və ölənlər üzərində mənim vəsimsən. Həmçinin, xanımlarım üzərində vəsimsən. Sən onlardan hansı birini saxlasan, sabah mənimlə görüşəcək, hansı birinə də təlaq versən, mən ondan uzağam, qiyamət meydanında nə o məni görəcək, nə də mən onu görəcəyəm. Sən məndən sonra ümmətim üzərində mənim xəlifəmsən. Sənə ölüm gəldiyi zaman bu vəsiyyəti xeyirli və müvəffəq oğlum Həsənə ver, ona ölüm gəldiyi zaman onu şəhid, pak və qətlə yetirilən oğlum Hüseynə versin. Ona ölüm gəldiyi zaman onu oğlu Seyyidul-Abidin zus-səfənat Əliyə versin. Ona ölüm gəldiyi zaman onu oğlu Muhəmməd əl-Baqirə versin. Ona ölüm gəldiyi zaman oğlu Cəfər əs-Sadiqə versin. Ona ölüm gəldiyi zaman oğlu Musa əl-Kazıma versin. Ona ölüm gəldiyi zaman oğlu Əli ər-Rızaya versin. Ona ölüm gəldiyi zaman oğlu Muhəmməd əs-Siqə ət-Təqiyə versin. Ona ölüm gəldiyi zaman oğlu Əli ən-Nasihə versin. Ona ölüm gəldiyi zaman oğlu Həsən əl-Fazilə versin. Ona ölüm gəldiyi zaman oğlu Ali-Muhəmmədin qorunub saxlanılmışı (müstəhfəzi) olan Muhəmmədə versin. Bu, on iki imam idi. Ondan sonra isə on iki məhdi olacaq. Ona ölüm gəldiyi zaman onu oğlu müqərrəblərin birincisinə versin. Onun üç adı vardır: Biri mənim adımdır, biri atamın adıdır, ki o Abdullahdır, Əhməd, üçüncü adı isə Məhdidir. O məhdilərin əvvəlincisidir”. (Qeybət: 150-151, səh.111)
Sənəd:
Bu rəvayətin sənədi zəifdir. Hətta olduqca qaranlıqdır. Belə ki, ravilərinin əksəriyyəti məchuldur və rical kitablarında barələrində heç bir şey; nə mədh, nə də qədh (məzəmmət) gəlməmişdir. Ravilər barədə qısa şəkildə məlumat verək. Geniş şəkildə məlumatı isə bu sahədə yazılan kitablardan ala bilərsiniz:
1-Əli ibn Sinan əl-Mosuli əl-Ədl
Bu şəxs rical kitablarında “muhməl”dir (barəsində heç bir şey qeyd edilməmişdir). Rical kitablarında sadəcə bu şəxsin adı gəlmişdir. Adının sonunda “ədl” (ədalətli) ləqəbinin gəlməsi onun siqə olmasına dəlil deyildir. Çünki zahir budur ki, ədl sözü sifət olaraq deyil, ləqəb olaraq gəlmişdir. Mümkündür ki, şəxs sünni məzhəbli olub və bu səbəbdən də öz məzhəbi yanında adına “ədl” ləqəbi qoşulub. Bu fikri Seyyid Xoi (q.s) də dəstəkləmişdir. Üstəlik bu deyilənlər (عدل) sözünü “ədl” kimi oxuduğumuz zamana aiddir. Əgər sözü “idl” (bərabər) kimi oxusaq o zaman ümumiyyətlə sözün siqəliklə heç bir əlaqəsi qalmır.
2-Əli ibn Hüseyn
Məchuldur. Bəziləri yanlışlıqla Əli ibn Hüseynin Şeyx Səduqun (r.ə) atası Əli ibn Hüseyn ibn Babəveyh (r.ə) olduğunu zənn etmişlər. Halbuki, Şeyxin atası Əhməd ibn Muhəmməd ibn Xəlildən nəql etməmiş, Əli ibn Sinan Mosulidən ondan hədis nəql etməmişdir. Bundan başqa Şeyx Tusi (q.s) “Fehrest” kitabında onun Əli ibn Hüseyn ibn Babəveyhdən nəql etdiyi bütün rəvayətlər iki vasitə ilədir. Bunlar Şeyx Müfid (r.ə) və Hüseyn ibn Abdullahdır. Halbuki bu rəvayətdə Şeyx (q.s) rəvayəti Əli ibn Hüseyn adlı şəxsdən üç vasitə ilə nəql edir. Bu və digər dəlillər bu şəxsin Şeyx Səduqun (q.s) atası olmadığını və beləliklə siqə olmadığını və məchul olduğunu aşkarca göstərir.
3-Əhməd ibn Muhəmməd ibn Xəlil
Muhməldir. Kim olduğu bilinmir.
4-Cəfər ibn Əhməd Misri
O da muhməldir. Tərcümeyi-halına rast gəlinmir. Heç kəs siqə olduğunu bildirməmişdir.
5-Həsən ibn Əli, Cəfər ibn Əhmədin əmisi
Məhmul və məchuldur.
6-Həsən ibn Əlinin atası
O, Əli ibn Bəyan ibn Zeyd ibn Səyabə əl-Misri. Məchuldur. Ondan bircə bu hədis nəql edilmişdir.
Nəticə: Rəvayətin ravilərinin əksəriyyəti məchuldurlar, barələrində heç bir şey bilinmir və heç kəs onların siqəliyinə işarə etməmişdir. Beləliklə rəvayət saqit olmuş olur və ondan hər hansısa bir məsələdə dəlil olaraq istifadə etmək qeyri-məqbul sayılır.
Vəsiyyət hədisi barədə alimlərin sözləri:
1-Əllamə Məclisi (r.ə) on iki İmamdan sonra on iki məhdi olacağını bildirən rəvayətləri qeyd etdikdən sonra deyir:
“Bu rəvayətlər məşhurun ziddinədir”. (Biharul-Ənvar: 53, səh.148-149)
2-Hürr Amuli (r.ə) deyir:
“On iki İmamdan (ə) sonra on iki məhdi gələcəyini bildirən hədislər. Bil ki, bu məzmun bəzi hədislərdə gəlmişdi və qəribəlikdən və işkaldan xali deyil. Bu barədə əshabımız çox nadir (bir neçə) hədis gətirmişdir. Onlara qəti şəkildə etiqad etmək olmaz. Çünki bu barədə gəlib çatanlar yəqin həddinə çatmır”. (Əl-fəvaidut-tusiyyə: 115)
Başqa yerdə deyir:
“Şübhəsiz ki, bu hədislər nadirliyi, azlığı və çoxlu ziddiyyətləri səbəbindən qətiyyət və yəqin hasil etmir”. (Əl-iyqaz: 368)
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.