Bismillahir-rahmənir-rahim
Daha öncəki məqalələrimizdə məhdəviyyət iddiaçılarından olan Əhməd İsmayıl əl-Bəsrinin istinad etdiyi “vəsiyyət hədisi” adlı rəvayətin sənəd baxımından tamamilə etibarsız olduğunu göstərmişdik. Rəvayətin sənədində gələn 8 şəxsin 6-sı məchul şəxslərdir. Başqa sözlə, bu şəxslərin kimlikləri bilinmir. Rəvayətin sənədində 6 deyil, bir ravinin belə məchul olması, həmin sənədin zəif olması üçün kifayət edir. Buna əsasən, rəvayətin sənədi olduqca zəifdir. Bununla yanaşı, bir sıra nəhəng hədis alimləri bu rəvayəti sünni təriqli rəvayət hesab etmişlər. Bunu əsas götürdüyümüz zaman isə onun zəifliyi daha da artır.
Böyük hədis alimlərindən olan “Vəsailuş-şiə” kitabının müəllifi Şeyx Hürr Amuli (r.ə) özünün “əl-İyqaz min əl-həc`ə” kitabında “vəsiyyət hədisi” deyə adlandırılan bu rəvayəti qeyd edərkən belə demişdir:
“Şeyx [Şeyx Tusi] “əl-Ğeybə” kitabında İmamların (ə) imamətinə dair sünni təriqləri ilə nəql etdiyi hədislər arasında bu hədisi nəql etmişdir..”[1].
Bundan sonra Şeyx Hürr Amuli “vəsiyyət” rəvayətini qeyd etmiş, daha sonra rəvayətə fikir bildirərək demişdir:
“Gizli deyil ki, əvvəldə “əl-Ğeybə” kitabından nəql edilən rəvayət [“vəsiyyət hədisi”] sünni təriqli rəvayətlərdəndir. O rəvayət bu məsələdə [yəni, on iki məhdi məsələsində] höccət deyildir! O, yalnızca on iki imama işarət məsələsində höccətdir, bu da onun şiə rəvayətlərinə uyğunluğuna görədir. Şeyx [Tusi] bu rəvayətdən və başqa bir neçə rəvayətdən sonra qeyd etmişdir ki, rəvayət sünni məzhəbinin rəvayətlərindəndir. Hədisin (on iki imama işarətdən sonrakı) qalan hissəsi aydın deyildir. Keçən babın doxsan altıncı hədisində də açıq-aşkar qeyd edildi ki, Məhdi (ə)-ın övladları yoxdur”[2].
Budur, bu sahənin ustadı Şeyx Hürr Amuli (r.ə) rəvayətin sünni rəvayəti olduğuna və onun “məhdilər” məsələsinin isbatında höccət olmadığına şəhadət verir!
Başqa bir böyük alim Seyyid Abdullah Şubbər (r.ə) özünün “Məsabihul-ənvar” kitabında demişdir:
“Nəzərə almaq lazımdır ki, birinci hədisin [“əl-Ğeybə” kitabındakı rəvayəti nəzərdə tutur] raviləri sünni məzhəbindəndirlər”[3].
Bununla yanaşı, əgər biz Şeyx Tusinin (r.ə) vəsiyyət hədisindən iki səhifə əvvəldə on iki İmamın (ə) imamətinə dəlalət edən rəvayətləri qeyd edərkən nəql etdiyi başqa bir rəvayətə nəzər salsaq, görərik ki, rəvayət bu sənədlədir:
“Bir dəstə şəxs bizə ət-Təl`əkbəridən, o da Əbu Əli Əhməd ibn Əli ər-Razi əl-Əyadidən nəql edib dedi: mənə Hüseyn ibn Əli, Əli ibn Sinan əl-Mosuli əl-Ədldən, o Əhməd ibn Muhəmməd əl-Xəlilidən, o Muhəmməd ibn Saleh əl-Həmədanidən, o Süleyman ibn Əhməddən, o da Ziyad ibn Müslim və Abdullah ibn Yəzid ibn Cabirdən nəql etdi ki, sonuncu iki şəxs Səlamdan nəql edib demişlər…”.
Görürük ki, vəsiyyət hədisinin sənədində qeyd olunan ravilərdən ikisi – Əli ibn Sinan əl-Mosuli və Əhməd ibn Muhəmməd əl-Xəlil bu rəvayətin sənədində də qeyd olunmuşdur.
Şiə-imamiyyə alimlərinin bu rəvayət barədə dedikləri sözlərə müraciət etdikdə isə onların bu rəvayəti sünni rəvayəti hesab etdiklərini, onun ravilərini sünni məzhəbinin fəqihləri adlandırdıqlarını görürük! Bunun özü bir daha şahidlik edir ki, “vəsiyyət hədisi” adlandırılan rəvayətin sənədindəki şəxslər arasında sünni məzhəbli şəxslər vardır.
Şeyx Nəcaşi (r.ə) və Şeyx Tusinin (r.ə) şeyxlərindən[4] olan Əhməd ibn Əyyaş əl-Cəvhəri demişdir:
“Əshabul-hədisdən olan sünni camaatının on iki İmamın (ə) sayı və adları barədə nəql etdikləri rəvayətlər”.
Bunun ardınca demişdir:
“Belə rəvayətlərdən biri onların İmamların sayı və adları barədə Allah Rəsulunun (s) çobanı Əbu Səlmadan nəql etdikləri hədisdir. Əbul-Həsən Əli ibn Sinan əl-Mosuli əl-Ədl bizə nəql edib dedi: mənə Əhməd ibn Muhəmməd əl-Xəlili əl-Amuli nəql edib dedi: bizə Muhəmməd ibn Saleh əl-Həmədani nəql edib dedi: bizə Süleyman ibn Əhməd nəql edib dedi: mənə Rəyyan ibn Müslim, Əbudür-Rəhman ibn Yəzid ibn Cabirdən nəql edib dedi: Səlam ibn Əbu Umrənin belə dediyini eşitdim: Peyğəmbərin (s) çobanı Əba Səlmanın belə dediyini eşitdim: Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim…”[5].
Deməli, Şeyx Əhməd əl-Cəvhərinin (r.ə) nəzərində də Əli ibn Sinan əl-Mosuli və Əhməd ibn Muhəmməd əl-Xəlili sünni məzhəbli şəxslərdirlər.
Həmçinin, Seyyid ibn Tavus (r.ə) “ət-Təraif” kitabında bu rəvayəti qeyd edərkən demişdir:
“Belə rəvayətlərdən biri də onların [sünnilərin] “imamların ağası, Xarəzm xətiblərinin ən üstünü” adlandırdıqları Müvəffəq ibn Əhməd əl-Malikinin öz kitabında qeyd etdiyi rəvayətdir”[6].
Ardınca da rəvayəti yuxarıdakı sənədlə qeyd etmişdir.
Bundan da aydın olanı, Şeyx Hürr Amulinin bu rəvayət barəsində dediyi sözdür. Belə ki, Şeyx demişdir:
“..Adı çəkilən kitabda dörd məzhəbin ravilərinin nəql etdiyi bir rəvayət də vardır. Onu onların alimlərindən olan “sədrul-əmimmə” (imamların ağası) və “əxtəbu-Xarəzm” (Xarəzm xətiblərinin ən üstünü) adlandırılan Müvəffəq ibn Əhməd əl-Maliki öz kitabında nəql etmişdir. Rəvayət belədir: Bizə fəxrul-quzat Nəcməddin Əbu Mənsur Muhəmməd ibn Hüseyn ibn Muhəmməd əl-Bağdadi Həmədandan yazdığı məktubda nəql edib demişdir: bizə Şərif Nurul-huda Əbu Talib Həsən ibn Muhəmməd əz-Zeynəbi xəbər verib dedi: bizə imamların imamı Muhəmməd ibn Əhməd ibn Şazan nəql edib dedi: bizə Əhməd ibn Muhəmməd ibn Abdullah əl-Hafiz nəql edib dedi: bizə Əli ibn Sinan əl-Mosuli, Əhməd ibn Muhəmməd ibn Salehdən, o Salman ibn Muhəmməddən, o Ziyad ibn Müslimdən, o Əbdür-Rəhman ibn Zeyddən, o Cabirdən, o Səlamədən, o da Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) çobanı Əbu Süleymandan nəql edib dedi…”[7].
Hürr Amulinin bu sözü aşkar hədisin ravilərinin sünni məzhəbindən olduqlarına dəlalət edir.
Deməli bütün bunlarla aydın olur ki, sənəddəki Əli ibn Sinan əl-Mosuli və Əhməd ibn Muhəmməd əl-Xəlil sünni məzhəbindəndirlər. Bunun özü vəsiyyət hədisinin ravilərinin daha əvvəl dediyimiz kimi sünni məzhəbindən olmalarına başqa bir dəlildir. Sənədinin zəif olması ilə yanaşı hədis elminin böyük şəxsiyyətləri olan Seyyid İbn Tavus, Seyyid Şübbər, Şeyx Hürr Amuli və digər alimlərin bu rəvayətin sünni təriqli rəvayət olmasını bildirmələri, rəvayətin son dərəcə zəif və etibarsız olması üçün artıqlamasıyla kifayət edir.
Zuhuradogru.org
İstifadə olunan əsas mənbə:
“əş-Şuhubul-əhmədiyyə alə muddəil-məhdəviyyə”, Şeyx Əhməd Salman.
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
[1] əl-İyqaz min əl-həc`ə fil-burhan əla ər-rəc`ə: 362.
[2] Həmin mənbə: 368.
[3] Məsabihul-ənvar: 1/348.
[4] Birbaşa hədis nəql etdikləri şəxslər. Müt.
[5] Muqtəzəbul-əsər: 10.
[6] ət-Təraif fi mərifət ət-Təvaif: 173.
[7] əl-Cəvahir əl-səniyyə: 312.