“Üç yüz on üç nəfər“ barədə Şeyx Müfidin (r.ə) nəzəri

Bismillahir rəhmanir rəhim

 Şeyx Müfid (r.ə) “ər-Rəsail” əsərində deyir:

Böyük şəxslərdən birinin məclisinə getmişdim. İmamətdən söz düşdü. Söhbət gəlib “qeybət” məsələsinə çatdı.

Məclis sahibi dedi: Məgər şiələr Cəfər ibn Muhəmməd (ə)-dan nəql edib demirlər ki, “əgər imam üçün Bədr əshabının sayı qədər adam: üç yüz on üç nəfər şəxs yığılsa, qılıncla qiyam etmək ona vacib olar”[1]?

Dedim: Bəli, bu hədis nəql edilib.

Dedi: Məgər biz qəti şəkildə bilmirik ki, hal-hazırda şiələrin sayı Bədr əshabının sayından qat-qat artıqdır? Bəs bu rəvayətə rəğmən necə olur ki, İmam (ə) hələ də qeybdədir?

Ona dedim: Bu gün şiələrin sayı Bədr əshabının sayından çox olsa da, “toplanacağı zaman imama zühur etmək vacib olan həmin Bədr əshabının sayı qədər şəxs” hələ də bir araya gəlməyib. Hal-hazırda şərtləri və xüsusiyyətləri ilə birgə bu say hələ düzəlməyib. Ona görə ki, gərək bu insanların güclü şücaəti, görüşə səbri, cihadda ixlası olsun, onlar axirəti dünyaya üstün tutan, eyblərdən uzaq, sağlam düşüncəli və möhkəm insanlar olmalıdırlar və onların qılıncla qiyam etməsində ilahi məsləhət olmalıdır. Bu xüsusiyyətlər isə bütün şiələrdə mövcud deyildir. Əgər Allahu-təala bilsəydi ki, onların içərisində qeyd etdiyimiz şərtlərə malik üç yüz on üç nəfər insan var, heç şübhəsiz ki, bir an belə olsun İmamı qeybdə saxlamazdı. Lakin görünən budur ki, vəziyyət belə deyil (yəni, bu xüsusiyyətlərə sahib 313 nəfər şəxs yoxdur) və bu səbəbdən də İmam (ə) hələ də qeybdədir…

(Sonra dedim: ) Biz bunun bir bənzəri də Allah Rəsulunda (s) görmüşük. Belə ki, o həzrət əksəriyyəti əli yalın olan azacıq Bədr əshabı ilə birgə cihad etdi. Lakin Hüdeybiyyə günü adamlarının sayı Bədr əshabının sayından qat-qat artıq olmasına baxmayaraq döyüşmədi və sülh etdi. Biz bilirik ki, həzrət (s) bu iki işin hər ikisində doğru hərəkət etmişdi. Əgər o həzrət (s) bilsəydi ki, Hüdeybiyyədəki səhabələr də Bədr günündəki səhabələr kimidirlər, heç şübhəsiz ki, burada da sülh etməzdi. Bədr günündə olduğu kimi burada da cihad etməsi vacib olardı.

 

Şeyx Müfid, “ər-Rəsail fil-Ğeybə”

Tərcümə: Zuhuradogru.org

Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

 


[1]  Uyunu-Əxbarir-Riza: 1/63, Kəmalud-Din: 2/654, hədis 21 və s.

Leave a Comment