Tövbə və onun faydaları haqqinda bir neçə hədis

Bismillahir Rəhmanir Rəhim

1. İmam Sadiq (ə) buyurur: “Bəndə günaha yol verdiyi vaxt Allah-tәala ona yeddi saat möhlət verir. Əgər Allahdan bağışlanma diləsə ona günah yazılmaz. Bu saatlar ötsə və bəndə bağışlanma diləməsə günah yazılar. Həqiqətən də, mö`min günahdan iyirmi il sonra onu yada salıb Allahın dərgahından bağışlanma diləsə Allah onu bağışlayar. Kafir isə həmin saat günahını yaddan çıxarır.” 

 2. Əli ibn Rəab deyir: İmam Sadiqdən “başınıza gələnlər öz əməllərinizdəndir” ayəsinin təfsiri haqqında soruşdum. Dedim ki, həzrət Əlinin (ə) və ondan sonra ailəsinin başına gələnlərin səbəbi nədir? Axı onlar mə`sumdurlar. Sualımın cavabında imam buyurdu: “Hәzrәt Peyğəmbər (s) gün uzunu günah etmədiyi halda yüz dəfə Allahın dərgahına üz tutub tövbə qılırdı. Dostları günaha yol vermədiyi halda Allah onları çətinliyə salır ki, savab versin.”

3. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah bəndəsindən xeyir istədikdə günahına görə onu cəzalandırır, tövbəni ona xatırladır. Bəndəyə pislik istədikdə günahdan sonra ona ne`mət əta edir, tövbəni yadından çıxarır. Allah-tәala buyurur ki, onları bilmədikləri yolla tədricən həlak edərik.”

“Nəhcül-bəlağə”də günahkarlar və onlara nəsihətlə bağlı xütbədə buyurulur.

Günahkarlar azğınlıq yolunda heç nədən çəkinmədən addım atır. Nəhayət, Allah onları günahlarına görə cəzalandırır, onları qəflətdən oyatmaq istəyir. Ölüm onları yaxaladıqda axirətə üz tutur, dünyaya arxa çevirirlər. Belə ki, əldə etdikləri dünya ləzzətlərindən fayda olmur. Çünki, dünya ləzzətlərini özləri ilə gətirə bilmirlər. Ölümün gəlişi ilә bütün arzu-istəklər puça çıxır.

Özümü və sizi belə bir sonluqda həzər qılmağa çağırıram. Qəflət yuxusundan oyanaq, dünyanın müvəqqəti ləzzətlərinə təslim olmayaq. Bəsirət odur ki, insan Allah, peyğəmbər və mə`sum imamların nəsihətləri barədə düşünsün, dünyanın vəfasızlığını başa düşsün, ibrətlərdən faydalansın. Doğru yolu tutarkən bu yolun eniş-yoxuşlarında özünü gözləsin, şeytana aldanmasın. Özünü islah etməmiş azğınlara yol göstərməsin.

Ey insan! Qəflət yuxusundan oyan! Tələsmə, qarşına çıxan məsələlərdə Peyğəmbərin (s) buyuruqları haqqında yaxşı düşün. Peyğəmbər buyuruqlarına biganə insanlardan uzaq ol. Belələrini boşla. Təkəbbür, naz-qəmzə, eqоistliyi özündən uzaqlaşdır. Qəbrin haqqında düşün. Yolun oradan keçəsidir. Gördüyün işə görə cəzalanacaqsan. Nə əkəcəksənsə, onu da biçəcəksən. Öncədən göndərdiklərini Qiyamətdə əldə edəcəksən. Özünə yer hazırla, nə qədər ki, fürsətin var qarşıdakı gün üçün hazırlıq gör. Ey eşidən, həzər qıl, ey bixəbər çalış. Qiyamətin xəbərlərindən kimsə səni peyğəmbər və imamlаr kimi xəbərdar edəsi deyil. Qur`anın qəti hökmlərindən qaça bilməzsən. Bu hökmlərə əməl edənlər razı qalar. Müxaliflər üçün cəza hazırlanmışdır. İbadətdə özünə əziyyət verən, əməlini zahirən xalisləşdirən şəxs aşağıdakı beş sifətdən tövbə etməmiş nicat tapmaz:

1. Allaha qarşı şirk; ibadət və pərəstişdə Allaha şərik qoşmaq. Qur`an buyurur ki, Allahın mərhəmətinə ümid bəsləyən saleh iş görməli, ibadətdə ona şərik qoşmamalıdır.

2. İnsan bir başqasını öldürməklə qəzəbini aradan qaldırmamalıdır. Qur`an buyurur ki, mö’mini bilərəkdən öldürənin cəzası cəhənnəmdir.

3. Başqalarının pis işini açıqlamaq. Qur`an buyurur ki, iman gətirənlərin eyblərini açanları dünya və axirətdə ağrılı əzab gözləyir.

 4. Dində bid`ət yaratmaqla xalqdan təmənna. Qur`anda buyurulur ki, arzu-istəyinin ardınca gedəndən də azğını kimdir? 

5. Xalqla riyakar rəftar, ikili danışıq. Yə`ni birinə üzdə dost deyib, arxada düşmənçilik etmək. Qur`an buyurur ki, ikiüzlü insanlar cəhənnəm odunun ən aşağı dərəcəsində yerləşər. 

Aşağıdakı məsəl haqqında dərindən düşün. Hər bir misal oxşar hadisələrin mahiyyətini açıqlayır. Heyvanlar ot və su axtarışındadır. Yırtıcılar daim başqalarına zərər vurmağa çalışır. Qadınların məqsədi düya həyatını bəzəməkdir. İnsan şəhvət və qəzəb qüvvələrinə təslim olduqda heyvanlarla bir səviyyəyə enir. Əgər dünya zinətini məqsəd seçsə, qadınlar zümrəsinə qatılır. Hər bir bəndə mö`minlərin sifətini soraqlamalıdır. Mö`minlər Allah qarşısında təvazökar, xalqa nəsihətçil və mehriban, Allahın qəzəbindən qorxaqdırlar.

Pərvərdigara, bizə bəyəndiyin və razı qaldığın işlərdə tövfiq ver. Pərvərdigara, bizə itaət və günahdan uzaqlıq tövfiqi əta et. Bizə xalis niyyət və yanında olanlara münasibətdə mə`rifət buyur.

 

Ayətullah Müctəhidi Tehrani, Dörd risalə

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment