Tövbə və istiğfar

Bismillahir rəhmanir rəhim

 

Başlanğıc mərhələlərindən biri də tövbə və istiğfardır. İnsan qəflət, nadanlıq, heyvani və nəfsani qüvvələrin coşub-daşması nəticəsində günaha batarsa, gecikmədən Allahın mərhəmətinə sığınıb ondan bağışlanmasını istəsin. Tövbə və istiğfar suyu ilə qəlbini, ruhunu yuyub təmizləsin, əks təqdirdə səhlənkarlıq və işi bu gün-sabaha qoymaq özü də bir günah olub inadkarlığa dəlalət edər.

“Qurani-Kərim”dən belə faydalanırıq ki, tövbə iki şərtlə qəbul olunur: insan günaha küfr və inadkarlıq üzündən yox, öz cəhaləti və nadanlığı səbəbindən batmış olarsa; günaha batandan sonra vaxt ötürmədən peşman olub dərhal tövbə edərsə. Allah-təala bu barədə buyurur:

“Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunur ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edələr. Allah belələrinin tövbəsini qəbul edər! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!»

Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq.” («Nisa»-17,18).

Ey müsəlman bacı-qardaşım! Nə qədər gec deyil, tövbə et ki, vaxt azdır. Görün, Allah-təala öz bəndələri ilə hansı ahənglə danışır:

“İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan («Quran») üçün yumşalması vaxtı gəlib çatmadımı?” («Hədid»-16).

Günahı təkrarlamağın və tövbə etməməyin aqibəti

Günahından peşman olmayıb tövbə etməyi təxirə salanları qarşıda acınacaqlı bir aqibət gözləyir. İmam Sadiq(ə)-dən belə bir hədis nəql olunur:

“Atam (İmam Baqir)(ə) dəfələrlə deyərdi: «Qəlb üçün günahdan pis şey yoxdur, çünki ürək günaha batıb günahı təkrar etdikcə günah qəlbə hakim kəsilib onu xarabaya çevirir.” Yəni təbii olaraq, üzü Allaha tərəf olan qəlb qiyafəsini dəyişib qaralaraq bir daha haqq söz və nəsihət eşitmir. Bu, sonu küfrlə, Allah ayələrini təkzib və səmavi həqiqətlərə istehza etməklə bitən “Qurani-Kərim”in buyurduğu həmin yoldur:

“Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!” («Rum»-10).

İmam Sadiq(ə)-dən belə nəql olunmuşdur:

Allah-təala buyurur: «Əgər mənim bəndəm öz nəfsani istəklərini mənə itaət etməkdən üstün tutarsa, onu cəzalandırmaq üçün ən azı mənə münacat etməyin ləzzətini ondan alaram.”

Başqa bir hədisdə İmam Sadiq(ə) belə buyurur: “Şübhəsiz, günaha batan şəxs onun (günahın) təsirindən gecə namazından məhrum olur. (Mənəvi qidaları kəsməkdə) günahın təsirinin sürəti iti bıçağın əti kəsməkdə sürətindən daha çoxdur.”

Nəhayət, insan özünü o yerə çatdırır ki, onun qəlbinə və qulağına qəflət möhürü vurulub, qaranlıq və zəlalət pərdəsi gözünə çəkilərək mübarək: “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır.” («Bəqərə»-7) ayəsi ona şamil olur.

İndi ki «Quran» və dini övliyalar(ə) baxımından günahın zərərləri aydın oldu, onu qəlbin səhifəsindən təmizləməkdə səhlənkarlıq etmək səfehlərin və axmaqların adətidir. Çünki günah öldürücü bir zəhərdir. Əgər onu dəf etmək üçün bir tədbir görülməzsə, daha nicat tapmaq üçün bir yol qalmaz. Məgər ölümün qəflətən insanı haqlaması, hətta bir nəfəs çəkməyə belə möhlət verməməsi həqiqət deyilmi? Bəli, bu, “Qurani-Kərim”də buyurulduğu bir həqiqətdir:

“Artıq nə bir vəsiyyət etməyə iqtidarları çatar, nə də ailələrinin yanına qayıda bilərlər!” («Yasin»-50).

Uca Yaradan Peyğəmbər(s)-ə belə xitab edir:

“(Ey Mühəmməd!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü (qiyamət günü) ilə qorxut!” («Məryəm»-39).

O “vaxt deyərlər: “…Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” («Ənam»-27).

Lakin sonrakı peşmançılığın nə faydası. Bu arzu əməli olaraq heç vaxt həqiqətə qovuşmayacaqdır. Allah eləməsin ki, bir gün biz də belə demiş olaq: “… (İlahi) Öz ömrümü bu gün-sabah etməklə xarab etdim.” Buna görə də qəlbləri cilalayan istiğfarı unutmayaq. Bütün hallarda Allahı istiğfar etməklə yada salaq: istər vacib namazlarda, istərsə də müstəhəb namazlarda, hətta yatarkən belə istiğfar etmək lazımdır ki, bilmək olmaz, bəlkə yuxudan bir daha ayılmadıq.

Peyğəmbər(s)-in həyatı barədə belə nəql olunur ki, Allahın Rəsulu hər gün yetmiş dəfə “əstəğfirullah” deyərmiş. Bəzi hədislər də vardır ki, onun bir oturumda iyirmi beş dəfə “əstəğfirullah” deyərək istiğfar etməsi söylənilir. İstiğfar günahkarlara şəfa bəxş edən dərmandır. Bir hədisdə belə buyurulur:

“Hər bir dərdin dərmanı vardır. Günahların da dərmanı istiğfardır.”

Bunu da bilmək lazımdır ki, istiğfar və tövbə üçün ən yaxşı vaxt gecə yarısıdır. O zaman bütün qapılar bağlı və hamı yuxuda olur,lakin Allahın rəhmət qapıları o zaman bəndələrinin üzünə açıq olur.

Allah mömin bəndələri vəsf edərək buyurur:

“Onlar (müsibətlərə) səbir edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir. (sübh namazına qalxanlardır).” («Ali-İmran»-17).

Başqa bir ayədə isə buyurulur:

“Onlar gecələr (ibadətlə məşğul olub) az yatardılar. Səhərlər isə (Allahdan) bağışlanmaqlarını diləyirdilər.” («Zariyat»-17,18).

 

İslamda əxlaq1, Ayətullah Məhdəvi Kəni

Leave a Comment