Tarixdə yalançı “məhdi”lər

Bismillahirrəhmanirrəhim

 Tarixdə “məhdəviyyət” nisbəti verilən və ya öz həva-həvəsi üzündən özləri üçün məhdəviyyət iddiası edən şəxslər olmuşdur. Bəzi tarixçilər bu cür şəxslərin sayını qeyd etmiş və sayları təxminən əllidən artıq olmuşdur. (Bugün ortaya çıxan “Məhdi”ləri də nəzərə alsaq, bu rəqəm daha da artmış olacaq. müt.) Qeyd etmək lazımdır ki, onların bəzisinin nə nəsəbi, nə dini, nə ideologiyası, nə də məzhəbi bəlli olmuşdur. Bəzilərinin ruhi xəstələrə xass olan çox qəribə və qeyri-adi hərəkətləri olub. Onların bir qismi özü və tərəfdarları ilə birgə elə dəvətinin ilk günlərindəcə həlak olmuş və onlardan heç bir şey qalmamış, digər bir qismi isə ölmüş, lakin adı qalmışdır.

Hər halda.. Biz bu şəxsləri üç qismə bölə bilərik:

  1. Məhdəviyyət nisbət verilən şəxslər.

  2. Rəyasət və mal-dövlət sevgisi səbəbindən məhdəviyyat iddia edən şəxslər.

  3. İmperialistlər tərəfindən öyrədilib hazırlanan məhdəviyyət iddiaçıları.

Biz burada qısaca da olsa bu üç qurupa işarə edib misallar gətirəcəyik.

Birinci qism şəxslər : Bu cür şəxslər özləri belə bir iddia etməsələr də onların ətrafındakılar və ardıcılları onlar üçün belə bir iddia etmişlər. Məsələn, tarixdə məlumdur ki, Muxtar Səqəfinin tərəfdarları “Hənəfiyyə” kimi məşhur olan Muhəmməd ibni İmam Əli (ə)-a məhdəviyyət nisbət vermişlər. Və ya Zeyd bin Əli ibni Hüseyn (ə) qiyam edərkən tərəfdarları onun Məhdi olduğunu iddia etmişlər. Bu cür şəxslər o qədər də çox deyil.

İkinci qism şəxslər: Bu cür şəxslər riyasət, məqam, mal-dövlət və güc-qüdrət üçün belə bir iddia etmişlər. Belə şəxslər isə çoxdur.. Bunlara misal olaraq Məhdi Abbasini misal göstərmək olar. Zalım Abbasi xəlifəsi Mənsur Dəvaniqinin oğlu olan bu şəxsin “gözlənilən Məhdi” kimi tanınması Abbasi xilafətinin möhkəmlənməsi və dəstək görməsi üçün çox faydalı ola bilərdi. Bu səbəbdən də onlar belə bir həyasızlığa əl ataraq hədislərdə gələn vəsflərlə heç bir əlaqəsi olmayan və barəsində  heç bir xəbər verilməyən bir şəxsi Məhdi olaraq tanıtdırdılar.

  Qəribəsi odur ki, bu cür şəxslər “yer üzünü zülm və ədalətsizliklə dolduğu kimi ədalət və düzlüklə doldurmaq” bir yana, zülm və ədalətsizliyi bir zərrə belə azaltmadıqları və əksinə durmadan artırdıqları bir halda yenə də onlara inanan avam və cahil şəxslər tapılmışdır. Buradan isə bir daha aydın olur ki, məhdəviyyət məsələsi ilə bağlı maariflənmək və məlumat əldə etmək ümmət üçün nə dərəcə faydalı və mühüm bir işdir.            

Üçüncü qism şəxslər: Müstəmləkəçilər öz məşhur siyasət üsulları olan “parçala və hökm et” prinsipini həyata keçirmək üçün bir çox hiyləgər addımlar atmış və atırlar. Belə addımlardan biri də cəmiyyətləri batil inanc, din və məzhəblərlə parçalamaq, aralarında təfriqə salmaqdır. İslam ölkələrində bu plan müxtəlif cür həyata keçirilmişdir. Bu üsullardan biri də ortalığa batil məhdəviyyət iddiaçıları çıxarmaq olmuşdur. Bu iddiaçılar imperialistlərin planları və hədəfləri uğrunda Məhdilik iddiası etmişlər. İmperialist və istismarçı güclər onları hazırlayıb xüsusi təlimlər keçmiş, sonra isə onlara göstəriş verərək məhdəviyyat iddiası etmələrini əmr etmişlər. Bu cür batil iddia sahibi olan şəxslərə misal olaraq rus casusu tərəfindən hazırlanan Bəhai dininin qurucusu Əli Məhəmməd Babı göstərmək olar.

  Aşağıda isə bu üç qurupdan hansı birinə aid olmalarını dəqiq bilmədiyimiz bəzi şəxslərin adlarını qeyd edirik:

1-Ubeydullah Məhdi bin Muhəmməd Həbib bin İmam Cəfər Sadiq (ə). Fatimilər dövlətinin qurucusudur.

2-Muhəmməd bin Abdullah bin Tumrat Ələvi Həsəni. Məhdi Hərəi kimi məşhurdur.

3-Abbas Fatimi. Məğribdə (şimali Afrikada) ortaya çıxıb.

4-Seyyid Əhməd. 1243 hicri ilində Hindistanda ortaya çıxıb.

5-Muhəmməd bin Əli bin Muhəmməd əs-Sənusi. Liviyada ortaya çıxıb.

6-Qulam Əhməd Qadiyani. Pakistanda iddiasına başlayıb.

7-Muhəmməd Əhməd Məhdi Sudani.

Seyyid Kazim Qəzvininin “Əl-İmamul-Məhdi; minəl-məhd iləz-Zuhur” kitabından əlavələrlə tərcümə

Leave a Comment