Tarixdə ilk yalançı Məhdi Müaviyə ibn Əbi Süfyandır

Bismillahir Rəhmanir Rəhim

İbn Həmmad “Əl-fitən” kitabında (1/370) Vəlid ibn Hişam əl-Mutidən,  o da Əban ibn Vəliddən nəql edir ki,dedi: İbni Abbasın Müaviyənin yanında belə dediyini eşitdim: “Allah Məhdini biz Əhli-beytdən göndərəcək”.

Deyirəm: Müaviyənin Bəni Haşimdən olan Məhdini (ə.f) inkar etməsi üçün özünün Məhdi olduğunu iddia etməsinin səbəbi məhz bu sözdür!

Seyyid ibn Tavus “Məlahim və fitən”də (s.115) tanınmış tarixçi Təbərinin (vəzir Əli ibn İsa ibn Cərrah üçün yazdığı) “Uyunu əxbari bəni Haşim” kitabına istinadən nəql edir ki, Təbəri öz sənədi ilə deyir: “Bir gün Müaviyə Bəni Haşimin yanına gəlib dedi: Siz peyğəmbərliyə sahib olduğunuz kimi xilafətə də sahib olmaq istəyirsiniz. Halbuki bu ikisi bir şəxsdə cəm olmaz. Canıma and olsun ki, sizin xilafət barəsindəki dəlilləriniz camaatı çaşdırmaq üçündür! Siz deyirsiniz ki, “biz Əhli-beytik, necə ola bilər ki, nübüvvət bizdə olsun, amma xilafət başqa birisində?” Bu, zahirən bəzədilmiş bir şübhədir. Şübhə ona görə “şübhə” (“bənzəyən”) adlanıb ki, o haqqa bənzəyir və haqqla səhv salınır. Xilafət ümumi camaatın rəyi və xüsusilərin şurası ilə Qüreyş arasında dövr edir.

Camaat heç vaxt deməyib ki, “kaş Bəni Haşim bizə hakimlik edəydi, əgər Bəni Haşim bizə hakimlik etsəydi bu bizim dünya və axirətimiz üçün faydalı olardı”. Onlar sizdən başqasının (xilafətini qəbul ediblər). Əgər siz dünən ona (xilafətə) qarşı zahid idinizsə, bəs nə üçün bu gün onun üstündə bizimlə döyüşürsünüz?

Siz iddia edirsiniz ki, sizin Haşimi bir hakimiyyətiniz və qiyam edən bir Məhdiniz var. Halbuki “Məhdi” İsa ibn Məryəmdir. Bu iş (xilafət) biz onu İsaya (ə) təhvil verənədək bizim əlimizdə olacaq. Canıma and olsun ki, əgər siz hakimiyyətdə olsanız camaat üçün Ad qövmünün küləyi və Səmud qövmünün ildırımından betər olarsınız!

Sonra Müaviyə susdu. Bəni Haşimin içərisindən Abdullah ibn Abbas ayağa qalxıb Allaha həmdü-səna etdi və dedi: (Ey Müaviyə) sənin dediyin bu sözə gəlincə ki, biz nübuvvət (dəlilindən istifadə edərək) xilafətə yiyələnə bilmərik, (o zaman de görüm) əgər xilafətə nübuvvət (dəliliy)lə yiyələnməsək bəs nə ilə yiyələnməliyik?!

Sənin bu sözünə gəlincə ki, xilafət və nübuvvət bir şəxsdə cəm ola bilməz, bəs onda pak və uca olan Allahın bu kəlamı hara getmiş olur: “Biz İbrahim ailəsinə kitab və hikmət, həmçinin, böyük bir mülk verdik” (Nisa surəsi, 54) Belə ki, buradakı “kitab” peyğəmbərlikdir, “hikmət” sünnədir, “mülk” isə xilafətdir. Biz İbrahim ailəsiyik. Allahın əmri bizim və onların içərisində birdir, sünnə bizim içərimizdə və onların içərisində (eyni cür) cərəyan edir. Sənin bu sözünə gəlincə ki, bizim dəlillərimiz qaranlıq və çaşdırıcıdır, (xeyr, elə deyil,) and olsun Allaha ki, o günəşdən daha aydın, aydan daha işıqlıdır. Sən bunu yaxşı bilirsən, lakin bizim sənin qardaşını, babanı, əmini və dayını (Bədrdə) öldürməyimiz, sənin arxa çevirib üz-gözünü turşutmağına səbəb olub. Çürüyüb aradan getmiş sümüklərə görə və Haviyəyə (cəhənnəmə) getmiş ruhlara görə ağlama! Şirkin uca tutduğu, İslamın isə alçaltdığı qanlara görə qəzəblənmə! Camaatın bizim xilafətimizi qəbul etməməklərinə gəlincə isə, (bil ki) onların bizi məhrum etdikləri şey bizim onları məhrum etdiyimiz şeydən böyük deyil! Hər bir işin əsl mahiyyəti ortaya çıxan zaman haqqı sabit olar, batili aradan gedər. Sənin bu sözünə gəlincə ki, biz bizim bir hakimiyyətimiz və Məhdimiz olduğunu iddia etmişik, bil ki, iddia Allahın kitabında şirk hesab edilir: “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Xeyir, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz”. (Təğabun surəsi, 7) (Ey Müaviyə, biz sənin dediyin kimi sadəcə iddia etmirik, əksinə) hamı şəhadət verir ki, bizim bir hakimiyyətimiz və bir Məhdimiz var. Əgər dünyanın sonuna bir gün belə qalmış olsa, Allah onu yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi düzlük və ədalətlə doldurmaq üçün göndərəcək. Əgər siz bir gün hakimiyyət etsəniz, biz iki gün edəcəyik, əgər bir ay etsəniz, biz iki ay edəcəyik, bir il etsəniz, biz iki il edəcəyik! Sənin bu sözünə gəlincə ki, Məhdi İsa ibn Məryəmdir, (bil ki) İsa Dəccala qarşı vuruşmaq üçün enəcək. O zaman Dəccal onu görən kimi piy əridiyi kimi əriyəcək. İmam bizdən bir şəxs olacaq və İsa (ə) onun arxasında namaz qılacaq. Əgər istəsən sənə onun adını deyərəm. Ad qövmünün küləyi və Səmud qövmünün ildırımına gəlincə isə, onlar əzab idilər, bizim hakimiyyətimiz isə rəhmətdir”. (Həmçinin, Əmali, Şeyx Müfid, 14, Kəşfül-ğümmə, 2/51)

Lakin Müaviyə bununla kifayətlənmədi. O öz əlaltıları vasitəsilə belə bir hədis icad etdi ki, güya Allah Rəsulu (s.ə.a.s) onun barəsində dua edərək “Müaviyə hidayət edən Məhdidir” deyə buyurub. Belə ki, Əhməd ibn Hənbəlin “Müsnəd”ində (4/216) Əbdürrəhman ibn Əbi Umeyrə Əzdidən, o də Allah Rəsulundan (s.ə.a.s) nəql edir ki, Allah Rəsulu (s.ə.a.s) Müaviyəni yad edib buyurdu: “İlahi, onu hidayət edən və Məhdi qərar ver və ona rəhbər ol!” HəmçininTirmizi (5/350) və digərləri də bunu nəql etmişdir!

Bundan sonra Müaviyə saray alimlərindən saxta şəhadətlər alaraq onları şahid tutdu ki, Allah Rəsulu (s.ə.a.s) Müaviyənin vəd edilən Məhdi olduğunu buyurub! “Tarixi Dəməşq”də (59/172) Ə`məşdən, onun vasitəsilə də Mücahiddən nəql edir ki, deyir: “Əgər Müaviyəni görsəydiniz, deyərdiniz ki, bu Məhdidir!!” (Həmçinin, Nihayə, İbn Kəsir, 8/143)

Əhli-sünnə məzhəbli bir sıra alimlər bu sözləri sənəd baxımından zəif hesab etsələr də, digər bir dəstə bunları səhih bilmişlər! Bunlara misal olaraq qədim və müasir iki sələfi alimini; İbni Teymiyyəni və Nasirəddin Albanini göstərə bilərik. Biz ixtisara riayət edərək sadəcə İbn Teymiyyənin rəyi barədə qısaca məlumat veririk. İbn Teymiyyə bu sözləri zəif hesab etməyib özünün “Minhacus-sünnə” kitabında (6/233) onları səhih qəbul etmişdir. Deyir: “Yunis Qətadədən nəql edir ki, dedi: “Əgər Müaviyənin əməllərini görsəydiniz, çoxunuz deyərdi ki, bu Məhdidir!”. Həmçinin bunu İbni Bəttə də sabit sənədlə iki cəhətdən: Ə`məş və Mücahiddən nəql etmişdir. (Sonuncu deyir:) “Əgər Müaviyəni görsəydiniz, deyərdiniz ki, bu Məhdidir!”. Əbu İshaq barədə nəql edilir ki, Müaviyənin adını çəkib dedi: “Əgər siz onu görsəydiniz yaxud onun zamanında yaşasaydınız, deyərdiniz ki, Məhdidir! . Eyni zamanda dəlil olaraq Abdullah ibn Əmr Asın sözünü gətirir: “Müaviyənin yeganə üstünlüyü bundadır ki, o Məhdi kimi vəsf edilib!”. Nasirəddin Albaninin bu barədə rəyini öyrənmək üçünsə Hafiz Səqqafın “Fi tənaquzatil-Albani əl-vadihat” kitabının 2/229-cu səhifəsinə baxa bilərsiniz.

Deyirəm: Müaviyə və onun İbn Teymiyyə və Albani kimi ardıcıllarının iddiasına cavab olaraq bunu soruşmaq kifayətdir: Nə oldu bəs, Rəbbi tərəfindən hidayət olunmuş Məhdi olan imamınız Müaviyə yer üzünü düzlük və ədalətlə doldurmadı?!

 

Şeyx Əli Kurani, “Əl-mucəmul-məvzui li-Əhadisil-İmamil-Məhdi (ə.f)”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment