Bismillahir Rəhmanir Rəhim
Bir çox şiə və sünni hədis mənbələrində bu “xəzinələr” barədə məlumat verilmişdir. Suyutinin “Kənzul-ummal” əsərində (c.7/262) İmam Əli (ə)-dan nəql edilir ki, deyir: “Xoş olsun Taliqana, izzət və cəlal sahibi Allahın onda bəzi xəzinələri vardır. Onlar nə qızıldandırlar, nə də gümüşdən. Lakin onlar elə şəxslərdirlər ki, Allahı lazımınca tanıya bilmişlər. Onlar axirəz-zəmanda Məhdinin köməkçiləridirlər”. Başqa bir hədisdə isə həzrət (ə) buyurur: “Bəh-bəh olsun Taliqana!” (Yənabiul-məvəddə, Qunduzi, İstanbul çapı, 449) Bu qeyd edilənlər sünni mənbələrində yer alan hədislərdən cüzi bir hissə idi. Şiə mənbələrinə gəlincə isə, misal olaraq “Biharul-ənvar” kitabında gələn bu hədisi göstərə bilərik. Əli ibn Əbdül-Həmid öz sənədilə İmam Sadiq (ə)-dan həzrətin belə buyurduğunu nəql edir: “(Allah)ın Taliqanda bir xəzinəsi vardır ki, nə qızıldandır, nə də gümüşdən. (Orada) bağlanıldığı gündən bəri açılmayan bir bayraq var. (Orada) elə kişilər var ki, sanki qəlbləri dəmir parçasıdır; o qəlblərə Allahın zatı barədə şəkk yol tapmaz, onlar yanar od parçasından daha şiddətlidirlər, əgər dağlarla qarşılaşsalar onları yerindən qopararlar! Onlar öz bayraqları ilə hansı şəhərə (məntəqəyə) gedərlərsə, oranı dağıdarlar (məğlub edərlər). Sanki onların atlarının üzərində qartallar var. Onlar İmamın atının yəhərinə əllərini sürtüb bununla bərəkət əldə etmək istəyərlər. Onlar İmamı əhatəyə alarlar və döyüş vaxtı özlərini onunla gücləndirərlər (ona baxıb güc alarlar). Böyürləri üstə yatarlar, səhərə atları üzərində çıxarlar. Onlar gecələrin ibadət edənləri, gündüzlərin şirləridirlər. Onlar ümmət içərisində Ağalarına ən çox itaət edənlərdirlər. Onlar sanki qəlblərində qəndillər (lampalar) olan çıraqlar kimidirlər. Onlar Allahın qorxusundan tir-tir əsir, şəhadət diləyir və Allah yolunda öldürülmək ümüdü ilə yaşayırlar. Onların şüarı “Ya Ləsaratəl-Hüseyn” (“Hüseynin qanının intiqamı”)dir…” (52/307)
Tədqiqatçılar Taliqan dağı barədə, onun yerləşdiyi yer, adı və ya mənası barədə müxtəlif fikirlər söyləmişlər. Biz Taliqan barədə öz istədiyimiz kimi təvil vermək istəmirik. Biz sadəcə olaraq bunu qeyd etmək istərdik ki, “Taliqan” adı Elbrus dağ silsiləsində yerləşən və Tehranın təxminən 100 km şimal-qərbində mövcud olan bir bölgəyə verilən addır. Bu bölgə Taliqan adı ilə tanınır və bir neçə kənddən ibarətdir. Burada şəhər yoxdur. Bu kəndlərin sakinləri təqva və Qurana bağlılığı ilə seçilirlər. Hətta İranın şimal bölgələrində olanlar Quran elmlərini öyrənmək və bunun üçün uzun müddət bu bölgədə qalmaq üçün Taliqan kəndlərinə gəlirlər.
Taliqandan söz açan hədislər burada İmam Məhdi (ə)-ın xüsusi köməkçilərinin olduğunu bildirir, lakin dəqiq olaraq saylarını açıqlamır. Bu hədislər həmin böyük şəxslərin və köməkçilərin çox ali sifətlərə sahib olduqlarını bildirir. Belə ki, onlar Allahu-təalanı tanıyır, bəsirət və yəqin əhlidirlər, döyüşdə qəhrəman və sarsılmazdırlar, Allah yolunda şəhid olmaq istəyirlər, həzrəti Seyyidüş-şühədanı (ə) sevirlər və şüarları onun intiqamını almaqdır, həzrəti İmam Məhdi (ə)-a olan etiqad və sevgiləri dərin və möhkəmdir.
Doktor Vaili, “Fi rihabil-İmamil-Huccətil-Muntəzər (ə)”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.