Tərbiyə üsulu və ilahi təkamül yolu

Bismillahir rəhmanir rəhim

 

Ariflər şeyxi həzrət Şeyx Əli Pəhləvani xüsusi tərbiyə üsuluna, ilahi təkamül yoluna sahib olmuşdur. İllər uzunu Əllamə Təbatəbainin dəyərli hüzurundan bəhrələnmiş, onun ürfani incəliklərinə varmışdır. O, şiə ariflərinin yolunu izləmiş, böyük arif Ayətullah-üzma axund molla Hüseynqulu Həmədanidən bəhrələnmişdir. Onların Qur`an, Peyğəmbər (s) və Əhli – beyt (ə) göstərən yola dərin e`tiqadı olmuşdur. Ustad öz nurani həyatı boyunca bu böyük məktəbin tanınmış yetirmələri ilə görüşmüş, onların düşüncə və həyatı ilə tanış olmuşdur.

Amma onun özünün də çox gözəl və nurani əməl üslubu olmuşdur. Ustad özündən əvvəlki ariflərin düşüncələrini ümumi şəkildə özündə əks etdirmiş, onların mə`rifət nurundan öz ilahi təkamülündə yetərincə faydalanmışdır.

Ustad onunla görüşə gələnlərin həqiqətən ilahi yol keçmək arzusunda olduğunu gördükdə onları hərarətlə qarşılamış, öz ağuşunu açmışdır. Orta yaşlarda olduğu vaxt yanına gələnləri xüsusi bir şövqlə qarşılamış, özü onlar üçün çay hazırlamış, onlara xidmət göstərmişdir. Şagirdlərdən biri onun ölümünə təəssüflənib ağlayaraq deyirdi: “Hətta almanı doğrayar, öz əli ilə şagirdlərinə yedirərdi”. O öz şagirdlərinin tərbiyəsi ilə can-dildən məşğul idi. Əgər şagirdlərdən biri öz təkamülünə maraq göstərsəydi, verilən tapşırıqları yerinə yetirsəydi, onu tövhid maarifi dərsinə də`vət edərdi.

Ustad adətən Allah aşiqləri üçün məğrib və işa namazlarından sonra məclis qurardı. Hansı məclisdə kimlərin iştirak edəcəyini xüsusi bir qayda ilə tə`yin edərdi. Bu seçimdə hər bir kəsin ilahi tərbiyədə keçdiyi mərhələ nəzərə alınardı. Bu yığıncaqlardan bə`ziləri iyirmi ilədək davam etmişdi.

Bu qəbil məclislərdə adətən şagirdləri tövhid maarifi ilə tanış edəcək məsələlər açıqlanardı. Səy göstərilərdi ki, iştirak edənlər göstərişləri yerinə yetirməkdə daha çox çalışıb, daha çox agahlıq əldə etsinlər. Eşitdiyim və ya bildiyim şeylərdən biri də budur ki, onların məclislərində Seyid ibn Tavusun “İqbalul- ə`mal” kitabından dualar oxunardı. Hafizin divanındakı qəzəlləri ustad özü şərh edərdi. Mə`rifət əhli buyuruqlarının şərhi onun böyük və dəyərli əsərlərindəndir.

Əllamə Təbatəbainin mə`rifət dərslərindən ibarət olan “Ləbbül-bab” risaləsi, Seyid Bəhrül-ülumiyə məxsus mə`rifət kitabı, Saib Təbrizinin seçilmiş tövhidi şe`rləri məclisdə mütaliə olunan mənbələr idi.

Rəcəb və şə`ban aylarında bu iki aya məxsus dualar oxunar və araşdırılardı. Ramazan ayında bütün məclisləri dayandırar, öz mə`budu ilə xəlvətə çəkilər, gecə-gündüz raz-niyaza məşğul olardı.

İlin bütün günlərini Qumda olardı. Dostlarına mə`rifət yönümündə məsləhətlər verərdi. Əlbəttə ki, gündüzlər günortayadək elmi araşdırmalara məşğul olardı. Günortadan sonra axşam azanınadək bütün vaxtını şagirdlərə sərf edərdi. Tələbələrinin mə`rifətlə bağlı məktublarına cavab verərdi. Bu məktubların hər biri çox dəyərlidir. Şagirdlər həmin məktubları iftixarla əzizləyir. Bu məktublar bir yerə toplanıb çap olunarsa, həmin ilahi insandan böyük töhvə olar. Həmin məktublar əsasında onun tərbiyə üsulu ilə dəqiq tanış olmaq mümkündür. Bundan əlavə tələbələri, mə`rifət yolçusu olan dostlarını qəbul edər, onların problemlərinin həlli üçün bacardığını edərdi. İlahi yol yolçularına göstərişlər verərdi. Son illərdə pillələrlə qalxıb-enmək çətin olduğundan günortadan sonralar gələrdi. Girişə yaxın pillədə əyləşib sualları cavablandırardı. Bə`zən bu sorğu-suallar beş saat uzanardı. Məğrib və işa namazlarından sonra da daim məclisləri olurdu. Ətrafındakıların əxlaqi tərbiyəsinə xüsusi diqqət yetirirdi.

Tarixini unutmuşam, bir gün onun hüzurunda söhbətlərindən feyz alırdıq. O buyurdu: “Əllamə Təbatəbaidən ilahi yol, mə`rifət səfəri ilə bağlı göstərişləri aldıqdan sonra, əksər yetirmələrinin iş ardınca getdiyi bir vaxt hiss etdim ki, Əllamə mə`nəvi təkamülü ilə bağlı nailiyyətlərini açıqlamaqdan çəkinir. Çalışırdım ki, onu bir yolla danışdırım. Hər gün suallar hazırlayır, onun xidmətinə gedib danışdırmağa sə`y göstərirdim. Dediklərini qəlbən qəbul edir, sonra bütün söylədiklərini yazırdım. Onun buyurduqlarını mə`rifət əhlinin buyuruqları ilə tutuşdururdum. Əllamə mə`rifət əhlinin işlətdiyi terminlərdən istifadə etməzdi. Şeyx Əli Ağa Pəhləvani bildirir ki, Əllamə Təbatəbai çox qapalı bir adam idi və soruşulmayan bir şey haqqında danışmazdı. Onun nəzərincə, Əllamənin özü ilə apardığı tövhid sirləri açıqladığı sirlərdən qat-qat artıq olmuşdur.

Şeyx Əli Ağa Pəhləvani Əllamənin həyatı dövründə onun dəyərli xəzinəsi vasitəsi ilə şagirdlər tərbiyə etməyə başlamışdır.

O, ilahi mə`rifət yolunda çox aram idi. Addımları sabit bu insan lətif, sıxıntısız göstərişlər verərdi. Çox çalışardı ki, şagird bir mərhələni tam başa vurmamış o birinə keçməsin. İlkin mərhələlərdə büdrəyənlər çox olur. Ustad mə`rifət yolçusunu ağır yükləməz, onun agahlıqla hərəkət etməsinə çalışardı. Şagirdlərin yuxuda və ayıq vaxtı rastlaşdıqları ruhiyyə ustadın dərslərinin məhsulu idi. Şeyx Əli Ağa Pəhləvani hər bir şagirdə diqqətlə nəzarət edirdi. Onların hər əməldə sabitqədəm olmasına çalışırdı. Xarakter, ruh və cisim baxımından yolçunun sağlamlığı mühüm sayılırdı. Qədim tibbdən mə`lumatlı olan ustad şagirdlərinə bu yönümdə də məsləhətlər verirdi. O sağlam orqanizmi ilahi mə`rifət yolçusu üçün e`tibarlı minik sayırdı. Daim tapşırırdı ki, şagirdlər sağlamlıqlarını qorusunlar. Bildirirdi ki, belə olmasa yaşa dolanda ibadət çətinlik törədər.

Çox sadə göstərişlər verirdi. Zahirən sadə olan bu tapşırıqların batinində böyük tə`sir vardı.

Bir gecə buyurdu: “Dostlardan birinin (şagirdləri haqqında danışanda həmişə belə deyərdi) yaxın qohumu ayaqlarının revmatizmindən əziyyət çəkirdi. Məndən dərman istədilər. Dedim ki, ayaqyoluna gedəndə özünü pakladıqdan sonra hökmən parça ilə qurutsun. Bu rütubət ayaqlara pis tə`sir göstərir. Cavanlıqda da olmasa, qocalıqda insan ayaq ağrılarından əziyyət çəkir. Tövsiyəni xəstəyə çatdırdılar. Bir müddət sonra həmin şəxsin sağaldığını bildirdilər.”

Həmişə tapşırardı ki, dəstəmaz aldıqdan sonra yaş əllə libasın qollarını aşağı salmasınlar. Bu işin bədən üçün zərərli olduğunu bildirirdi. Deyirdi ki, dəstəmaz suyu ilə islanmış paltar bədənin istisi ilə quruduqda mənfi tə`sir göstərir. Onun nəzərincə, bir çox sümük və əzələ ağrılarının səbəbi bu idi.

Ariflərdən, Məhəmməd Cavad Nurməhəmmədi

Leave a Comment