Təqvanın tərifi

Bismillahir rəhmanir rəhim

 Adətən təqva mənfi bir proqram, yəni günahlardan çəkinmək və pəhriz etmək kimi təqdim olunur və belə təsəvvür edilir ki, ictimai işlərdə iştirak etməklə təqva halətinin qorunub saxlanması çox çətindir, hətta qeyri-mümkündür də. Çünki insanın nəfsi təbii olaraq günahlara meyl edir, əgər ictimai məsuliyyətləri qəbul edərsə təbii olaraq günaha doğru çəkiləcəkdir. Buna görə də ya təqvalı və pəhrizkar olmalı və ictimai işlərdən kənara çəkilməli, ya da ictimai məsuliyyətləri qəbul edərək təqvanı əldən verməlidir. Çünki onların hər ikisinin bir yerə yığışması qeyri-mümkündür.
Bu cür təfəkkürdən belə çıxır ki, insan nə qədər guşənişin olsa bir o qədər təqvalı olacaqdır. Amma ayələrdə, hədislərdə və “Nəhcül-bəlağə”də təqva müsbət bir dəyər kimi qiymətləndirilir. Təqva yalnız günahın tərk olunması deyildir. Əksinə bundan ibarətdir ki, insanda batini bir qüvvə olsun və onunla nəfsini nəzarət altına ala bilsin ki, davamlı məşğələlər, riyazətlər nəticəsində nəfs üçün belə bir səciyyə hasil olsun və nəfsini o qədər gücləndirsin ki, Allahın əmrlərinə müti, qeyri-qanuni nəfsani istəklər və meyllər qarşısında müqavimətli və sabit olsun. Lüğətdə də təqva həmin mənadadır.
Təqva qoruyub-saxlamaq mənasında olan “viqayə kökündən alınmışdır. Təqva yəni, «özünü saxlamaq» və «nəfsi nəzarət altına almaq.» Təqva mənfi və inkari bir iş deyil, insana müsbət sifət və toxunulmazlıq verən bir xüsusiyyətdir. Təqva insanın şəriət qanunları və göstərişlərinə itaət etməklə əlaqədar vəfalı qalmasıdır. Hər günahın tərk edilməsinə təqva deyilmir. Əksinə, təqva insanda günahın tərk edilməsi, nəfsin nəzarət alınması ilə əlaqədar səciyyənin yaranmasıdır. Təqva ən yaxşı axirət ehtiyatıdır. Bu da mənfi deyil, müsbət bir işdir. Nümunə üçün Əmirəl-möminin Əliyyibni Əbitalibin (ə) kəlamlarından bir neçəsinə diqqət yetirin:
“Ey Allah bəndələri, sizi təqvaya tövsiyə edirəm! Çünki təqvanın nəfs ilə münasibəti onu yaxşılıqlara doğru çəkən bir cilov kimidir. Belə isə təqvanın möhkəm iplərinə sarının, onun həqiqətlərindən tutun ki, sizi aramlıq və rifah mənzillərinə, geniş vətənlərə, hifz olunan pənahgahlara və izzət mənzillərinə çatdırsın.”
“Həqiqətən təqva sizin üçün bir pənahgah və sipər, sabah (qiyamət) üçün behiştə doğru olan aşkar bir yoldur ki, onu keçənlər fayda aparar, onu əmanət alanlara mühafizəçi olar.”
“Ey Allah bəndələri, agah olun (və bilin) ki, təqva möhkəm bir pənahgahdır. Günah və təqvasızlıq təməlsiz bir evdir ki, sakinlərini saxlayıb ona sığınanları qoruya bilməz. Bilin ki, təqva ilə günahların zəhərləri və tikanları kəsilir.”
“Ey Allah bəndələri! Həqiqətən təqva Allah övliyalarını günahdan elə saxlayır və Allahdan qorxunu onların qəlblərində elə qərarlaşdırır ki, gecələri ibadət etmək və Allahla raz-niyaz üçün oyaq qalır, gündüzləri oruc tuturlar.”
“Həqiqətən təqva bu dünyada sənin üçün sığınacaq və ölümdən sonra səadətdir.”
Gördüyünüz kimi bu hədislərdə təqva müsbət və vücudi bir dəyər, insanı çirkinlikdən saxlayıb ona toxunulmazlıq verən bir qüvvə, güclü nəzarətçi bir amil kimi təqdim olunur. Təqva bir cilova bənzəyir ki, onun vasitəsilə günahkar, ipə-sapa yatmayan nəfs, onun istək və meylləri nəzarət altına alınır və tənzimlənir. Təqva möhkəm bir qalaya və hasara bənzəyir ki, insanı batini düşmənlərinin – yəni qanunsuz nəfsani istəklərin və şeytani həvəslərin hücumlarından qoruyur. Təqva şeytanların öldürücü və zəhərli oxlarının qarşısını alan bir sipərə bənzəyir. Təqva insana azadlıq verir, onu həvayi-nəfsin zəncirlərindən, əsarətindən xilas edir, boynundan hərislik, tamahkarlıq, həsəd, şəhvət və qəzəbin buxovlarını götürür. Təqva məhdudiyyət deyil, nəfsi nəzarət altına almaq və onu mülkiyyətə keçirməkdir. Təqva insana izzət, şərafət və şəxsiyyətdə müqavimət verir, qəlbi şeytani fikirlərin hücumundan saxlayıb ilahi mələklərin nazil olması və müqəddəs nurların saçması üçün hazırlayır, əsəb sisteminə aramlıq və xatircəmlik verir. Təqva insanı soyuqdan, istidən və bəzi hadisələrdən qoruyan paltara və evə bənzəyir.
Quranda buyurulur: “Təqva paltarı daha xeyirlidir.” Deməli, təqva mənfi bir sifət deyil, müsbət bir dəyər və axirət üçün yol ehtiyatıdır. Əlbəttə, Quranda və hədislərdə təqva günah qarşısında qorxmaq, onu tərk etmək mənasında da gəlmişdir. Lakin bunlar təqvanın özü deyil, onun tələbləridir.
Ayətullah İbrahim Əmini, Nəfsin saflaşdırılması 
Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment