Təqvanın mənası

Bismillahir rəhmanir rəhim

 

Təqvanın mənası budur ki, insan Allah-Taalanın ona əmr etdiyi işi görsün, vacib əməlləri yerinə yetirsin, haramlardan çəkinsin. Bu, təqvanın birinci mərhələsidir. Allahın haramlarını tanımaq və onun ətrafına hərlənməmək lazımdır. Şeytan vəsvəsə edir. Hövzə və ya universitet tələbəsinin, yaxud digər bir təbəqədən, şəhərli və ya kəndli olan bir möminin, Bəsic üzvü olan bir gəncin qəlbində təqva, Allah sevgisi, Allahla bazarlıq etmək, Onu xatırlamaq, zikr, dua və təvəkkül ruhiyyəsi qərar tutub inkişaf etdikdə (Quranda deyilən) möhkəm və sarsılmaz sıra yaranırvə onu tərpətməyə heç nəyin gücü yetmir. Bu, İslam və inqilab məqsədlərinin inkişafının zəmanətçisidir. Bunun qədrini bilmək lazımdır.

Quranda çox əsaslı bir məqam var, onu siz əziz gənclərə demək yaxşı olar. Bu məqam təqvaya diqqət yönəltməkdən ibarətdir. İnsanlar təqvanı təsvir etmək istəyəndə yadlarına namaz, oruc, ibadət, zikr və dua düşür. Bunların hamısı təqvada ola bilər, amma heç biri təqvanın mənası deyil. Təqva – yəni özündən ehtiyatlı olmaq; təqva – yəni insan nə iş gördüyünü bilsin və özünün hər bir hərəkətini iradə, fikir və qərarla seçsin. Sanki bir insan ram bir at üzərində oturub, atın cilovunu tutub və haraya getdiyini bilir. Təqva budur.

Əgər biz təqvanı belə izah etsək, mənim fikrimcə, yolu asanlıqla getmək olar; əlbəttə, yenə də çox asanlıqla yox, amma hər halda, mümkün olar. Bir gəncin islamçı yaşamaq yolunu tapması doğrudan da mümkün bir işdir.

Təqva nədir və həyatın müxtəlif sahələrində təqvalı olmaq mümkündürmü? Təqva günahdan, xətadan, səhvdən, çirkinlikdən, yoldan yayınmadan və nəfsə itaətdən çəkinmək, düzgün vəzifə xəttinə könül verməkdən ibarətdir. Müxtəlif sahələrdə uğur qazanmaq üçün təqvalı olmaq lazımdır. Təqva hər bir uğurun şərtidir, yalnız dinə məxsus deyil, lakin dini təqva aydın, işıqlı, şirin və yaxşı aqibətlidir.

Məktəbdə dərs oxuyan bir uşaq və yeniyetmədən tutmuş evdar qadına və haradasa çalışan hər bir insana qədər hamı təqvalı olmalıdır ki, düzgün yolla gedib məqsədə çata bilsinlər.

Bir yeniyetmə öz mühitinə, peşə və iş vəziyyətinə xas təqva olmadan dərs oxumaq məqsədinə çata bilməz. O, səhvdən, nəfsin həvəslərindən, dəcəllikdən və onu fəaliyyətindən saxlayan hər bir işdən çəkinməlidir. Bu onun təqvasıdır. Evin içində bir qadın və iş yerində bir kişi də belədir.

Allahın yolu ilə getmək və düzgün haqq yolunda hərəkət etmək istəyən bir mömin təqvalı olmalıdır ki, Allahın razılığını qazanıb ilahi nurdan istifadə edə, uca mənəviyyat mərhələlərinə çata və Allah dininin hakimiyyətinə qovuşa bilsin. Din və iman yolunda hərəkət edən hər bir fərd üçün təqva dini vəzifəyə riayət etmək, nəfsin istəklərinə və ehtiraslara boyun əyməmək və Allahın yolundan yayınmamaqdır.

 

 Əxlaq və mənəviyyat (Ayətullah Xamenei), Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei

Leave a Comment