Bismillahir rəhmanir rəhim
Quranda buyurulur: “Ey iman əhli! Əgər təqvalı olsanız Allah sizə (haqqı batildən fərqləndirən nur) furqan verər.” Yəni Allah sizə səadətlə bədbəxtçilik, mənafe ilə zərəri ayırd edə biləsiniz deyə, bəsirət gözü verər.
Quranın bütün insanlar üçün nazil olmasına baxmayaraq, onunla yalnız müttəqilər hidayət olunur və öyüd-nəsihət alırlar. Buna görə də buyurulur: “Quran camaat üçün bir xəbərdarlıq, təqva əhli üçün isə hidayət və öyüd-nəsihətdir.”
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Həqiqətən təqva sizin qəlbinizin xəstəliklərinə şəfa verən bir dərman, qəlb gözünüzün açılması üçün bir səbəbdir.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Əgər şeytanlar bəni-adəmin qəlbinin ətrafına fırlanmasaydı, onlar mələkut aləmini müşahidə edərdilər.”
İmam Cəfər Sadiq (ə) atasının belə buyurduğunu nəql edir: “Qəlbi günahdan da artıq korlayan bir şey yoxdur. Qəlb günah ilə çarpışır, elə bir həddə çatır ki, günah onu məğlub və alt-üst edir.”
Bu kimi ayə və hədislərdən məlum olur ki, təqva insanın bəsirətli, əql sahibi, düzgün dünyagörüşlü olmasına səbəb olur, idrak və ayırd etmə qüvvəsini gücləndirir. Əql insanın vücudunda əmanət qoyulan çox dəyərli bir gövhərdir. İnsan onun vasitəsilə məsləhət və zərərləri, xeyir və şəri, xoşbəxtlik və bədbəxtlik amillərini və nəhayət, edilməli və edilməməli şeyləri bir-birindən ayırd edir. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Bədəndəki əql Haqqın peyğəmbəridir.”
Əqlin üzərinə belə bir vəzifə qoyulmuşdur və o bu işi yerinə yetirməyə qadirdir. Lakin bu şərtlə ki, qüvvələr və qərizələr onun hakimiyyətini qəbul etsinlər, onun qarşısında müxalifət və maneçilik törətməsinlər. Həva-həvəslər əqlin düşmənidir. Ona öz işini lazımi şəkildə yerinə yetirməsinə mane olur. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Həvayi-nəfs əqlin düşmənidir.”
Düzdür, bədənin idarə olunması və hakimiyyəti əqlə həvalə edilmişdir və əql də onu yerinə yetirə bilər. Lakin nəfsani qərizələr və meyllər onun müvəffəqiyyət qazanmasına mane olan ən böyük amillərdir. Əgər qərizələrdən biri, yaxud hamısı normal vəziyyətdən çıxaraq tüğyan edərsə və əqlin işinə maneçilik törədərsə, bu halda əql öz vəzifəsini yerinə yetirməyə necə müvəffəq ola bilər? Belə insanın əqli vardır, lakin onda dərk və ayırdetmə qüvvəsi yoxdur. Onun silahı vardır, lakin həvayi-nəfs, şəhvətlər və qəzəblər onun üzünü qaranlıq bulud, qalın toz kimi tutmuş, nurunu söndürmüş və həqiqətləri dərk etməsinin qarşısını almışlar. Şəhvətpərəst bir adam özünün həqiqi mənafeyini necə ayırd edər və şəhvətin tüğyançı qüvvəsini necə cilovlaya bilər? Xudbin insan öz eyblərini nə vaxt tanıya bilər ki, onu da islah etmək qərarına gəlsin? Sair sifətlər də, o cümlədən qəzəb, tamah, həsəd, kin-küdurət, təəssüb, inadkarlıq, mal-dövləti, məqam və rəyasəti sevmək və s. xislətləri özündən necə uzaqlaşdıra bilər?
Əgər bunlardan biri, yaxud bir neçəsi nəfsə hakim kəsilsə əməli əqli həqiqətləri dərk etməkdən saxlayacaq, amma əql bunların əksinə olaraq bir iş görmək istəsə bunun qarşısında çoxlu maneələr icad edərək dad-fəryad qoparacaq, mühiti əql üçün qaranlıqlaşdıracaq və onu öz vəzifəsini yerinə yetirməkdə bacarıqsız və aciz edəcəkdir. Həvayi-nəfsin əlində əsir olan bir şəxs hətta öyüd-nəsihətdən belə nəticə almayacaqdır. Quran ayələri və moizələr qəlbinin qəsavətini daha da artıracaqdır.
Deməli, təqvanı bəsirət, aydın fikirlilik və vəzifəni tanımağın ən mühüm amillərindən biri hesab etmək olar.
Bu bəhsin sonunda qeyd etməliyik ki, “təqva bəsirətin artmasına səbəb olur” dedikdə məqsəd nəzəri əqldə və həqiqətlərin dərk olunmasında bəsirətli etməsi deyil, əməli əql və vəzifənin ayırd edilməsini, başqa sözlə desək, “olmalı” və “olmamalı” şeyləri ayırd etməkdir. Təqvasız adamın riyaziyyat, təbabət və sair kimi elmi məsələlərdən də aciz olmasını təsəvvür etmək düzgün olmaz. Baxmayaraq ki, təqva onun şüurunun inkişafında və ayıqlığında müəyyən qədər təsir göstərir.
Ayətullah İbrahim Əmini, Nəfsin saflaşdırılması