Qeyb dövründə kimə müraciət edək?

Bismillahir Rəhmanir Rəhim

 Məlum olduğu kimi, xilafət məsələsində müxaliflərə istidlal edərkən adətən belə deyirik: mümkündürmü ki, Allah Rəsulu (s) vəfat etsin, lakin ümməti onlara şəri hökmləri açıqlayan və onların başında duran bir rəhbərsiz qoyaraq dünyadan getsin?!

Görəsən bu sualı Əhli-beyt (ə) barədə verdikdə cavab necə olar? Ola bilərmi ki, Əhli-Beyt İmamları (ə) onlardan biri qaib olduğu zaman ümməti başıboş və sərgərdan vəziyyətdə buraxsınlar və elə təkcə onların bu hallarına ağlamaqla kifayətlənsinlər? Ola bilərmi ki, həzrəti Sadiq (ə) məsələn, Misirdə və ya lap elə Bəsrədə olan bir şiəsini başıboş və rəhbərsiz bir halda qoysun? Ola bilərmi ki, onlar (ə) müəyyən bölgələrdə o bölgənin əhalisinin dini və ictimai məsələlərdə müraciət edə biləcəkləri xüsusi şəxslər təyin etməsinlər? Və ya ola bilərmi ki, həzrəti Sahibul-Əmr (ə.f) qeybə çəkilsin, lakin bu uzun və imtahanlarla dolu olan “qeybət əsrində” insanlar üçün heç bir rəhbər və sığınacaq təyin etmədən onları öz başlarına buraxsın? Ola bilərmi ki…, ola bilərmi ki… ?

Bu siyahını çox uzatmaq olar, lakin biz bu kiçik yazımızda hədislər əsasında isbat etməyə çalışacağıq ki, əslində məsələ heç də suallarda qoyulduğu kimi deyil.

Aşağıda qeyd ediləcək hədislər bunu açıq-aşkar şəkildə isbat edir.

Biz müəyyən başlıqlar altında bir-bir hədisləri qeyd etmiş və hər bir başlıqdakı hədislərdən sonra mümkün qədər qısa şəkildə izahlar verməyə çalışmışıq. Qeyd edilən hədislər vasitəsilə bu məsələlərin “hüzur” dövründə necə olmasını göstərmiş, daha sonra isə onların “qeyb” dövründə də sabit qaldığını isbat etməyə çalışmışıq.

Pak Əhli-Beyt İmamları (ə) bəzi səhabələrinə fətva izni verirlər:

1-İmam Sadiq (ə) Muhəmməd ibn Müslimə deyir: “Mədinə məsçidində oturub camaat üçün fətva ver! Mən şiələrimin içərisində sənin kimilərinin görünməsini xoşlayıram”. (Vəsailuş-şiə, 27/144, Rical Kəşşi: 1/136, 219)

2-Əmirəl-möminin (ə) Qəsəm ibn Abbasa məktub yazıb belə buyurur: “Onlar üçün zöhr və əsr namazlarında əyləşib fətva istəyənə fətva ver! Cahili öyrət, alimin yadına sal!” (Nəhcül-Bəlağə, hədis 67)

3-Muaz ibn Müslim ən-Nəhvi bir hədisində İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql edir: “Mənə belə xəbər çatıb ki, sən məsçiddə oturub camaat üçün fətva verirsən? Dedim: Bəli. Elə istəyirdim çıxmazdan öncə sizdən bu barədə soruşum. Mən məsçiddə əyləşirəm. Bir nəfər gəlib məndən bir məsələ barədə sual soruşur. Əgər bilsəm ki, o şəxs sizə müxalif adamdır, ona öz (məzhəblərinə uyğun) cavab verirəm. Yox əgər görsəm ki, yanıma gələn şəxsin sizə məhəbbəti və məvəddəti var (sizi sevənlərdəndir) o zaman ona sizdən gəlib çatanları xəbər verirəm. (Lakin bəzən olur ki) elə bir adam gəlir ki, onun kim olduğunu bilmirəm və onu tanımıram. Belə olduqda deyirəm: filankəs belə deyib, filankəs elə. Beləcə sizin dediyiniz sözü bu şəkildə cavaba daxil edirəm. Muaz deyir: Həzrət (ə) mənə dedi: “Belə et, mən də belə edirəm”. (Vəsailuş-şiə, 18/108)

Qeydlər: Hədislər sübut edir ki, imam şiələr üçün “mərcə” təyin etmiş və onlara fətva vermək tapşırığı vermişdir. Məlum məsələdir ki, belə şəxslərin olması və onların fətva verməsinə yaranan ehtiyac imamla (ə) şiələr yaşayan həmin məntəqələr arasındakı məsafənin uzaq olması və orada yaşayan camaatın əllərinin imama (ə) “çatmaması”dır. Belə olunca imam (ə) bir nəfəri təyin edərək, onu o bölgədə mərcə (insanların müraciət etdiyi şəxs) təyin edir.

Bəs görəsən belə olduğu təqdirdə kimsə deyə bilərmi ki, həzrəti Sahibul-Əmr (ə) qeybə çəkildiyi zaman insanlara din və dünya işlərində müraciət edəcəklər bir şəxs və ya şəxslər təyin etməmişdir?! Axı bu zaman da insanların əlləri İmama (ə) çatmamış olur! Görəsən bu vəziyyət ilə, Əmirəl-mömininin (ə) və ya həzrəti Sadiqin (ə) zamanındakı vəziyyət arasında nə qədər fərq var ki?! Nə üçün o zaman “mərcə” təyin edilə bilər, bu gün isə yox?!

Əhli-Beyt İmamları (ə) ucqar yerlərdə yaşayan şiələrə özlərinin xüsusi səhabələrinə müraciət etməyi tapşırırlar:

1-Abdullah ibn Əbi Yəfurdan nəql edilir ki, deyir: Əba Əbdillah (ə)-a dedim: Mən hər istədiyimdə sizinlə görüşə bilmirəm və sizin yanınıza gələ bilmirəm. (Elə olur ki) əshabımızdan olan bir şəxs mənə yaxınlaşıb bir şey soruşur və mənim onun soruşduğu şey barədə tam məlumatım olmur (nə edim?). İmam (ə) buyurdu: “Sənə Muhəmməd ibn Müslim əs-Səqəfiyə (müraciət etməyə) nə mane olur? Həqiqətən də o mənim atamdan (ə) (hədis) eşitmişdir və onun yanında sayılıb-seçilən birisi idi”. (Vəsailuş-şiə: 27/144, Rical Kəşşi: 1/136, 273)

2-Yunis ibn Yaqubdan nəql edilir ki, deyir: Əba Əbdillah (ə)-ın yanında oturmuşduq ki, həzrət buyurdu: “Məgər sizin bir sığınacağınız yoxdur? Məgər elə bir güvənc yeriniz yoxdur ki, ona arxalanasınız? Sizə Haris ibn Muğeyrə əl-Nəsriyə (müraciət etməyə) nə mane olur?!” (Vəsailuş-şiə: 27/145, Rical-Kəşşi: 2/237-620)

3-Əli ibn Müseyyib Həmədanidən nəql edilir ki, deyir: Rıza (ə)-a dedim: Yolum uzaqdır və hər vaxt sizin yanınıza gələ bilmirəm. Dini hökmlərimi kimdən əxz edim? Buyurdu: “Din və dünya məsələlərində güvənilir şəxs olan Zəkəriyya ibn Adəm əl-Qummidən!” Əli ibn Müseyyib deyir: Qayıtdıqdan sonra Zəkəriyya ibn Adəmin yanına getdim və mənə lazım olanları ondan soruşdum. (Vəsailuş-şiə: 27/136, Rical-Kəşşi: 2/858-1112)

4-Müslim ibn Əbi Həyyədən nəql edilir ki, deyir: Əba Əbdillah (ə)-ın xidmətində idim. Həzrətdən ayrılmaq istədikdə onunla vidalaşdım və dedim: İstəyirəm mənə bir şey deyəsiniz. Buyurdu: “Əban ibn Təğlibin yanına get! O məndən çoxlu hədis eşitmişdir. O məndən sənin üçün nə (hədis) nəql etsə, onu mənim adımdan nəql edə bilərsən”. (Vəsailuş-şiə: 27/137)

5-Əbdül-Əziz ibn Muhtədidən nəql edilir ki, deyir: Demək olar ki, sizin yanınıza gəlib dini məlumatlardan bilmək istədiyimi sizdən soruşa bilmirəm. Görəsən, Yunis ibn Əbdür-Rəhman güvənilir bir şəxsdir ki, dini məlumatlarımı ondan əxz edim? Buyurdu: “Bəli”. (Vəsailuş-şiə: 27/137, Rical-Kəşşi: 2/490-935)

6-Şüeyb Əqərqufidən nəql edilən səhih bir hədisdə deyilir: Əba Əbdillah (ə)-dan soruşdum: Bəzən olur ki, bir şey barəsində sual soruşmalı oluruq, kimdən soruşaq? Buyurdu: “Əsədidən! Yəni, Əbu Bəsirdən”. (İxtiyar mərifətir-Rical: 1/400)

7-Əli ibn Suveyd əs-Saidən nəql edilir ki, deyir: Əbul-Həsən (ə) zindandan mənə məktub yazıb bildirdi: “Ey Əli, sənin bu sözünə gəlincə ki, dini biliklərini kimdən əxz edəsən, (bil ki) nəbadə dini hökmlərini bizim şiələrimizdən başqasından əxz edəsən! Əgər sən onların (qeyri-şiələrin) yanına gedib dini biliklərini onlardan alsan, o zaman Allaha və Rəsuluna, (həmçinin) öz əmanətlərinə xəyanət etmiş xainlərdən almış olacaqsan!…” (Vəsailuş-şiə: 27/150, Rical-Kəşşi: 1/3-4)

Qeydlər: Bu hədisi-şəriflər isə az əvvəl qeyd etdiyimiz qeydi təyid edər xüsusiyyətdədilər. Belə ki, hədisləri diqqətlə incələdiyimiz zaman bəlli olur ki, ucqar bölgə və ölkələrdə yaşayan tərəfdarlar imamdan onlar üçün müraciət edə biləcəkləri bir şəxs təyin etməsini istəyirlər və imam (ə) da bu tələbə müsbət cavab verərək o bölgədə yaşayan ən təqvalı, ən savadlı və ən dərin bilikli şəxsi onlar üçün mərcə təyin edir. Üstəlik bu şəxs nəinki təkcə dini məsələlərdə, həmçinin dünyəvi-ictimai məsələlərdə də müraciət obyekti rolunu oynayır. (bax: 3-cü hədis)

Bu halda belə bir nəticə əldə etmiş oluruq ki, əgər insanların əlinin imama (ə) çata bilməməsi – imamlarının onlardan uzaq bir məntəqədə yaşaması imam (ə) tərəfindən onlar üçün mərcə təyin edilməsi ilə nəticələnirsə, deməli imamları (ə.f) qeybdə olan bir dəstə üçün bu cür mərcələr təyin edilməsi gərəklidir! Başqa sözlə; görəsən deyə bilərikmi ki, həzrəti Sahibul-Əmr (ə) qeybə çəkilmiş, lakin əlləri imamlarına çatmadığı bir zamanda öz şiələri üçün müraciət edə biləcəkləri bir “sığınacaq”, “güvən yeri” göstərməmişdir? Bu mümkündürmü?

Cavabımız: Əlbəttəki, xeyr!

Elədirsə, bəs görəsən təyin edilmiş bu şəxslərin xüsusiyyətləri nələrdir və onlar cəmiyyətin hansı təbəqəsindəndirlər?

İmam (ə) qaib yaxud uzaqda olan zaman qeyrilərinə deyil, yalnız adil fəqihlərə müraciət edilməlidir:

1-Az öncə Əli ibn Suveyd əs-Saidən nəql etdiyimiz hədis buna dəlil sayıla bilər.

2-Ömər ibn Hənzələnin “məqbuləsi”. Ömər ibn Hənzələ deyir: Əba Əbdillah (ə)-dan əshabımızdan olub aralarında borc yaxud miras üstündə münaqişə olan iki şəxs barədə soruşdum. Onlar bu vəziyyətdə sultana yaxud qazilərə müraciət edirlər. Soruşdum ki, bu halaldırmı? Buyurdu: “Kim hər hansı haqq yaxud batil bir işə görə onlara müraciət edərsə, nəhy olunmuş tağuta müraciət etmişdir!… Dedim: Bəs əgər ixtilaf etmiş olsalar, necə davransınlar? Buyurdu: Sizin içərinizdən bizim hədislərimizi nəql edənə, halal və haramımıza riayət edənə, bizim hökmlərimizi tanıyana müraciət etsinlər. Hakim olaraq ondan razı qalsınlar. Mən belə bir şəxsi sizlərə hakim təyin edirəm! Əgər o bir hökm verər də, o hökm ondan qəbul olunmazsa, o zaman Allahın hökmü yüngül tutulmuş olar və bizə qarşı çıxılmış olar! Bizə qarşı çıxan da Allaha qarşı çıxmış kafirdir! Belə bir şəxs Allah şərik qoşmaq həddindədir. Əgər (bu şərtlərə malik iki fəqih) ixtilaf edərsə, o zaman onların içərisindən ən adil, ən fəqih, hədis nəql etməkdə ən doğruçu və ən vərəli olanının hökmü əsas götürülər. O birisinin verdiyi hökmə isə fikir verilməz… (Müstədrəkul-Vəsail: 17/311, İhticac: 355, Əvailil-liali: 4/78, hədis 69 və s.)

3-İmam Həsən Əskəri (ə)-dan nəql edilir ki, həzrət buyurdu: “Fəqihlər içərisində nəfsinə qarşı diqqətli olan, dinini hifz edən, həva-həvəsinə müxalif olan və Mövlasının əmrinə itaət edən şəxsə gəlincə, avam camaat ona təqlid etməlidir!” (Əvaidul-Əyyam, Nəraqi: 191, Hasrul-İctihad: 51)

4-İmam Sahibul-Əmr Məhdi (ə)-dan sadir olan mübarək məktubda belə gəlmişdir: “Qarşıya çıxan məsələlərdə hədislərimizi rəvayət edən şəxslərə müraciət edin. Onlar mənim sizin üzərinizə olan höccətimdirlər və mən də Allahın höccətiyəm!”

Qeydlər: Açıqca göründüyü kimi, Əhli-Beyt imamları (ə), o cümlədən də həzrəti Sahibul-Əmr (ə) öz şiələri üçün müraciət yerləri təyin etmişlər və bu şəxslərin “halal-haramı tanıyıb nəfsinə qarşı diqqətli olan, dinini hifz edən, həva-həvəsinə müxalif olan və Mövlasının əmrinə itaət edən” fəqihlər olduğunu bildirmişlər. Onların “höccət” olduğunu vurğulamış, (öncəki hədislərlə tutuşdurduğumuz zaman) onların verdiyi hökmlərə qarşı çıxmağı Allahu-təalanın hökmünə qarşı çıxmaqla bir tutmuşlar!

Bəli, Əhli-Beyt (ə) daim öz şiələrinə qarşı diqqətli olmuş və onları düşünmüşlər. Onlar şiələrin ucqar və uzaq yerlərdə yaşaya bilməsi ehtimalını düşünmüş və onlar üçün çox çətin bir zaman gələcəyini hesab etmişdilər. Bu səbəbdən belə vəziyyətlərdə onlar üçün mərcə rolunu oynayacaq şəxslər hazırlamışlar.
Hişam ibn Salim Əba Əbdillah (ə)-dan nəql edir ki, həzrət buyurdu: “Atam vəfat etmək üzrə idi ki, buyurdu: Cəfər, sənə əshabım barədə yaxşı davranmağı tapşırıram. Dedim: Sənə fəda olum, and olsun Allaha ki, elə edəcəyəm ki, əgər onlardan birisi hansısa bir şəhərdə və diyarda olsa, kimsədən bir şey soruşmasın! (bundan ehtiyacsız olsun)” (Kafi: 1/306)

Bəli, həqiqətən də onların (ə) kəlamı və öyrətməsi ilə şiə məktəbi üləması daima qeyrilərindən müstəqil olmuş və hər bir zaman Əhli-Beyt (ə) elminə arxalanaraq hərəkət etmişlər!

 

Tədqiq: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment