“Təkvini” (təbiətdən gələn) və “təşrii” (şəriətlə təyin olunan) vilayət, hakimiyyət

Bismillahir rəhmanir rəhim

 

Şübhəsiz ki, vilayəti-fəqih dedikdə təkvini vilayət nəzərdə tutmuruq. Təkvini vilayət, varlıq aləmindəki işlərə müdiriyyət əsasən Allaha aid olan işdir. Bəzən Allah belə bir vilayətin, hakimiyyətin kiçik nümunəsini öz bəndəsinə əta edir. Təkvini vilayətdən bəhrələnən şəxs varlıq aləmindəki hadisələrə qatıla bilir. Peyğəmbərlərin və övliyaların möcüzə və kəramətləri bu qəbildəndir. Şiələrin etiqadına görə, bəndələr arasında təkvini vilayətin ən güclü nümunəsi İslam peyğəmbəri (s) və məsum imamlara verilmişdir. Hər halda vilayəti-fəqih haqqında danışarkən təbiət yox, şəriətin verdiyi hakimiyyəti araşdıracağıq. Amma mümkündür ki, fəqihdə təkvini vilayət nümunəsi olan kəramətlər də olsun.

Peyğəmbər (s), məsum imam və fəqihin cəmiyyətə müdiriyyətlə bağlı vəzifəsi təşrii vilayət sahəsinə aiddir. “Peyğəmbər (s) möminlərə onların özündən yaxındır” kimi ayələrdə, “mən kimin mövlasıyamsa Əli (ə) də onun mövlasıdır” kimi hədislərdə bu məsələyə işarə olunmuşdur. Təşrii vilayət dedikdə qanuni vilayət, hakimiyyət nəzərdə tutulur. Təşrii vilayət verilmiş şəxs qanun tənzimləmək, onları həyata keçirmək hüququ qazanır. Ətrafdakılar ona təslim olmalı, göstərişlərini yerinə yetirməlidir. Peyğəmbərin (s) möminlərə onalrın özlərindən yaxın olması dedikdə Peyğəmbər (s) əmrinə əməl etməyin zəruriliyi önə çəkilir. Bəli, Peyğəmbərin (s) göstərişi insanın öz istəyindən önəmlidir. Başqa sözlə, cəmiyyət ictimai məsələlərdə son söz deyəcək qüdrətə ehtiyaclıdır. Allah-taala qeyd olunmuş ayədə həmin qüdrət nöqtəsini tanıtdırır. Beləcə, vilayəti-fəqih dedikdə sadəcə məsləhət dəstəyi yox, qanunvericilik və icraçılıq hüquqları nəzərdə tutulur. Təşrii vilayətə etiqad budur ki, biz fəqihin hakimiyyətini qəbul edək, onun göstərişlərini başqalarının göstərişlərindən önəmli sayaq. Fəqihin belə bir hüquqa malik olduğu sübuta yetdikdə onun göstərişlərinə təslimçiliyin zərurəti də sübut olunur. Demək, Peyğəmbər (s) bir şəxsə onun istəyinə zidd göstəriş verərsə, həmin şəxs itaət etməlidir. Xüms və zəkat borcu olmayan bir şəxsə Peyğəmbər (s) hər hansı məbləği ödəməyi əmr edərsə, həmin məbləği ödəmək vacib olur. Mərhum imam Xomeyni (r) öz dərslərində bir məsələni tez-tez təkrarlayardı. Buyurardı ki, əgər İslam hakimi məndən əbamı istəsə, deyərəm baş üstə. Bəli, vəliyyi-fəqih əbanın verilməsini zəruri sayarsa, bu iş görülməlidir. Vilayəti-fəqihin mahiyyəti bundan ibarətdir. Son dövrlərədək bu prinsipə şübhə ilə yanaşanlar gözə dəymirdi. Cinsindən, yaşından, peşəsindən asılı olmayaraq hamı onu qəbul edirdi. Həmin baxışı təsdiqləyən hadisələrdən biri məhşur tənbəki hadisəsidir. Bir zaman mərhum Şirazi tənbəkini haram buyurdu. İnsanlar müctəhidin imam canişini olduğuna inandıqlarından bu əmrə itaət etdilər. Mərhum Şirazi buyurdu ki, tənbəki haramdır və ondan istifadə imama müxalifətdir. Həmin vaxt tənbəkidən istifadə edənlər qəlyanları sındırıb atdılar. Hətta Nasirəddin şahın zövcəsi şahın əlindən qəlyanı alıb çölə atdı. Hansı ki, həmin hökmə qədər tənbəki halal sayılırdı. Həmin vaxt hətta alimlər və müctəhidlər Mirzai Şirazinin hökmünə əməl edilməsini zəruri saydılar. Söhbətimizin davamında vilayəti-fəqih nəzəriyyəsinin dəlillərini zikr edəcəyik.

Vilayəti-fəqih təqlid, yoxsa təhqiq mövzusudur?

Vilayəti-fəqih mövzusu imamət mövzusunun ardınca gəldiyindən bəzən onu kəlam elminin mövzularından sayırlar. Kəlam elmində dinin üsulları, etiqad mövzuları araşdırılır. Allah, peyğəmbərlik və məad kəlamın əsas mövzularındandır. Kəlam elmində peyğəmbərlik sübuta yetirildikdən sonra sual yaranır ki, İslam peyğəmbərindən (s) sonra İslam cəmiyyətinə kim rəhbərlik etməlidir? Suala cavab araşdırılarkən imamət mövzusu diqqət mərkəzinə gəlir. Şiələr dəlillərə əsaslanaraq peyğəmbərdən sonra məsum imamların rəhbərliyini qəbul edirlər. Məsum imamların rəhbərliyi sübuta yetirildikdən sonra sual yaranır ki, bizim dövrümüz kimi imamlara əl çatmayan bir dövrdə rəhbərlik məsələsi necə həll olunur? Məhz bu məqamda vilayəti-fəqih mövzusu ortaya çıxır. Üsuli-dində, yəni etiqad məsələlərində təqlidə yol verilmədiyi aşkar bir həqiqətdir. Bəziləri elə təsəvvür etmişlər ki, vilayəti-fəqih üsul mövzusu olduğundan bu məsələdə təqlid etmək olmaz. Vilayəti-fəqihi qəbul edib-etməmək araşdırmalarla həll ediləsi məsələdir.

Amma həqiqət budur ki, kəlam elmində araşdırılan istənilən bir məsələdə təqlidə yol verilmədiyi düzgün deyil. Bir sıra kəlami mövzularda təqlid vacibdir. Birinci qəbr gecəsi məsələsi deyilənlərə misal ola bilər. Birinci qəbr gecəsi dedikdə dəfn gecəsi nəzərdə tutulur. Sual yaranır ki, birinci gecənin hökmü icra etmək üçün gecənin düşməsini gözləmək lazımdırmı? Əgər dünyasını dəyişən şəxsin cəsədi yanıb külə dönmüşsə və ya itmişsə, onun üçün birinci qəbr gecəsi olmur? Belə bir şəxsin birinci qəbr gecəsindəki sorğu-sualı necə həyata keçir? Beləcə, birinci qəbr gecəsi ilə bağlı bir sıra suallar yaranır. Bu vaxtadək həmin suallar araşdırılmamışdır. Hətta bu mövzu ilə xüsusi məşğul olacaq ixtisas da müəyyənləşdirilməmişdir. Əgər ixtisas olsaydı, mütəxəssislər həmin mövzunu ayrıca araşdırar və mötəbər din alimlərinin rəyləri əsasında bir qənaətə gələrdilər. Vilayəti-fəqih mövzusu bir tərəfdən kəlam mövzusu olsa da, mahiyyət baxımından araşdırılmaya ehtiyaclıdır. Hamıda araşdırma gücü yoxdur. Demək, araşdırma gücü olmayan şəxs bu sahədə başqalarının rəyinə istinad etməlidir.

Vilayəti-fəqih mövzusu üsul məsələsi olsa belə vəliyyi-fəqihin hökmünə riayət etmək, onun vəzifələrini tanımaq baxımından fiqhi bir məsələdir. Bu səbəbdən də fəqihlər öz kitablarında həmin mövzunu araşdırmışlar. Fiqhi məsələlərdə təqlid nəinki caizdir, hətta bəzən vacib sayılır.

Hər halda belə bir nöqtəni nəzərə almaq lazımıdır ki, vilayəti-fəqih prinsipinin isbatı mütəxəssislərin işidir. Amma bu sahədə çoxlu suallar yarandığından biz sadə bir dillə dəlilləri bəyan etməli oluruq. Amma uyğun mövzu ilə ətraflı şəkildə tanış olmaq üçün xüsusi ədəbiyyatları araşdırmağa ehtiyac var.

 

Ustad Misbah Yəzdi, Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış  

Leave a Comment