Süfyaninin şiələr ilə düşmənçiliyi

Bismillahir rəhmanir rəhim

 Hədislərdə Süfyaninin (l.ə) Əhli-Beyt (ə) şiələrinə qarşı çox qəddarca davranacağı qeyd olunmuşdur. Belə hədislərdən bir neçəsi belədir:

1-Hüzeyfə ibn Yəman Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir: “..Onlar bu halda ikən Süfyani Yabis vadisindən çıxıb (dərhal) Dəməşqə gələcək. İki qoşun göndərəcək. Birini Məşriqə[1], digərini isə Mədinəyə. (Şərqə gedən dəstə) gəlib lənətlənmiş şəhərə – Babilə (Bağdada) çatacaq. Burada onlar üç mindən çox insan qətlə yetirəcək, yüzdən çox qadına təcavüz edəcəklər.. Sonra Kufəyə gəlib ətrafındakı əraziləri xarabalığa çevirəcəklər…”. (Biharul-Ənvar: 52/186)

2-Əmirəl-möminin (ə) “xütbətül-bəyan”-da deyir: “…Bilin, bu Kufənizə görə vay halınıza. O zamanda Süfyani oraya gələrkən (yəni, Süfyaninin törədəcəyi müsibətlərə görə) vay olsun sizə. Vay halınıza Süfyani sizin Kufənizə gəlib məhrəmlərinizə sahib olduğu, uşaqlarınızı öldürdüyü və qadınlarınızın iffətini aradan apardığı zaman…”

Həmçinin, bu xütbədə deyilir: “Bilin, Süfyani üç dəfə Bəsrəyə daxil olacaq. Əziz olanları zəlil edəcək, qadınları isə əsir…”

Həmçinin, xütbədə gəlmişdir: “Süfyani Muhəmməd Ailəsinə (ə) olan kini və düşmənçiliyi səbəbindən adları Muhəmməd, Əli, Həsən, Hüseyn, Fatimə, Cəfər, Musa, Zeynəb, Xədicə, Ruqəyyə kəsləri qətlə yetirəcək”. (İlzamun-nasib: 2/173, xütbətül-bəyan)

3-İmam Baqir (ə)-dan nəql edilən mötəbər bir rəvayətdə deyilir: “Onun bütün qəzəbi bizim şiələrimizə görədir və bütün işi bizim şiələrimizlədir”. (Ğeybəti-Numani: 417)

4-İmam Baqir (ə)-dan belə nəql edilir: “Süfyani sayları yetmiş min olan bir qoşunu Kufəyə göndərəcək. Onlar Kufə camaatını öldürəcək, dara çəkəcək, əsir edəcəklər…” (Ğeybəti-Numani: 392)

5-Əmirəl-möminin (ə)-dan nəql edilən bir hədisdə deyilir ki, Süfyani şəhərləri dolaşıb elm əhli olan kəsləri öldürəcək. Sonra buyurulur: “Sonra bir dəstə adam göndərib uşaqları toplayacaq. Onlar üçün yağ qaynadacaq. Uşaqlar ona deyəcəklər: “Əgər bizim atalarımız sənə qarşı çıxıblarsa, bəs bizim günahımız nədir?!” Süfyani onlardan adları Həsən və Hüseyn olan iki uşağı götürüb edam edəcək. Sonra Kufəyə doğru hərəkət edəcək və orada da uşaqlara etdiyini təkrar edəcək. Kufə məsçidinin qapısında adları Həsən və Hüseyn olan iki uşağı asacaq. Sonra Yəhya ibn Zəkəriyyanın qanı qaynadıldığı kimi o iki uşağın da qanları qaynadılacaq. Süfyani bunu görüncə ölümə və bəlaya düçar olacağını anlayacaq və qaçıb Şama tərəf hərəkət edəcək”. (Əqdüd-Dürər: 93-94)

6-İmam Sadiq (ə) belə buyurur: “Biz və Süfyan ailəsi iki (ayrı) evin sakinləriyik. Onlar Allah barəsində bizimlə düşmənçilik edirlər. Biz deyirik Allah düz deyir, onlar deyirlər Allah yalan deyir. Əbu Süfyan Allah Rəsulu (s) ilə, Müaviyə Əli ibn Əbu Talib ilə (ə), Yəzid ibn Müaviyə Hüseyn ibn Əli (ə) ilə vuruşdu. Süfyani də Qaim (ə) ilə vuruşacaq”. (Mucəmu-əhadisil-imamil-Məhdi (ə): 3/467)

 

Seyyid Cəlal əl-Musəvi, “əs-Sufayni hətmun murr”

Tərcümə: Zuhuradogru.org

Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

 


[1]  Kufə Dəməşqin şərqində yerləşdiyinə görə böyük ehtimalla Kufəyə.

Leave a Comment