Bismillahir Rəhmanir Rəhim
Bəhsimizi çox uzatmadan bir başa mövzuya daxil olmaq istəyirik. Lakin mövzumuza daxil olmazdan öncə “istinbat” və ya “ictihadın” hansı mənaya gəldiyini qeyd etməyi zəruri bilirik. Çünki bu məfhumlar düzgün başa düşülmədiyi təqdirdə ümumən məsələnin qavranılması da müşkülə çevrilmiş olacaq. Biz lüğəvi mənalarına daxil olmadan istinbat və ya ictihadın tərifini veririk:
“İstinbat- İslamın praktiki qanunlarını lazımı qaynaqlardan dəqiqliklə dərk etmək və dərin nəticə əldə etməkdir”. (Şəhid Mütəhhəri (r.ə))
“İctihad” və “istinbat” kəlimələri bir-birlərinə yaxın məna daşıyırlar və dolayısı ilə “istinbat” edən şəxs, “ictihad” etmiş şəxs sayılır. İctihad və ya istinbat bir fəqihin nəss-dəlil tapa bilmədiyi zaman öz şəxsi fikrinə əməl etməsi deyil (belə ki, bu, qiyas sayılır). İstinbat və ya ictihad fəqihin hər hansısa bir hökmü mənbələrdən ələ gətirməsinə, araşdırıb üzə çıxarmasına deyilir. Buna görə də əgər siz qiyas edən birisindən “bu gəldiyin nəticənin dəlili nədir?” deyə soruşsanız, o sizə cavab verəcək ki, “öz şəxsi rəyimdir”. Lakin əgər siz eyni sualı bir müctəhiddən soruşsanız, deyəcəkdir ki, “filan-filan əsllərə baxdım və filan dəlillərə və nəsslərə əsasən bu qərara gəldim”. Göründüyü kimi bu iki məsələ arasında yerlə-göy qədər fərq vardır. Birinci dediyimiz “qiyas”, ikinci dediyimiz isə “ictihad” və “istinbat” sayılır. Buradan aydın olur ki, məsum İmamlar (ə) şəxsi rəyi inkar edib qəbul etmədikləri zaman əslində, birinci mənanı nəzərdə tutmuşlar. İkinci mənanı isə şəxsən özləri öz səhabələrinə tövsiyə etmişlər! Biz aşağıda məhz bunu, yəni, hədislər əsasında “istinbat” və “ictihad”ın caizliyini və məsumlar (ə) tərəfindən tövsiyə edildiyini isbat etməyə çalışmışıq. Burada əziz oxucudan tələb olunan, sadəcə mətni bir qədər diqqətlə oxumasıdır.
Hədisi-şəriflərə nəzər saldığımız zaman görürük ki, əslində ictihad və istinbat elə məsum imamların (ə) zamanından mövcud olmuşdur. Belə ki, buna bir sıra rəvayətlər işarə edir ki, onlara misal olaraq aşağıdakıları göstərə bilərik:
Muhəmməd ibn İdris Hilli “Sərair” kitabında Hişam ibn Salimin belə dediyini nəql edir: Əba Əbdillah Sadiq (ə) buyurdu: “Bizim üzərimizdə vacib olan üsulları sizə demək, sizə vacib olan isə onu bölməkdir (ondan nəticələr çıxarmaqdır)”. (Əs-Sərair: 57/20, Vəsail: 18/40, qazinin xüsusiyyətləri babı, hədis 51)
Həmçinin, Əhməd ibn Muhəmməd ibn Əbu Nəsr İmam Rıza (ə)-dan belə nəql edir: “Biz əsilləri (üsulu) sizə deyir, siz də onu bölürsünüz (ondan nəticələr çıxarırsınız)”. (Əs-Sərair: 57/21, Vəsail: 18/52, qazinin xüsusiyyətləri babı, hədis 52)
Şübhə yoxdur ki, hədislərdə keçən “əslləri bölmək” elə məhz ictihaddır! Bu gün bizim məktəbimizdə adına “ictihad” deyilən şey bundan başqa bir şey deyil. Bəli, müctəhidlər məhz “əsllərdən nəticə çıxarmaqla” ictihad və istinbat etmiş olurlar və bu əsasla fətva verirlər. “Əsl”in nə olduğunu daha yaxşı başa düşmək üçün aşağıdakı misallara diqqət yetirək: Məsələn, “yəqin şəkk ilə pozulmaz”[1] bir əsldir. Müctəhidlərin bu əsldən hökm çıxarıb istinbat etmələri isə hədisdə buyurulan həmin “bölmə” (“nəticə çıxarma”) hesab edilir. Həmçinin, “nə başqasına zərər vurmaq, nə də başqasının zərərini qəbul etmək rəva deyildir”[2] və “doqquz şey ümmətimdən götürülmüşdür…” [3] kimi buyuruqlar da bir “əsl”dirlər. Bütün bunlar və bunun kimi digər “əsillər” məsum imamlar (ə) tərəfindən açıqlanmış və imam uzaqda və ya qeybdə olduğu zamanda bu əsillərə əsasən hökm çıxarmaq – “istinbat” etmək göstərişi verilmişdir. Buna praktiki misal olaraq, İbn Əbi Leylinin hədisini də göstərmək olar.
İbn Əbi Leyli barədə rəvayət edilir ki, bir şəxs mübahisə etdiyi başqa bir şəxslə onun yanına gəlib deyir: Bu şəxs bu cariyə barədə mənimlə alver edib. O başını açdıqda onun gicgahında tük olmadığını gördüm. O (cariyə) isə iddia edir ki, onun ümumiyyətlə gicgahında tük olmayıb. İbn Əbi Leyli dedi: İnsanlar bu işdə hiylə edirlər, səni narahat edən nədir ki?
Şəxs dedi: Ey qazi, əgər bu (tük olmaması) eybdirsə, fətva ver (alver ləğv olsun)”.
Sonra ravi deyir: İbn Əbi Leyli bu sözdən sonra bir bəhanə ilə evdən çıxıb (İmam Sadiqin (ə) tələbələrindən olan) Muhəmməd ibn Müslimin yanına getdi və ona dedi: “Siz Cəfər ibn Muhəmməddən gicgahında tük olmayan qadın barədə nə nəql edirsiniz? Belə olduqda, bu, həmin qadın üçün eyb hesab edilər ya yox? (Əba Əbdillah (ə) bu barədə nə deyir?)”
Muhəmməd ibn Müslim dedi: “Bu barədə hədis (nəss) bilmirəm, lakin Əbu Cəfər (ə) mənə öz atasından (ə), o da öz ata-babalarından (ə), onlar da Peyğəmbərdən (s) nəql edib dedi ki: “Xilqətcə əsl (sabit) olan nə varsa, ona bir şey əlavə olunsa və ya ondan nəsə azalsa, bu eyb sayılacaq!” İbn Əbi Leyli ona dedi: “Kifayətdir!” Sonra həmin şəxslərin yanına qayıdıb bu vəziyyətin eyb olmasına fətva verdi. (Vəsail: 12/410) Diqqət edin, Muhəmməd ibn Müslim (r.ə) demir ki, “bu barədə bir şey bilmirəm və odur ki, fətva verə və ictihad edə bilmərəm!” Əksinə, cənab Muhəmməd ibn Müslim (r.ə) İbn Əbi Leyli üçün bir “əsl” nəql edir və o əsl də “xiqlətcə əsl olan nə varsa, ona bir şey əlavə olunsa və ya ondan nəsə azalsa, eyb sayılar” “əsli”dir.
“Uyun” kitabında İmam Rıza (ə)-dan belə nəql edilir: “Kim Quranın mütəşabehini möhkəmi ilə tutuşdurarsa, düzgün bir yola hidayət olar”. Sonra buyurdu: “Bizim hədislərimizdə də Quranın möhkəm ayələri kimi möhkəmlər və onun mütəşabehləri kimi mütəşabeh olanlar var. Elə isə, (hədislərimizin) mütəşabeh olanını möhkəm olanı ilə tutuşdurun. Onların möhkəmlərini nəzərə almadan mütəşabeh olanlarını əsas tutmayın ki, azarsınız!”(Uyun əxbar ər-Riza: 1/29-39, Vəsail: 11/295)
Məlum məsələdir ki, mütəşabehi möhkəmlə tutuşdurmaq və iki sözdən birini digərinə dəlil hesab etmək yalnız və yalnız ictihadla ola bilər! (Seyyid Ruhullah Musəvi Xomeyni (r.ə)) Necə ki, bu gün müctəhidlərimiz də bir hökm vermək lazım gəldikdə belə edirlər. Belə olunca deyə bilərikmi ki, ictihad və ya istinbat batildir və onun şiə məktəbində heç bir yeri yoxdur?! “İbrət alın ey bəsirət sahibləri!”
Həmçinin, “Məanil-əxbar” kitabında Davud ibn Fərqədin belə dediyi nəql edilir: Əba Əbdillah (ə)-ın belə buyurduğunu eşitdim: “Əgər bizim sözlərimizin mənasını başa düşsəniz, camaat içərisində ən fəqih şəxs olarsınız. Həqiqətən də bir söz bir neçə məna verə bilər. Əgər insan istəsə, sözünü hansı mənada istədi o mənaya yönəldə bilər və bu zaman yalan deməmiş olar”. (Məanil-əxbar: 1/1, Vəsail: 18/84 və s.) Məlum məsələdir ki, müxtəlif mənalar arasından onların (ə) sözlərinin həqiqi mənasını başa düşmək yalnızca ictihadla və ümumi fətvaları axtarmaqla mümkün ola bilər. Onların bir sözünü başqa bir sözləri ilə tutuşdurmaq və ya onları Quranla müqayisə etmək və s. heç şübhəsiz ictihad əhlinin etdiyi işdir. Biz bu deyilənlərin hər birinə aid praktik bir misal verə bilərik, lakin yazımızın həcmi buna imkan vermir. Bəllidir ki, bu gün müctəhidlər məhz bu hədisi-şəriflər əsasında istinbat edirlər!
Həmçinin, bir çox hədislər vardır ki, bu hədislərdə yalnız elmi olan şəxsin fətva verə bilməsi buyurulur. Bu isə şübhəsiz ki, ictihad etmədən mümkün olan bir şey deyil. Belə hədislərə misal olaraq sadəcə ikisini qeyd etməklə kifayətlənirik:
İmam Sadiq (ə) Muhəmməd ibn Müslimə deyir: “Mədinə məsçidində oturub camaat üçün fətva ver! Mən şiələrimin içərisində sənin kimilərinin görünməsini xoşlayıram”. (Vəsailuş-şiə, 27/144, Rical Kəşşi: 1/136, 219)
Əmirəl-möminin (ə) Qəsəm ibn Abbasa məktub yazıb belə buyurur: “Onlar üçün zöhr və əsr namazlarında əyləşib fətva istəyənə fətva ver! Cahili öyrət, alimin yadına sal!” (Nəhcül-Bəlağə, hədis 67)
Həmçinin, Əhli-Beyt İmamları (ə) bir sıra hədislərdə Qurani-Kərimdən necə hökm istinbat etməyin yollarını açıqlamışlar. Muhəmməd ibn Əli ibn Hüseyn öz sənədi ilə Zürarədən nəql edir ki, deyir: Əba Cəfər Baqir (ə)-a dedim: Məni xəbərdar edin görüm, haradan bildiniz və bu nəticəyə gəldiniz ki ”başın və ayaqların bir hissəsinə məsh edilməlidir”? Həzrət (ə) gülüb buyurdu:
Ey Zürarə, bunu (mən demirəm, bunu)Allah Rəsulu (s) deyir, bunu Kitab (Quran), izzət və cəlal sahibi Allah tərəfindən gətirib. Allah ki, buyurur: “Üzlərinizi yuyun” biz başa düşürük ki, gərək üz tamamilə yuyula. Sonra buyurur: “və əllərinizi dirsəklərə qədər (dirsəklər daxil olmaqla) yuyun)” burada “əllər” sözü işarə (bildirən hissəcik) ilə “dirsəklər” sözünə bitişdirilmişdir. Bu səbəbdən də başa düşürük ki, əllər dirsəklərə kimi yuyulmalıdır.
Sonra söz kəsilir və buyurulur: “başınıza məsh edin”. Biz “başınıza..” deyildiyi zaman başa düşürük ki, məsh başın bir hissəsinə olmalıdır, çünki orada “bə” işlədilmişdir.[4] Sonra “əllər” sözünün işarə (hissəciyi) ilə bitişdiyi kimi “ayaqlar” sözü “baş” sözünə birləşdirilmişdir. “Ayaqlarınıza çıxıntıya qədər (çıxıntı daxil olmaqla) məsh çəkin” bu zaman onların “baş” sözünə bitişdirdiyimiz zaman başa düşürük ki, məsh onların bir hissəsinə çəkilməlidir. Allah Rəsulu (s) bunu insanlar üçün təfsir etmişdi, lakin onlar onu zay etdilər…” (Kafi: 3/30, 4 və s.)
Diqqət edin və görün imam (ə) Qurani-Kərimdən istinbat etməyin qaydasını necə açıqlayır! Həmçinin, “təharət” babında Yunisdən nəql edilən mürsəl bir hədisdə də bu barədə göstərişlər mövcuddur və bizə necə ictihad etmək lazım gəldiyini açıqlayır. (baxın: Kafi: 3/83,1, Təhzib: 1/381, 1183)
Süleyman ibn Xalid deyir: Əba Əbdillah (ə)-ın belə buyurduğunu eşitdim:
“Zürarə, Əbu Bəsir Leys Muradi, Muhəmməd ibn Müslim, Bureyd ibn Müaviyə Əclidən başqa bizim adımızı və atamın (ə) hədislərini dirildən şəxs tanımıram. Əgər bunlar olmasaydı, heç kəs bunu ( dini hökmləri) istinbat edə bilməzdi…” (Vəsail, 28/144)
Əvvəldə də qeyd etdiyimiz kimi “istinbat”- bir neçə əsl nəss arasından lazımı hökmü çıxarmaqdır. Bu elə həmin “ictihaddır” və ictihad bundan başqa bir şey deyil!
Bu və bunun kimi digər hədisi şəriflərdən belə bir nəticə əldə edirik ki, əsl həqiqətdə Əhli-Beyt imamları (ə) ictihadı şiələri üçün caiz bilmiş və heç bir zaman ictihad qapısını bağlamamışlar. Onlar öz şiələrindən olan fəqihləri istinbat və ictihadın incəlikləri ilə tanış etmiş və bu işi görməyə ehtiyaclı olduqları zaman onlara necə davranacaqlarını bəyan etmişlər. Doğrudan da necə ola bilər ki, imam (ə) istinbat kimi bir məsələni qadağan etsin?! Məgər “istinbat” və ya “ictihad” etmək, onların (ə) hökmləri, nəssləri və əsilləri içərisindən ehtiyac duyulan hökmü ələ gətirmək deyilmi? Necə ola bilər ki, imam (ə) belə bir şeyi qadağan etsin?
Bəli, hədislərdə gələn bəzi qadağalar, məhz öz şəxsi rəyinə əsaslanaraq fətva verənlər barədə işlədilmişdir. Belə şəxslərin gördükləri iş “ictihad” deyil, “qiyas” hesab olunur.
Bir sözlə, qeyd edilən hədisi-şəriflərə əsasən belə bir nəticə əldə edirik ki, şiə məktəbində ictihad qapısı heç bir zaman bağlanmamışdır və onun mövcud olması şiə məktəbinin canlı və diri qalmasına səbəb olmuşdur!
Vəlhəmdulillahi rəbbil-aləmin!
Bəndə: İdris (Zuhura Doğru)
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
[1] Təhzib: 1/8-11, Vəsail: 1/174
[2] Kafi: 5/292, Təhzib: 7/146, 23
[3] Tövhidi Səduq: 24/353, Vəsail: 11/295
[4] Ərəb dilinin qramatikasına uyğun olaraq “məsəhə” (məsh etdi) feli “bi” önqoşması ilə işlənərsə, bu zaman “qismilik” mənası ifadə edir. İmam (ə) da buna işarə edərək bildirir ki, “vəmsəhu bi-ruusikum” ayəsində “bi”nin işlənməsi, məshin başın bir qisminə çəkilməsini bildirir.
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.