Şiə alimləri və 12 məhdi hədisi

Bismilləhir-rahmənir-rahim

Batil məhdəviyyət iddiaçılarından olan Əhməd İsmayıl Bəsrinin əsaslandığı rəvayətlərdən biri də “12 məhdi”dən bəhs edən rəvayətlərdir. Əhməd İsmayıl İmam Zaman (ə)-dan sonra 12 məhdi gələcəyini, onların hakimiyyət edəcəklərini, bu 12 məhdinin birincisinin də özü olacağını iddia edir. Elə isə gəlin böyük şiə alimlərinin bu rəvayətlərə olan mövqeyinə nəzər salaq.  

1-Şeyx Müfid (r.ə) “əl-İrşad” kitabında demişdir:

“Bir rəvayətdə deyilir: “Qaimdən (ə) sonra övladları (hakimiyyət) edəcəklər, inşallah”. Lakin rəvayətin dediyi bu söz qəti və dəqiq deyildir. Rəvayətlərin əksəriyyəti belədir ki, bu ümmətin Məhdisi (ə) qiyamətdən qırx gün əvvəl dünyadan köçəcək. Bu zaman hərc-mərclik baş verəcək. Ölülərin dirilməsinin və hesab və cəza gününün başlamasının əlaməti aşkar olacaq. Allah nə baş verəcəyini daha yaxşı bilər”.

2-Əbu Əli Fəzl ibn Həsən ət-Təbərsi (r.ə) (vəf. 548 h.) demişdir:

Səhih rəvayət deyir ki, Məhdi (ə)-ın dövlətindən sonra dövlət yoxdur. Yalnız bir rəvayətdə onun övladlarının onun yerinə keçəcəkləri deyilir. Lakin o da qəti və sabit deyildir. Rəvayətlərin əksəriyyəti bildirir ki, o Həzrət (ə) qiyamətdən qırx gün qabaq dünyadan köçəcək. Bu zaman hərc-mərclik baş verəcək. Ölülərin dirilməsinin və qiyamətin başlamasının əlaməti aşkar olacaq. Allah daha yaxşı bilər”[1].

3-Əllamə Əli ibn İsa əl-İrbili (r.ə) (vəf.693 h.) demişdir:

Qaim (ə)-dan sonra heç kəsin dövləti olmayacaq. Yalnız bir rəvayətdə onun övladlarının hakimiyyət edəcəkləri bildirilir. Lakin bu söz qəti və dəqiq deyildir. Rəvayətlərin əksəriyyəti belədir ki, bu ümmətin Məhdisi (ə) qiyamətdən qırx gün əvvəl dünyadan köçəcək”[2]

4-Şeyx Əli əl-Bəyazi əl-Amuli (r.ə) (vəf.877 h.) bu hədislər barəsində demişdir:

On iki imamdan sonra on iki məhdinin gələcəyini bildirən rəvayət şazzdır (məşhurun ziddinədir). Bu rəvayət Qaimin dövlətindən sonra dövlət olmayacağını, onun ölümündən qırx gün sonra hərc-mərclik başlayacağını bildirən… səhih və mütəvatir rəvayətlərə müxalifdir[3].

5-Əllamə Şeyx Muhəmməd Baqir Məclisi (r.ə) (vəf. 1110 h.) “on iki məhdi” rəvayətini qeyd etdikdən sonra demişdir:

Bu rəvayətlər məşhurun xilafınadır[4].

Yəni, məşhur olan rəvayətlərə ziddir.

6-Şeyx Muhəmməd ibn Həsən Hürr Amuli (r.ə) (vəf. 1104 h.) on iki məhdidən bəhs edən rəvayətlərlə İmam Məhdi (ə)-ın qiyamətdən qırx gün qabaq dünyadan köçməsini bildirən rəvayətlərin bir-biri ilə uyğun gəlməməsi məsələsini müzakirə edərək demişdir:

On iki imamdan sonra on iki nəfərin gələcəyini bildirən hədislərə gəlincə, məlumdur ki, bu hədislər nadirlikləri, azlıqları və çoxlu ziddiyyətlərə malik olmaları səbəbindən yəqin və qətilik hasil etmirlər. Hədislər təvatür şəkildə bildirir ki: imamların sayı on ikidir; onların dövlətləri qiyamətədək davam edəcək; onların on ikinciləri vəsilərin və imamların sonuncusudur (İmam Məhdi (ə)-dır); həmçinin, imamlar qiyamətədək İmam Hüseyn (ə)-ın nəslindəndirlər və s. Əgər onlardan sonra başqa on iki nəfərin imamətini iqrar etmək bizə vacib olsaydı, o zaman bu barədə bizə mütəvatir hədislər çatardı..[5].

7-Seyyid Abdullah Şübbər (r.ə) (vəf.1342 h.) 12 məhdi hədisləri barədə demişdir:

“Bu necə (doğru) ola bilər?! Bu rəvayətlərin zahiri imamların sayının on iki olduğunu bildirən mütəvatir rəvayətlərlə ziddiyyət təşkil edir. Hətta məzhəbin zəruri (etiqadı ilə) və əqli və nəqli dəlillərlə ziddiyyət təşkil edir. Buna əsasən də bu rəvayətləri təvil etmək və başqa mənaya aid etmək lazımdır. Onlar üçün bir neçə məna qeyd etmişlər”[6].

Mövzu barədə geniş bəhslər aparılmış, ayrıca kitablar yazılmışdır. Lakin müxtəsərliyə riayət edərək alimlərimizdən bir neçə sitat qeyd etməklə kifayətlənirik. Alimlərimizin bu rəvayətləri məqbul hesab etməmələri, məhdilərdən bəhs edən rəvayətləri nadir və şazz adlandırmaları onların zəifliklərinə və höccət olmamalarına dəlalət edir. Hədis elminin nəhəng şəxsiyyətlərinin dedikləri bu sözlərdən sonra bu rəvayətləri bir kənara qoymaq, yaxud özlərinin də buyurduqları kimi təvil etmək lazımdır.

 

Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Əsas istifadə olunan mənbələr:

1-“əş-Şuhubul-əhmədiyyə”, Şeyx Əhməd Salman.

2-“Ma hiyəl-vəsiyyətul-ləti vasəfuha bil-muqəddəsə”, Şeyx Əli Ali-Muhsin.

[1]  İ`lamul-vəra: 2/295.

[2]  Kəşful-ğummə: 3/266.

[3]  əs-Siratul-mustəqim: 2/152-153.

[4]  Biharul-ənvar: 53/148.

[5]  əl-İyqaz minəl-həc`ə fi əl-Burhan əla ər-Rəc`ə: 368.

[6]  Məsabihul-ənvar: 1/382.

Leave a Comment