Seyyid Həsəni kimdir?

Bismillahir rəhmanir rəhim

Seyyid Həsəninin ortaya çıxması həzrəti İmam Məhdinin (ə.f) zühurundan öncə baş verəcək hadisələrdən biridir. Seyyid Həsəni Deyləm və Qəzvin tərəfdən çıxacaq xoş simalı bir gəncdir. O xüruc edən zaman yüksək səslə səslənəcək: Ali Muhəmmədə yardım edin, onlar sizdən yardım istəyirlər!

Bu seyyid zahirən İmam Həsən Müctəbanın (ə) nəslindəndir. O batil bir şey iddia etməyəcək, insanları özünə tərəf (özü üçün) çağırmayacaq. O, xalis on iki imam (ə) şiəsi olub haqq şəriətə tabe olacaq və naiblik, məhdəviyyət iddiası etməyəcək, lakin itaət edilən bir başçı olacaq.

O ortaya çıxan zaman yer zülm və haqsızlıqla dolmuş olacaq. İnsanlar zalımlar və fasiqlər tərəfindən sıxıntı və əziyyətdə olacaq. O zaman bir dəstə mömin olacaq ki, zalımların zülmünü dəf etməyə hazır olacaqlar. O zaman Seyyid Həsəni Ali Muhəmmədin (ə) dininə yardım üçün kömək istəyəcək. İnsanlar da ona yardım edəcəklər. Taliqanda Allahın xəzinələri ona tərəf axacaq. Lakin bu xəzinələr qızıl və ya gümüş deyil, əllərində mizraqlarla boz atlar üzərində olan dəmir parçası kimi olan şəxslərdirlər. [1]  

O zaman onun tərəfdarlarının sayı artar. O isə onların arasında adil bir rəhbərin hökmü ilə hökm verər və zalımları bir-birinin ardınca məğlub edər. O yer üzünü zalım və kafirlərin çirkinliyindən təmizləyər. Seyyid Həsəni öz əshabı ilə birgə Kufəyə yetişincə ona həzrəti Məhdinin (ə.f) zühur etdiyini və Mədinədən Kufəyə gəldiyini xəbər verərlər. Bunu eşidən Seyyid Həsəni öz əshabı ilə birgə İmam Məhdinin (ə.f) yanına gələr və ondan imamətin dəlillərini və peyğəmbərlərin miraslarını tələb edər.

İmam Sadiq (ə) buyurur: “O bunu ona görə edər ki, öz əshabı İmam Məhdinin (ə.f) fəzilətini görsün və onunla beyət etsinlər”.[2]

Həzrət (ə.f), imamətin dəlillərini və peyğəmbərlərin əmanətlərini ona göstərər və o , –az bir hissəsi istisna olmaqla – əshabı ilə İmama (ə.f) beyət edərlər. Bu beyət etməyən şəxslər isə Zeydilərdən olan dörd min nəfər olacaq. Onlar boyunlarında müshəf daşıyarlar. Onlar İmamdan (ə.f) gördükləri bütün dəlil və möcüzələri sehr adlandırarlar. İmamın (ə.f) nəsihəti və göstərilən möcüzələri onlara təsir etməz. Belə olunca həzrəti İmam (ə.f) onlara üç gün möhlət verər. Lakin onlar haqqı qəbul etmədikdən sonra İmam (ə.f) onların boyunlarının vurulmasını əmr edər. Onların vəziyyəti Siffeyn günündə Əmirəl-mömininin (ə) ordusunda olan Nəhrəvan xaricilərinin vəziyyəti kimidir.

Şeyx Abbas Qummi,“On ikinci imamın tarixi”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.


[1]  “Biharul-ənvar”, c.53, səh.15, bab 25

[2]  “Biharul-ənvar”, c.53, səh.16, bab 25

Leave a Comment