Bismillahir-rəhmanir-rəhim
(Bağdada bir nəfərə yazılıb)
Ey öyülmüş xislətlər sahibi, ey gözəl işlər sahibi !
Görürəm ki, sən (yalnız) ara-sıra başqalarının məktublaşmalarında bu həqir bəndəni xatırlayırsan… Əgər vərəqin yoxdursa qonşundan borc al..
“Ya uzunqulaq minənlərin yarışında iştirak etmə.. , ya da evini yemək-içməklə doldur”[1]
Baxmayaraq ki, mən uzun müddətdir ki, sənin şərif əhvalından xəbərsizəm, lakin (mən həqir) eşitmişəm ki, irfana meyl etmisən. Ariflər və dərvişlərlə oturub-durursan..
Birincisi, bilməyin vacibdir ki :
“Heç də bütün sufilər saf, kələkdən və fırıldaqdan uzaq deyillər.
Çox vaxt “xirqə” Cəhənnəm səbəbi olur..”[2]
İkincisi, mərifət tələb edən şəxsin (yerinə yetirməsi gərəkən) bir neçə şərtləri vardır ki, onlara riayət etməsi labüddür:
Birinci:sağlam təbiətli olmalıdır. Əgər xəstə olsa, əlac etməyə başlamalıdır. Əgər “qaralıq” [3] ona güc gəlsə, bu zaman “qara davranışları” “eşq alovu” hesab edəcək. Beləcə bundan qürur duyacaq. Əgər “sarılıq” və “qızdırma” ona qalib gələrsə, onda da təsəvvür belə etmədiyi “beyin quruması” ,“ürək döyünmə” və pis əxlaqa mübtəla olacaq. Əgər “bəlğəm” artsa, bu zaman da dəqiq mətləblərin dərkində nöqsana düçar olacaq.
Buna görə də gərək düzgün təbiətli ola. Həmçinin, şəriət ədəbinə yiyələnmiş olsun, günahlara görə kədərli olsun və onları tərk etsin. Doğru, dürüst olsun, günah, fisq, fücur, kələk, hiylə, xəyanət və aldatmadan uzaq olsun.
Çünki bütün əxlaq yalnız fiqh elmindən sonra marif və biliyin müqəddiməsi sayılır. Vacibdir ki, şəriətin əməl olunmayan heç bir bölməsi qalmasın.. Nəinki, şəriətin zahirləri barədə təvillərə baş vurula… Gərək bütün şəri vəzifələrə yerli-yerində əməl edilə.. Namazı tərk edənin, hətta nafilələri tərk edənin irfandan dəm vurması qələt üstünə qələtdir[4].
(İkinci: ) Bəli, gəlir məsələsi barədə düşünməməlidir. (Bunu) ya kifayət qədər pul(un yardımı) ilə, ya da qənaət və təvəkkül ilə (etməlidir).. [5]
“Kimin ki diqqəti sobadadır,gərək yalnız çörəyi düşünə və ona diqqət yetirə, çünki mühüm olan odur..
Yoxsa ki, qovun əlinin altındadır.. eyniylə su kimi..”[6]
Bilik və elmi, gəlir əldə edilməsində vasitə etməklə maarif qapısından keçmək olmaz. Belə bir şəxs heç vaxt nur əldə edə bilməz. Məşğuliyyət mərifətdən ayrı bir şeydir. Şəhvətə və təbiətə meyl etmək, axirətə rəğbətdən fərqli bir şeydir. Bunlar bir-birlərindən fərqli və bir araya gələ bilməyəcək ayrı-ayrı şeylərdir.
(Üçüncü: ) Bəli, elm və alimlərin hörmətini saxlamalıdır. Allah bəndələrini həqir görməməlidir. Salikdə olan birinci nöqsan onun “zahir” alimlərini xor görməsi və onları kiçiltməsidir.
(Dördüncü: ) Daim hüzünlü olmalıdır. Sevinci üzündə, kədəri isə qəlbində olmalıdır. Əgər onun qəlbi sevincli və “gülən” olsa, o zaman onun maarifdən heç bir nəsibi olmayacaq.. .
(Beşinci: ) Əgər bir sirr əldə etsə, o sirləri qorumaqda çox ciddi olsun.. .
Nəticə: burada “hüsn” və “camal”dan başqa minlərlə vacib olan iş vardır … Vərəqlər imkan vermir.. . Əgər “dəryadan bir qədər”, “təpədən bir ovuc” olan bu şərtlərin bir nəfərdə olduğunu görsən, onunla dostluq et. Əks təqdirdə, fəsih və aydın bir dil ilə və gözəl bəyan ilə desək :
“De, ey saliklər (ilahi yolu gedənlər)!Mən sizin yolunuzu getmirəm. Siz də mənim yolumu getmirsiniz. Siz mənim yolumu gedən deyilsiniz. Mən də sizin yolunuzu gedən deyiləm. Sizin öz yolunuz var, mənim öz yolum”[7].
Bəli, moizə etmək məqsədim yox idi ki, şəfalı və gözəl moizə də emtiş olum. Nə də ərizə yazmaq niyyətim yox idi ki, gözəl və bər-bəzəkli cümlələr yamış olum. İndicə ağlıma bir şey gəldi ki, əlaqəsi olmasa da yazıram:
“Əgər bu xoşuna gəlmirsə, qəzanı dəyiş”
Muhəmməd Bəhari
[1] Beytin məzmunu.
[2] Hafiz Şirazinin beytinin məzmunu. Xirqə sufilərin geydiyi xüsusi paltar.
[3] Xəstəlik adıdır. Müxtəlif mənalarda işlənə bilər. Bədbinlik, ruh düşkünlüyü, qara sevda və s. mənalarda işlənmiş ola bilər-tərc.
[4] Şeyxin bu cümlələri qeyd etməsindən məqsəd, bəzi sufi firqələrində olan batini təvillərin və şəriətin zahirini qoyub batinə müraciət etməyin mənfiliyini göstərməkdir. Bəziləri fiqhi-ibadi əməlləri, o cümlədən də namazı tərk edib əvəzində dua, təvəssül və s. bu kimi şeylərə müraciət edirlər. Bu bəhanə ilə ki, güya əsas olan bu əməllərin batinidir, zahirinin elə də önəmi yoxdur, yaxud zahiri ilkin mərhələdə olanlar üçündür.
[5] Yəni, ya kifayət qədər maddi imkanı olmalıdır, ya da əgər yoxdursa, qənaət və təvəkkül edib gəlir, xərclər və s. barədə düşünməməlidir. Müt.
[6] Fars dilində olan bir məsəlin məzmunudur. Burada qovun çörəyin müqabilində qərar verilir. Çörəkdən məqsəd, ələ gətirilməsi çətin olan əsas hədəf və məqsəddir. Qovun isə ələ gətirilməsi asan olan şey mənasındadır.
[7] Kafirun surəsinin məzmununda. Müt.