Bismillahir-rəhmanir-rəhim
Şeyximiz , Allah (c.c) sizləri başdan-ayağa rəhmətinə qərq olanlardan eyləsin!
Məktubun mənə çatdı, yazdıqlarından əhvalının necəliyi aydın olub.. .Öz pis vəziyyətindən şikayət etmisən. Dostlarının dağılmasından,kömək edənlərin azlığından şikayətlənmisən.Qorxma və qəmlənmə.Həqiqətən,Allah təala çox gözəl Rəbbdir.. .Muhəmməd (səlləllahu əleyhi va alihi və səlləm) nə gözəl peyğəmbər,Əli və on bir övladı (əleyhimussalam) nə gözəl imamdırlar. Əgər bir zəifin əli onların əzəmətinin bir ucundan yapışsa,onu “zorla” olsa belə,itaət etdirərək cənnətə çəkib apararlar.
Bu baxımdan,nəfsini öz yerində qoyan elə bir “kiçik” yoxdur ki,onlar (əleyhimussalam) onu “düzənlikdən” “zirvəyə” qaldırmasınlar.Məxsusən,o “kiçik” ki,dünyası üçün təvəkküldən,axirəti üçün isə təqvadan yardım alar.Vüqar və iffətini qoruyar,qənaəti özünə məslək seçər.Fəqirliyini səbri ilə, zənginliyi şükür ilə zinətləndirər.Təbəssüm və xeyirxahlığı deyil,danışığını,yeməyini,yatmağını azaldar.Nəfsinin nəsibini unudar,dünən etdiyi günahı isə yadda saxlayar.Qardaşları ilə məsləhətləşər,dostlarının eyblərini örtər,çətinlikləri və istəklərində onlar üçün çalışanlardan olar.Onların hamısı üçün dua edənlərdən olar,vaxtlarına qarşı da diqqətli olar.[1] Faydasız əyləncələr və təxirə salmaqla namazını qəzaya verməz.Xüsusən də,gecə namazını.Öz nəfsini pis işlərdən çəkindirdikdən sonra,yaxşılıqlara dəvət edər.
Öz nəfsini bir şey bilməz.(Özündə yaxşı xüsusiyyətlər görsə belə.) Çünki,bunlar başqa bir Şəxs tərəfindəndir. [2] Sən onu əldə etməmisən,Odur (cəllə şənuh) tövfiq (müvəffəqiyyət-tərc.) verən.
Bəli,ümid edirəm ki,sənin üçün çətinlikdən sonra asanlıq,zillətdən sonra izzət,yoxsulluqdan sonra zənginlik qərar verər.Beləliklə də,bəlkə də sən nicat tapanlardan olarsan.İnşəallah təala.
Bilmirəm iztirabının səbəbi nədir? Sən “paklandın” və sənə “üns məclisinə” daxil olmağa izinmi vermədilər?
Yoxsa sən doğruluq və sədaqət qapısından daxil oldun,di gəl ki,səni qovdular?
Bu süstlük və çaşqınlıq nədir belə?Məgər Onun qapısı gələnlər üçün açıq deyilmi?Məgər Onun xeyri istəyənlərə qarşılıqsız verilmirmi? Məgər deməyibmi ki, “kim Mənə tərəf bir addım atsa[3],Mən də ona tərəf bir zira [4] addım ataram” [5] .
Yaxud da bu kəlamı buyurmayıbmı ki, “Məndən üz döndərənlər onlara necə müştaq olduğumu bilsəydilər,şövqdən ölərdilər.”[6]
Məgər eşitməmisən ki,Ona tərəf yol salan yaxın məsafədədir ..(Ona çox yaxındır)
Məgər “hal dili” ilə deməyibmi ki :
“ Mənə tərəf … Mənə tərəf .. .Nə olursan ol,yenə Mənə tərəf.. .Kafir olsan,məcusi olsan,bütə ibadət edən də olsan yenə Mənə tərəf.. .
Bizim bu qapımız məyusluq qapısı deyil.Əgər tövbəni yüz dəfə pozmuş olsan belə,yenə Mənə tərəf gəl !” [7]
O,bəndələrinin tövbələrini qəbul edəndir.
Belədirsə,onda bu məyusluq və qəm-kədər nədir belə?! Süstlük nə üçündür,çaşıb qalmaq nə deməkdir..?
“Topal,sağlam,çalışqan,tənbəl-yuxulu və başqa hamı… hamı Ona tərəf gedir,Onu axtarır ” 1
Səni ağır bir yükləmi yükləyib? Səndən dözülməz bir ibadətmi tələb edir? Hamının qarşısında səni cəzalandırıbmı? Öz nemət və ehsanını azaldıbmı? Və ya buna görə qəzəblənibmi? Yoxsa olmaya naz edirsən?
“Naz edənin gözəlliyi olmalıdır.. necə ki,güldə var.Sənə gəldikdə isə səndə bu yoxdur .. .Öz qəbih üzünü dolandırma.. .Nöqsandır,göz kor ola,həm də açıq qala.. .Ayıbdır,üz qəbih ola və naz edə..” 2
Ac itin quyruq sallaması kimi,sən də Onun qarşısında yalvar,özünü alçalt … Bəlkə sənə rəhmət və razılıq nəzəri ilə baxdı,İnşaallah.
Bilmirəm bundan sonra nə yazım.
Əgər susuzsansa,sənə azacıq su da kifayət edər.
Əgər evdə kimsə olsa,bir kəlmə də bəsdir.
Allahın salamı,rəhməti və bərəkəti üzərinizə olsun!
Muhəmməd Bəhari
[1] Məqsəd,birinci məktubda da deyildiyi kimi,vaxtları bölməkdir.Belə ki,hər bir hissəsində özü üçün bir vəzifə və müəyyən bir iş ayırsın.
[2] Bu və digər nemətlər Allahdandır.Bizlərin o nemətləri (tək başına) əldə etməyə heç bir ləyaqətimiz yoxdur.Əksinə,hətta,acizik də.
[3] Mətnin əslində “şibr” kəlməsi işlədilir ki,mənası ölçü vahididir.Təxminən 22.5 sm-dir.(tərc.)
[4] Uzunluq ölçüsü,təxminən yarım metrdir.(tərc.)
[5] Bu paraqrafda gələnlərin izahı bir neçə formada verilmişdir.
[6] Məhbub səni qovubsa,məyus olma… Əgər bu gün qovdusa,sabah çağırar.Əgər bütün qapılar üzünə bağlansa,sənin üçün heç kəsin bilmədiyi başqa bir qapı açar.Əgər qapını üzünə bağlasa,getmə…səbr et!Bu səbr səni,Onun qəlbdəki məclisində olanlardan edər. (…) “Qəlbim bütün aləmi dolandı,amma bənzərini tapmadı.Onun bənzəri kimdir,Onun bənzəri kimdir … kim ?” (…) İsfahani(beytin məzmunu)
-bu məzmunda hədisi-qüdsiyə rast gəlməmişəm.Lakin,aşağıdakı kimi görmüşəm: “Allahu təala Hz.Davud (əleyhissalam)-a belə vəhy etdi: Əgər mənə arxa çevirənlər onları necə gözlədiyimi,onlara olan mehribanlığımın və günahlarını tərk etmələrinə olan şövqümün necə olduğunu bilsəydilər,mənə olan şövqdən ölər,məhəbbətimdən bədənləri parça-parça olardı.. Ey Davud,bu,Məndən üz döndərənlərə olan istəyim idi,Mənə tərəf üz tutanlara olan istəyim necə olar ?! Ey Davud,bəndəm Mənə ən çox özünü Məndən ehtiyacsız bildiyi vaxt möhtac olur.. Bəndəmə qarşı ən çox Mənə arxa çevirib getdikdə rəhimli oluram.Və Mənim yanımda bəndəmin ən uca məqamlı olduğu vaxt Mənə tərəf qayıtdığı zaman olur. ” (Qəzzali, “ihyau ulumid-din”,4,326 və 361,İbn Qəyyim Cəvzi, “rəvzətul-muhibbin” ,438)
[7] Beytin məzmunu.Əbu Səid Əbul-Xeyr.