Şeyx Müfidin İmam Məhdi (ə)-la bağlı bir irada cavabı

Bismilləhir-rahmənir-rahim

Müxaliflərdən biri sual verib dedi: Zəmanə imamının (ə) gizlənməsinin və bu qədər uzun müddət qeybdə qalmasının səbəbi nədir? Əgər desəniz ki, bunun səbəbi zəmanənin çətinliyi, düşmənlərin çoxluğu və onun öz canına görə düşmənlərdən qorxmasıdır, o zaman sizə deyilər ki, onun ata-babalarının (ə) zamanında vəziyyət bundan da ağır idi; onların düşmənləri daha çox idi və onların öz canlarına görə qorxuları daha çox və daha ağır idi. Lakin buna rəğmən onlar gizlənməmiş, şiələrindən qeybə çəkilməmişlər. Əksinə, vəfat edənədək onların arasında olmuşlar. Bu, “Sahibəzzəman”ın gizlənməsi və qeybə çəkilməsi ilə bağlı sizin gətirdiyiniz səbəbin batil olduğunu göstərir.

Cavab:

Tövfiqimiz Allahdandır, cavab belədir: Sahibəzzəman (ə)-ın vəziyyəti ilə o həzrətin ata-babalarının (ə) vəziyyəti arasında fərq vardır. Məsələ sual verənin zənn etdiyi kimi deyildir. Belə ki, Sahibəzzəman (ə)-ın ata-babalarından (ə) heç biri o həzrət kimi zühur edib qiyam etməklə mükəlləf olmamışdır. Onlar (ə) bizim zamanənin imamı kimi təqiyyəni tərk etməmişlər, insanları özlərinə tərəf dəvət etməmişlər, halbuki Sahibəzzəman (ə) zühur etdiyində belə edəcək. O həzrətin ata-babaları düşmənlərdən təqiyyə etməyi, onlarla oturub-durmağı, onların məclislərində iştirak etməyi mübah etmiş, onlara qarşı qılınc qaldırmağı, insanları bu cür bir işə dəvət etməyi haram etmişlər. Onlar axirəz-zəmanda gələcək Müntəzərə (ə) işarə etmişlər. Allahın onun əli ilə bütün möhnətləri aradan aparacağını bildirmiş, ümməti onun əli ilə dirildib hidayət edəcəyini demiş, onun təqiyyə etməyəcəyini, zühuru zamanı mələklərin səmada onun adını çəkəcəklərini, Cəbrail və Mikayılın insanları ona beyət etməyə səsləyəcəyini, ondan öncə yer üzündə və səmada qiyamətin əlamətlərinin aşkar olacağını, o zühur etdiyi zaman ölülərin diriləcəyini və s. bu kimi əlamətlər baş verəcəyini söyləmişlər.

O həzrətin (ə) pak-ata babaları (ə) bu sözləri və əlamətləri dedikdən sonra hər bir dövrün sultan və hakimi bu sözləri bildilər. Onlar başa düşdülər ki, imamlar (ə) qılıncla qiyam edən deyillər, onlar belə bir şeyə tərəf dəvət etmirlər. Onlar təqiyyəyə əməl edir, əllərini saxlayır, dillərini qoruyur, ibadətlələrə üz tutur, bütün diqqətlərini Allaha yönəldirlər. Beləcə (zalım hakimlər) onlar tərəfdən özlərinə bir təhlükə gəlməyəcəyinə arxayın oldular. Bu səbəbdən də onlara dəyib dolaşmadılar. Bu səbəbdən də imamların (ə) qeybə çəkilmələrinə və ya gizlənmələrinə ehtiyac olmadı.   

Lakin Sahibəzzəman (ə) barədə qılınc qaldırıb qiyam edəcəyi deyildiyinə görə, habelə Allah düşmənləri ilə cihad edəcəyi, onun zamanında təqiyyənin aradan gedəcəyi, onun dövründə şiələrə cihad vacib olacağı deyildiyinə görə, həmçinin onun haqqı bərqərar edəcək Məhdi olduğu, qılıncı ilə zəlaləti məhv edəcəyi bildirildiyinə görə, zalımlar daim onu gözləmiş, onu ələ keçirmək və onu öldürmək istəmişlər. Bu səbəbdən də İmam (ə) qeybə çəkilməli olmuşdur.

Bununla yanaşı məlumdur ki, o Həzrət (ə) yalnız yardımçıları və köməkçiləri hazır olduğu zaman qiyam edəcək. Lakin o Həzrətin (ə) yardımçıları bu günədək hazır olmadıqlarına və o Həzrətə yardım etmək üzərə cəm olmadıqlarına görə, o Həzrət (ə) qeybə çəkilmək məcburiyyətində qalmışdır. Əgər o Həzrət (ə) yardımçıları olmadan zühur etmiş olsa, o zaman özünü təhlükəyə atmış olar. Əgər özünü düşmənlərə tanıtsa, onlar ona zərər yetirməkdən və onun şiələrinin qanlarını axıdıb öldürməkdən ötrü əllərindən gələn hər şeyi edərlər. Belə olunca bu işin nə dünyəvi, nə də uxrəvi heç bir faydası olmaz. Əksinə, bu işin fəsadı həm dünyəvi, həm də uxrəvi cəhətdən ən son həddə çatar. Belə olunca o Həzrət (ə) dinin hökmlərinə uyğun olmayan bir iş görmüş olar, hikmət sahiblərinin cərgəsindən xaric olar.

Buna görə də köməkçilərinin hazır olduğunu və yardımçılarının toplandığını qəti şəkildə bilmədikcə, həmçinin qılıncla qiyam etməsində ümumi məsləhət olduğunu bilmədikcə, şəri hədləri və hökmləri icra edə biləcəyini qəti şəkildə bilmədikcə o Həzrətin (ə) qeybdə qalması vacib olmuşdur. 

Bu deyilənlərdən o Həzrətlə (ə) onun ata-babaları (ə) arasındakı fərq aydın olur. Nəyə görə onların (ə) aşkarda olduğu, həzrət Sahibəzzəmanın (ə) isə qeybə çəkildiyi məlum olur.

“ər-Risalətur-rabiə fil-ğeybə”, Şeyx Müfid

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment