Şeyx İsmayıl Nəmazi və Mövlayla (ə.f) görüş

Bismillahir rəhmanir rəhim

 

Şeyx Əli Kurani (həfəzahullah) özünün “Cəvabun alə şeyxin və seyyid” adlı risaləsində (səh.12) belə bir əhvalat nəql edərək deyir:

Mənə güvənilir şəxs olan Şeyx İsmayıl Nəmazi (r.ə) özünün İmam Məhdi (ə)-la olan bir neçə görüşünü nəql etmişdir. Bu görüşlərdən biri də Həcc yolunda baş tutub. Həmin əhvalat belədir:

Şeyx İsmayıl deyir: Biz Həccdən qayıdıb Bəsrəyə gedirdik. Avtobuslar karvanlar şəklində bələdçi polislərlə birgə hərəkət edirdi. Belə ki, yolumuz səhralıq idi və heç bir magistral yol yox idi. Bizim sürücümüz dedi: “Nə üçün karvanın ardınca gedirik, niyə karvanın toz-torpağı ardınca düşmüşük? Mən ki, yolu tanıyıram!” Beləcə karvandan ayrıldı və biz səhralıq yolla Bəsrə tərəfə getməyə başladıq.

Avtobusumuzda on səkkiz nəfər adam var idi. Bizim iki sürücümüz var idi ki, birinin adı Mahmud, digərinin adı isə Əsğər idi. Onlardan bir yorulduqda o birisi sükan arxasına keçirdi. Lakin qayıdarkən toz-dumandan qurtulmaq üçün Əsğər israr edib karvandakı maşınları keçmək istədi. Mən isə onunla razılaşmadım. Ona görə ki, Hicaz səhrasında itməkdən qorxurdum. Həm də karvan bələdçi ilə bu yolu gedirdi. Lakin Əsğər sözümü dinləmədi və yanımızda su və benzin olduğunu dedi. Biz karvandan önə keçdik. Lakin gecə düşdü və biz yolu itirdik. Sürücüyə göstəriş verib dedik ki, maşını saxlasın və səhərin açılmasını gözləyək. Bəlkə bu yolla yolu tapa bildik.

Səhər açılınca gəldiyimiz yolla geri qayıtmaq istədik. Lakin səhra küləyi yolu qumla örtmüşdü və bu səbəbdən də yolu tapa bilmədik.

Həmin gün gah sağa, gah sola getsək də heç bir fayda olmadı; nə karvanı tapa bildik, nə yolu, nə də bir insanı. Ta ki, gecə oldu. Suyumuz və benzimiz bitdi və maşın tamamilə dayandı!     

Çox qəmli, məyus və həyatdan əlimizi üzmüş bir halda gecəni keçirdik. Səhər açılıb gün çıxdıqdan sonra güclü susuzluq hiss etdik. Mən dostlarımı toplayıb dedim: Sürücü Əsğərin mürtəkib olduğu günaha görə başımıza nələr gəldi, nə hala düşdük. Bu vəziyyətdən bir çıxış yolu var, o da ağamız və mövlamız İmam Məhdi (ə)-a təvəssül etməkdir. Gərək təvəssül edək və nə qədər ki, gücümüz var elə indicə özümüz öz qəbirlərimizi qazaq. Əgər susuzluqdan ölməli olsaq, elə orada da ölək. Sonra səhra qumları üzərimizi örtər və vəhşi heyvanlara yem olmarıq. Sonra onlara dedim: Nəzir edin ki, əgər Allahu-təala bizə nicat versə, onda hər biriniz bütün pullarını Allah yolunda infaq edəcək.

Yoldaşlarım bu təklifimlə razılaşdılar və biz qəbirlərimizi qazıb ölümə hazırlaşmağa başladıq. Bəzilərimiz qəbrində əyləşib dua edir və ağlayırdı. Lakin ümüdümüz bu idi ki, İmam Zaman (ə) bizlərə kömək edəcək.

Biz göz yaşı, xüşu və tam bir təvəccöhlə İmam Zaman (ə)-a qədər bir-bir bütün məsumlara təvəssül etdik və həzrətə səslənib dedik: “Ya Farisəl-Hicaz, Ya Əba Salehil-Məhdi, ədrikna! Ya Sahibəz-Zəman ədrikna!”(Ey Hicaz atlısı, ey Əba Saleh Məhdi, imdadımıza çat! Ey zəmanənin Sahibi, imdadımıza çat!)

Bizim qarşımızda bir qum təpəsi var idi. Mən onun üstünə çıxıb dua etməyə başladım və bu zaman mənim üçün bir hal hasil oldu ki, tamamilə Allaha diqqət yetirməyə başladım. Allahu-təalaya dedim: İlahi, Sən pak və münəzzəhsən. Özün demisən ki: “Kim öz evindən çıxıb Allaha və Peyğəmbərinə tərəf hicrət etsə, sonra da (yol əsnasında) ölüm onu yaxalasa, belə şəxsin əcri Allahın öhdəsinədir”, lakin biz bu səhrada ölmək istəmirik, hətta şəhid sayılsaq belə. Biz istəyirik ki, öz vətənimizdə və öz ailəmizin yanında ölək. Bundan sonra ağlaya-ağlaya həzrəti Sahibəz-Zəman (ə)-ı səsləməyə başladım.

Bu zaman arxasıyca bir neçə yüklənmiş dəvə çəkib gələn ərəb geyimli bir süvari gördüm. Elə zənn etdim ki, səhradan keçən bir sarbandır və hansı bir yerə gedir. Gördüm arxasındakı dəvələrə işarə etdi və dəvələr dizləri üstə oturdular. Mənə tərəf gəlməyə başladı və mən də çox sevincli bir halda onun qarşısına qaçdım. Salam verdim və o da “əleykumus-səlam və rəhmətullahi və bərəkatuh” deyib salamımı aldı. Onun mübarək üzündən öpdüm. Üzü necə də nurlu və işıqlı idi!

O, ərəb libası geyinmişdi. Çiynindən aşırma bir kəmər asmış, başına səhra adamları kimi kufiyyə (başa bağlanan sarğı) bağlamışdı. Mənə baxıb dedi: “Şeyx İsmayıl, yolu itirmisiniz?” Dedim: “Bəli, yolu itirmişik”.

Amma ağlıma gəlmədi ki, adımı necə bildi.

Dedi: “Gəldim ki, sizə yolu göstərəm. Bu yolla düz gedin və o iki dağı keçin. Sonra qarşınıza başqa iki dağ çıxacaq, onların da arası ilə keçib yola davam edin. Qarşınıza kiçik bir yol çıxacaq və İraq yolunu görəcəksiniz. Oradan da sağ tərəflə gedin ki, Hicaz-İraq sərhəddi olan Cəryəyə çatasınız”.

Sonra dedi: “Nəzir etdiyiniz nəzir səhih deyil. Ona görə ki, əgər əlinizdə olanların hamısını infaq etsəniz, sizin üçün bir şey qalmaycaq. Halbuki, siz qırx gün İraqda qalcaqsınız. Belədə başqalarına əl açmağa və camaatdan dilənməyə məcbur qalacaqsınız ki, bu da haramdır.

Lakin pulunuzu hesablayın və nə qədər olduğunu dəqiqləşdirin. Elə ki, vətəninizə çatdınız, həmin miqdarda pulu Allah yolunda infaq edin”.

Sonra mənə dedi: “Dostlarını toplayıb maşına min və hərəkət edin. Gün batmağa az qalmış Cəryəyə çatarsınız”. Mən yoldaşlarıma səsləndim. Bu zaman mən onunla birgə təpənin üzərində durmuşdum və yoldaşlarımın düz qarşısında idim. Daha sonra onlar mənə dedilər ki, mən onlara səslənənədək onlar o şəxsi mənim yanımda görməyiblər.

Yoldaşlarım gəlib ona salam verdilər və hər birisi onun əlini öpdü. Onlara dedim: “Minin maşına, o mənə yolu göstərdi. O mənə dedi ki, nəzir etdiyimiz nəzir düzgün deyilmiş.  Həmçinin dedi ki: Yanınızda olan (pul) sizə kifayət edəcək, əks halda sizə pul verərdim!”

İstədim ondan xahiş edəm ki, yolda bizə yoldaşlıq etsin və növbəti dəfə yolu itirməyək. Buna görə də ona yaxınlaşıb cibimdəki Quranı çıxardım və Quranın haqqına and verib dedim ki, bizimlə gəlsin və bizi Cəryəyə çatdırsın.

Bu zaman o dedi: “Qurana and içmə. Amma daha and içmisən deyə sizinlə gəlirəm”. Sonra dedi: “Günahkar Əsğərdir, ona görə də maşını Mahmud sürsün. Mən ortada əyləşirəm, sən də mənim yanımda əyləş”.

Bütün bunlara rəğmən heç birimiz diqqət edib özümüzdən soruşmamışdıq ki, bu şəxs bizim nəzirimizi necə bildi, İraqda qırx gün qalacağımızı haradan bildi? N   ecə bildi ki, sürücümüzün adı Əsğərdir və günahkar da odur? Və necə bildi ki, biz məğribin əvvəl vaxtında Cəryəyə çatacağıq?

Lakin biz o həzrəti (ə) tanıya bilməmişdik. Sanki hamımızın ağıl və iradəsi əlindən alınmışdı. Biz onun sözlərinə tabe olmuşduq və bir nəfər belə soruşmamışdı ki, “sən kimsən, bizim adımızı və başımıza gələnləri haradan bildin?”.

Bizə dedi ki, “minin maşına”, biz də mindik. Amma yadımıza düşmədi ki, avtobusda benzin yoxdur. Sürücü Mahmud sükan arxasına əyləşdi və o (ə) mənə dedi: “Ona de ki, sürsün” – bunu deyib barmağı ilə irəlini göstərdi. 

Mahmuda dedim: “Avtobusu işə sal”. O da mühərriki çalışdırdı və avtobus o qumların arasında sürətlə hərəkət etməyə başladı. Ta ki, gəlib iki dağın arasına çatdıq. O (ə) səmaya baxıb dedi: “İndi zöhrün əvvəl vaxtıdır. Namazınızı qılın, mən də qılıram. Namazdan sonra yenidən yola düşərik”. Sonra dedi: “O yerdə –  əli ilə səhrada bitən bir kola işarə etdi – şirin su quyusu vardır. Gedin ondan için, dəstəmaz alın və su qablarınızı doldurun”.

Dayanıb avtobusdan endik. Bir quyu gördük. Suyundan içdik və qablarımızı doldurduq. Sonra da dəstəmaz alıb namazımızı qıldıq.

Mən hal-hazırda yəqinən bilirəm ki, o ərazidə quyu yoxdur.

O (ə) namaz qılmağa getdi və bu zaman biz onu görürdük. Zöhr və əsr namazlarını qılıb yanımıza gəldi. Göstəriş verdi ki, hər kəs nəyi varsa avtobusda yesin. Avtobusa mindik. Mən özümdə olan yeməkdən ona təklif etdim ki, bizimlə birgə yesin, lakin imtina etdi. Ona bir qədər badam və fıstıq verdim, lakin almadı. Ona dedim ki bu çörək buğdadandır. O buğdanı da öz şəhərimdə – Şahrudda özüm əkmişəm. Bundan sonra çörəkdən quru bir dilim götürdü, lakin yediyini görmədim.

Yol əsnasında aramızda söhbət edirdik. Ona İrandakı nemətlərin bolluğundan və qiymətlərin ucuzluğundan danışırdım. O da deyirdi: “Onların hamısı imamların bərəkətindəndir, onların hamısı bizim bərəkətimizdəndir. Nemətlər İranın hər yerində boldur, hamısı da biz Əhli-Beytin (ə) bərəkətindəndir”. Həmçinin biz vəhhabilikdən və İraqdan da danışdıq.

Lakin mən diqqət yetirməmiş və soruşmamışdım ki, “bəs sən kimsən?”. Onun Allah dostlarından biri olduğunu düşünürdüm və tez-tez diqqət edib görürdüm ki, Allahu-təalanın zikriylə məşğuldur!

O (ə) İranın bəzi şəhərləri və bəzi alimləri barədə danışır, onları tərifləyirdi. Həmçinin, bəzi Nəcəf alimlərini tərifləyirdi. Nəhayət məğribin əvvəl vaxtında gəlib İraq sərhəddinə – Cəryəyə çatdıq. Biz avtobusdan endik, o da endi.

Bizə məsləhət gördü ki, gecəni Cəryədə keçirək və təkbaşına yola çıxmayaq. Sonra isə dedi: “Sabah Məkkədən gələn karvan buraya çatacaq. Onlarla birgə İraqa gedin”.

Mən onunla birgə avtobusun yanında ayaq üstə durmuşdum və əlimdə də dəstəmaz almaq üçün bir bardaq var idi. O dedi: “Mən sizdən ayrılıram, Allaha əmanət olun”. Mən israr edərək ondan həmin gecəni bizimlə qalmasını və birlikdə axşam yeməyi yeməyimizi xahiş etdim. Lakin dedi: “Ey Şeyx İsmayıl, mənim çoxlu işlərim var, gərək gedəm. Sən məni Qurana and verdin, ona görə də istəyini qəbul etdim (və sizinlə gəldim, amma indi getməliyəm)”.

Bu zaman qarşımda durduğu halda bir anda gözümdən itdi və onu görmədim!

Bu vaxt başa düşdüm ki, sən demə o şəxs həzrəti-Sahbiəz-Zəman (ə) imiş. Ağlar halda qışqıra-qışqıra yoldaşlarıma səsləndim və dedim ki, biz bu vaxta qədər o həzrətin (ə) xidmətində olmuşuq! Allahu-təala həzrətin əliylə bizlərə nicat veribmiş, lakin təəssüflər olsun ki, biz o həzrəti tanımamışıq!

Hacılar sanki yuxudan ayılmış kimi oldular və biz ah-nalə edərək ağlaşmağa başladıq. Bu zaman sərhəd polisləri səsimizi eşidib bizə tərəf qaçmağa başladılar və çatar-çatmaz (İraq ləhcəsində) dedilər: “Minu meyyit, minu meyyit?”(Kimdir ölən, kim ölən?) Dedik: Heç kəs ölməyib, sadəcə yolu itirmişdik və indi də yolu tapmışıq, ona görə ağlayırıq.

 

Şeyx Əli Kurani, “Cəvabun alə şeyxin və seyyin fi ruyətil-İmamil-Məhdi fi ğeybətihil-kubra”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment