Bismillahir rəhmanir rəhim
TƏBRİZDƏ “MƏLİKUT-TÜCCAR”ın ÖVLADLARINA YAZILMIŞDIR.
Bismillahir-rəhmanir-rəhim. Qardaşlarım… zahirən (belə görünür ki), “aş elə həmin aşdır,qab da həmin qab”. Əməl yox, təfəkkür yox, təqva yox, dərs yox… Axirət işindəki bu ağırlıq nədir bilmirəm. Bilmirəm “pak ağıllara” tabe olmaqdakı bu tənbəllik nədir.. . Özündən qaçış olmayan və mütləq gələcək olan ölümü unutdunuzmu? O ölüm ki, bir andaca ləzzət sütunlarınızı uçurar, qərizələrinizin əsasını dağıdar.. Məgər onu xatırlamaq insanı dünyadan çəkindirib axirətə tərəf cəlb etmirmi? Məgər “doğruların ən doğrusu” (İmam Sadiq (ə)) buyurmayıbmı ki, “hər kim ölümü gecə və gündüz boyunca iyirmi dəfə yad etsə, məhşərə şəhidlərlə birgə gətirilər”. Məgər onu xatırlamağı bütün xeyir və mənfəətin sonu olaraq görmədinizmi? Bəlkə də, sizi bundan uzaq salan şey qəlblərinizin ondan qeyri işlərlə məşğul olması və axirət evinə olan səfərə hazırlığınızın olmamasıdır. Yoxsa ki, şübhə yoxdur ki, müsafirin səfər və ona hazırlaşmaqdan başqa bir dərdi olmaz. Kim “ayrılıq” halı barədə düşündüsə,dünya və şəhvətləri üçün sevinməsi azalar, (uzun-uzadı) arzuları qısalar və qəlbi dünya nemətlərindən qırılar.. . Ağıllı o kəsdir ki, özünü amal, bolluq və firavanlıq və “təhiyyət” üçün hazırlaya. Əgər bunu əldə etmək istəsən, öz bənzərlərin olan, uzun-uzadı arzuları və pis vəziyyətləri ilə şəhvət və istəklər içərisində batmış ölülərin vəziyyəti barədə düşün. Dostluq və əlaqələrin şirinliyini,qəbrin qorxusuna, sarayların genişliyini qəbirlərin darlığına, təmizlik və gözəl simanı,çirkin görünüş və simaya necə dəyişdikləri barədə düşün. Və qəbirlərindən onların halını fəsih bir dillə xəbər al və de ki : “Ey qəbir, onun gözəlliyi qaldımı, o gözəl görünüş dəyişdimi ?” O da sənə tam və ən kamil bir cavabla belə desin: “Sümüklər tək-tək bir-birindən ayrıldı. Qurdun yeməsi əti və piyi yox etdi” Buna baxmayaraq o bu hallardan qafil idi, mənzillər dəyişməyə, mal və sərvət toplamağa həris idi. Öz həsrətlərini bunların üzərində müqayisə et. Fürsəti qənimət bil,əzizim.. İnsanlar ölümün və onun halətlərinin xatırlanmasının yad edilməsi baxımından bir neçə növdürlər. Onlar dünya və onun istəklərində qərq olan və onun ləzzət dərinliklərində batan şəxs ilə yeni yola çıxan salik və yolun sonuna çatmış arif arasında qərarlaşırlar. Birinci dəstə ölümü onları sevdikləri şeydən (dünya və ləzzətlərindən-müt.) ayırdığı və axasıyca olduqları şeydən uzaq saxladığı üçün yalnız və yalnız nifrətlə yad edərlər… Onunla qarşılaşmaq qaçılmaz olduğu halda ondan qaçar və ona düşmən münasibət bəsləyərlər. Belə bir kəs ölümü xatırlamaqdan heç bir fayda əldə etməz, bununla yalnızca haqqdan uzaq düşər. İkinci dəstədən olan şəxs isə ölümü yad etməkdən xeyir və faydalar əldə etmək və həmçinin, üstün xüsusiyyətlər ələ gətirməkdə tələsmək üçün yararlanar. Onun ölümdən xoşu gəlmir, ona görə ki, bu kamalatlara çatmamışdan qabaq onunla qarşılaşmaqdan qorxur. O bu vəziyyətdə üzürlüdür və “qürur” evinin itlərindən sayılmaz. Həmçinin, Allah (əzzə və cəll) ilə görüşməyi istəməyən və Onun (əzzə və cəll) da onlarla görüşmək istəmədiyi kəslərdən də sayılmaz. Belə şəxsin əlaməti, onu ölümə hazırlayan işlərlə məşğul olması və vəfat etməmişdən qabaq axirət azuqəsi toplamağa çalışmasıdır. Üçüncüyə gəlincə isə, (hərçənd ki, bu dəstəni qeyd etməyin bizə bir faydası yoxdur, amma yenə) bu dəstədən olan şəxs ölümü yad edər və ona olan şövq və məhəbbəti səbəbindən böyük həvəslə ölümü gözləyər. Çünki onda “Sevgili” ilə görüş vardır. Buna görədir ki, həzrət buyurub (əleyhissalam) : “And olsun ki, Əbu Talibin oğlunun ölümə olan istəyi, körpə uşaqın anasının sinəsinə olan istəyindən daha çoxdur”. Ona görə ki, ölümdə təbiət zindanından qurtuluş və ali və uca dərəcələrə çatmaq var. Buna da bu kəlamı ilə işarə etmişdir: “And olsun Kəbənin Rəbbinə ki, nicat tapdım”. Burada qeyd olunanlardan daha üstün və daha ali bir dəstə də vardır. Lakin bura onun qeyd edilməsinin yeri deyil. Hər halda.. ümidvaram ki, gecə-gündüz əməl etmə baxımından özünüz barədə səhlənkarlıq etməmişsiniz. Xüsusən üç məşhur mübarək günü abad etmişsiniz. Ümid edirəm ki, onlara riayət edəcəksiniz.. İlahi, bu işdə onlara yardım et, amin ya rəbbəl-aləmin! Sonda. Əgər hal-əhvalı soruşsanız, bəllidir: “Hər kəs ki, onun dilini başa düşən birindən ayrıldı, yüz nəğməsi olsa belə miskin, dilsiz, lal olar Əgər güllər üz döndərib getsələr, bağça o andaca məhv olar.Ondan sonra bir daha bülbüldən bir nəğmə eşitməzsən”. Həqiqətən Nəcəfi-Əşrəfdən uzaq düşdüyümə görə qəlbim yanır. Hərçənd ki, ora ilə bağlı da söz var.. Həqiqətən dua istəyirəm, bütün aləmdən, təkcə sizdən deyil.. Məhəmməd Bəhari, Kazimeyn şəhəri ətrafı (Onlara və ona salam olsun) Vəssalam.