Saleh (ə)-ın qeybə çəkilməsi

Bismillahir Rəhmanir Rəhim

Şeyx Səduq (r.ə) “Kəmalud-din” kitabında peyğəmbərlərin (ə) qeybə çəkilmələri barədə gətirdiyi üçüncü babda- “Saleh Nəbinin əleyhis-səlam qeybə çəkilməsi barədə” babında Əba Əbdillah Sadiq (ə)-dan belə nəql edir:

Zeyd ibn Şəhham nəql edib deyir: Əba Əbdillah (ə) buyurdu:

Saleh əleyhis-səlam bir müddət öz qövmündən qeybə çəkildi.[1] Onlardan qeybə çəkildiyi vaxt Saleh (ə) yaşlı və gözəl cismə malik, bol saqqallı, arıq qarınlı, arıq üzlü, saqqalı seyrək olan və orta boylu bir şəxs idi. Saleh (ə) qövmünün yanına qayıdan zaman onlar onu tanımadılar. Bu zaman onlar üç təbəqəyə bölünmüşdülər. Birincisi inkarçı və dönməzlər, ikincisi onun barəsində şəkkdə olanlar, üçüncüsü isə yəqinlikdə olanlar idilər. Saleh (ə) birinci təbəqədən başlayıb onlara dedi: Mən Salehəm. Lakin onlar onu inkar etdilər və təhqir edib üstünə qışqırdılar. Dedilər: Allah səndən uzaq olsun, Saleh sənin surətində deyildi.

Ravi deyir, İmam (ə) dedi: İnkarçılar onun sözlərini dinləmədilər və ona son dərəcə nifrətlə yanaşdılar. Sonra Saleh (ə) üçüncü təbəqəyə- yəqin üzərə olanlara müraciət edib dedi: Mən Salehəm. Dedilər: Bizə elə bir şey de ki, onu (eşitdikdən) sonra sənin Saleh olduğuna şübhə etməyək. Biz uca və yaradan Allahın (insanı) istədiyi görünüşə sala bilməsinə və görünüşünü dəyişdirməyə qadir olmasına şübhə etmirik. Bizə Qaim (qiyam edən şəxs) gəldiyi zaman hansı əlamətlərlə gələcəyini xəbər veriblər və biz öz aramızda bunu öyrənmişik. Biz o zaman inanarıq ki, xəbər səmadan gəlsin. Saleh onlara dedi: Mən həmin Salehəm ki, sizə dəvə gətirmişdim. Dedilər: Doğru dedin, biz onun əlamətini öyrənmişik. (Sonra Saleh) dedi: Müəyyən bir gün o su içirdi, o biri gün də siz. Dedilər: Allaha və sənin dediklərinə iman gətirdik. Bu barədə Allah təbarəkə və təala buyurur:

Həqiqətən də Saleh göndərilmiş idi. (Yəqin əhli dedi:) Şübhəsiz, biz onun, göndərilmiş olduğu şeyə iman gətirmişik. Təkəbbürlülük edənlər isə dedilər (onlar inkarçılar və şəkk edənlər idilər): Biz sizin iman gətirdiyiniz şeyi inkar edirik”.[2]

Ravi deyir: Dedim: O gün onların içərisində alim birisi var idi? Buyurdu: Allah yer üzünü Ona tərəf dəvət edən bir alimsiz qoymaqdan daha ədalətlidir. Saleh (ə)-ın qövmü o (qövmünü tərk edib şəhərdən) çıxdıqdan sonra yeddi gün imamlarını tanımadıqları bir halda qaldılar. Lakin onların yanında izzət və cəlal sahibi Allahın dinindən bir şey olduğu üçün sözləri bir idi. Saleh zühur edən kimi onlar (yenidən) Salehin ətrafında toplaşdılar. Həqiqətən də Qaimin (ə.f) məsəli, Salehin (ə) məsəli kimidir.[3]          

 

Şeyx Səduq, “Kəmalud-din təmamun-nimə”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

 


[1]   O həzrətin (ə) qeybə çəkilməsi, qövmü həlak olduqdan sonra oldu. Daha sonra qayıtması isə ona iman gətirib nicat tapanların yanına idi.

[2]   Əraf surəsi, 76-77. Mötərizə içərisində göstərilən izahlar İmama (ə) aiddir.

[3]  Saleh (ə)-ın qövmündən olan bir dəstə insan Allahu-təalanın lütfü ilə əqidələrində sabit qaldıqları kimi, bir qrup insan da həzrəti Qaim (ə)-a imanda sabitqədəm olacaqlar. Allah daha yaxşı bilər-müt. 

Leave a Comment