“Sərdab” uydurması

Bismillahir rəhmanir rəhim

 

Müxaliflərin şiə məktəbinə atdıqları iftira və töhmətlərdən biri də “sərdab” uydurmasıdır.

Sərdab nə deməkdir?

Sərdab yerin altında tikilən və şiddətli isti baş verdiyi zamanlarda camaatın sığındığı yer deməkdir. Bu növ tikilərdən daha çox İraq ərazisində istifadə olunur. Xüsusilədə İraqın isti bölgələrində belə tikililərə daha çox rast gəlmək olar. Bəzilərinin fikrincə hətta İraqda sərdabı olmayan ev tapmaq qeyri-mümküdür. Bizim söhbət açacağımız “sərdab” İraqın Samirra şəhərində yerləşən və İmam Hadi (ə) və İmam Əsgəri (ə)-ın mübarək qəbirlərinin yanında mövcud olan sərdabdır.

İmam Hadi (ə), İmam Əsgəri (ə) və İmam Məhdi (ə) kimi üç imamın yaşadığı bir evin sərdabı olmuş bu yer bu gün də şiələr tərəfindən müqəddəs bilinərək ziyarət edilməkdədir.

Bu müqəddəs məkanla bağlı qeyd ediləcək məqam ondan ibarətdir ki, müxaliflər qəribə və heç bir əsası olmayan bir ittihamla çıxış edərək iddia etmişlər ki, güya şiələr İmam Məhdi (ə)-ın bu sərdabda qeybə çəkildiyinə etiqad edir və onun buradan zühur edəcəyinə inanırlar.

Biz bu barədə bəzi müxalif alimlərinin fikirlərini qeyd edəcək, daha sonra isə atılan iftiraya cavab verməyə çalışacağıq. Onu da qeyd edək ki, bu “alim”lərin fikirlərini qeyd etdikdən və möhtərəm oxucu atılan iftiranın hansı həddə olduğunu gördükdən sonra əslində əlavə izaha o qədər də ehtiyac qalmayacaq. Lakin bununla belə, izahlarla bir daha iddianın batilliyini ortaya qoymağa çalışacağıq.

İbn Teymiyyə deyir:

Onların (şiələrin) axmaq hərəkətlərindən biri də budur ki, onlar “Müntəzər” üçün bir neçə yer təyin edib onu bu yerlərdə gözləyirlər. Məsələn Samirradakı sərdab kimi. Onlar belə iddia edirlər ki, o burada qeybə çəkilmişdir (!) Onlar belə yerlərdə bir heyvan, qatır və ya at saxlayırlar ki, birdən o zühur edərsə ona minib (qiyama qoşula) bilsinlər. Onlar bu yerlərdə günün iki hissəsində (səhər və axşam) yaxud digər vaxtlarda bir adam saxlayırlar ki, həmin şəxs nida edərək deyir: “Ey Mövlamız, çıx (zühur et)! Ey mövlamız, çıx (zühur et)!”Onlar qılınclarını sıyırıb dururlar, halbuki burada onlarla heç kəs döyüşmür. Onların içərisində elələri vardır ki, namaz vaxtlarında daim bu yerlərdə dayanırlar və namaz qılmırlar (!) Ona görə ki, birdən o zühur edər və həmin vaxt bu namazda olar (!) Beləcə ona qoşula bilməz və onun xidmətində ola bilməz (!) Onlar bu cür yerlərdən uzaq olduqları zaman, məsələn Mədinədə olduqlarında, istər Ramazan ayının son on günündə, istərsə də qeyri günlərdə üzlərini şərqə tərəf çevirib uca səslə çağırır və onun zühur etməsini istəyirlər (!) ”. (İbn Teymiyyə: “Minhacus-Sünnə”, səh 44-45, təhqiq: Muhəmməd Rəşad Salim)

Həmçinin, İbn Qeyyi əl-Cövziyyə öz ustadı İbn Teymiyyənin sözlərini təkrar edib deyir:

İmamiyyə razifizlərə gəlincə onlar belə etiqad edirlər ki, Müntəzər…uşaq ikən Samirradakı sərdaba daxil olmuş.. və daha sonra ondan heç bir xəbər alınmamışdır. Onlar hər gün atlarla birgə sərdabın qapısının ağzında dayanıb onu gözləyirlər. Onlar onun zühur etməsini istəyib belə çağırırlar: “Ey Mövlamız, çıx! Ey mövlamız çıx!”. Lakin (o çıxmır) beləcə bunlar pərt və əliboş şəkildə geri qayıdırlar”. Sonra istehza ilə deyir: “Onların adəti budur, onun da adəti budur”. Yəni, bunlar özlərini yorub hər gün onu çağırırlar, o da çıxmır ki, çıxmır. Daha sonra deyir:

Bunu deyən necə də gözəl deyib:

Vaxtı çatmadı ki, sərdab o şəxsi ortaya çıxarsın?

Həmin o şəxsi ki, siz onunla danışırsınız? Məgər vaxtı çatmadı?

Kül olsun sizin ağıllarınıza, çünki siz

bunu etməklə simurqa və qulyabanıya üçüncünü əlavə etmiş olursunuz”. (İbn Qəyyim: əl-Mənarul-Munif, c.1, səh.152, təhqiq: Abdullah Əbu Ğudə)

İbn Qəyyimin dediyi “simurqa və qulyabanıya üçüncünü əlavə etmisiniz” sözü məşhur “qeyri-mümkün üçlük”-ə işarədir. Bunlar “simurq quşu”, “qulyabanı” və “hər zaman və hər yerdə olan sadiq dost”dur.

İbn Xəldun isə deyir:

Onların bəziləri belə iddia edirlər ki, on ikinci imamları – hansı ki bu, Muhəmməd ibn Həsən əl-Əsgəridir və şiələr ona Məhdi deyirlər – öz Hillədəki evlərində sərdaba daxil olmuşdur. Orada anası ilə birgə dustaq edilmişdir. Sonra isə orada qeybə çəkilmişdir. Onlar bu günədək onu gözləyirlər və onu “Müntəzər” adlandırılar. Buna görə də hər gecə məğrib namazından sonra bu sərdabın qapısında dururlar. Minik atı hazırlayıb onu adı ilə çağırırlar və (Sərdabdan) çıxmasını istəyirlər (!) Nəhayət ulduzlar görünür və beləcə onlar dağlışırlar. Sonra da bu işin növbəti gecə baş verəcəyinə ümid edərək (növbəti günü gözləyirlər)”. (İbn Xəldun: “Müqəddimə”, c.1, səh.199, naşir: Darul-Qələm, Beyrut: 1984).

Əhməd ibn Əli əl-Qəşqələndi deyir:

..(Şiələr) deyirlər ki, o uşaq ikən anası ilə birgə Bağdadın yaxınlığında Hillədə bir sərdaba girmişdir və bir daha (oradan) çıxmamışdır. Onlar bu vaxta qədər onu gözləyirlər. Deyilənə görə, onlar hər axşam qürubdan şəfəq itənədək sərdabın sərdabın qarşısında öz yüyənli öküzləri ilə birgə durub belə səslənirlər: “Ey imam, zülm çoxalıb, haqsızlıqlar baş alıb (ortaya çıxıb), elə isə çıx (gəl) yanımıza!”. Sonra yenidən ikinci gecə gəlirlər. Bu firqə isna əşəriyyə adlanır”. (Fəzari əl-Qəşqələndi: Subhul-Ə`şa, c.13, səh. 232, təhqiq: Əbdül-Qadir Zəkkar, naşir: Vizarətus-səqafə, Dəməşq, 1981)

Əz-Zubeydi əl-Hənəfi isə iddia edərək deyir ki, sərdab Reydədir:

Əs-Səradibə (sərdabçılar): Rafizilərdən olan ğulat bir dəstədirlər. Məhdinin Reydəki sərdabdan çıxacağını gözləyirlər. Buna görədə də hər cümə günü (həmin sərdabın qarşısında) yəhərli yüyənli bir at hazır edib üç dəfə deyirlər: Ya İmam, bismillah (!)” (Muhibbuddin Muhəmməd Mürtəza əz-Zubeydi əl-Hənəfi: Tacul-Ərus, c.3, səh.57, təhqiq: bir qrup mühəqqiq, mətbə: Darul-Hidayə).

Vəhhabi məzhəbinin banisi Muhəmməd ibn Əbdül-Vəhhab da yuxarıdakılara bənzər sözlər təkrarlayaraq deyir:

…Sonra xüşusuz və qeyri-aram bir şəkildə, özü də camaatla deyil fərdi şəkildə xoruz kimi zöhr və əsr namazlarını qılarlar. Bundan sonra pərt və əliboş şəkildə geri dönərlər..” (Muhəmməd ibn Əbdül-Vəhhab: Risalətun fir-rədd ələr-rafizə, c.1, səh.33, təhqiq: Nasir ibn Səid ər-Rəşid, naşir: mətabiir-riyaz).

İhsan İlahi Züheyr deyir:

Onlar mürabitə zamanı (imamlarını gözlədikləri zaman) namaz qılmırlar. Ona görə ki, birdən o xüruc edər, bunlar isə namazda olarlar (!)” (Firəqun muasərə: c.1, səh.208)

Müasir vəhhabi böyüklərindən olan Abdullah əl-Qəmisi deyir:

Axmaqların ən axmaqları, ölülərin ən ölüsü (cansızların ən cansızı) o şəxslərdirlər ki, imamlarını sərdabda itiriblər. Onunla birgə Quranlarını və müshəflərini də itiriblər (!). O şəxslər ki, hər gecə öz atları və eşşəkləri ilə imamlarının qeybə çəkildiyi o sərdabın yanına gedirlər. Orada onu gözləyirlər və çıxması üçün çağırırlar. Onlar min ildir bu işi görürlər(!) ”. (əs-Sira` bəynəl-İslam vəl-vəsniyyə: c.1, səh.374).

Cavab:

Yuxarıda da dediyimiz kimi, əslində bu deyilənlərin iftira və heç bir əsası olmayan böhtan olması elə onların batilliyinə dəlil olaraq kifayət edir. Çünki İbn Teymiyyədən başlayaraq İhsan İlahi Zuheyrə qədər keçən təxminən yeddi yüz illik bir müddət ərzində bir nəfər belə bu deyilənlərə sübut olaraq hər hansısa bir şiə məzhəbi kitabından dəlil göstərə bilməmişdir. Bu, məsələnin tamamilə qondarma və əsilsiz olmasına açıqca dəlalət edir.

Təsadüfü deyildir ki, bu fikirləri səsləndirən adıçəkilən şəxslərin heç biri öz dediklərinə şiə mənbələrindən bircə dəlil də olsun gətirməmişlər. Sadəcə olaraq iftira atmaqla kifayətlənmiş, bununla sadəlövh və avam şəxslərin fikrilərini qarışdırmaq istəmişlər. Sanki onlar xalq arasında danışılan əfsanə və ya nağılları nəql edirlərmiş kimi bu sözləri nəql etmiş və elm əhlinə yaraşmayacaq şəkildə dəlil və sübut olmadan hökm vermişlər.

Bütün şiə üləmasının ittifaqına əsasən İmam Məhdi (ə) sərdabda qeybə çəkilməmişdir. Müxaliflərin heç biri İmam Məhdi (ə)-ın anası ilə birgə (İbn Xəldun və Əhməd əl-Qəşqələndinin dediyi kimi) dustaq edilməsi barədə nəinki şiə mənbələrində, hətta qeyri-şiə mənbəsində belə bircə hədis və ya fakt göstərə göstərə bilməzlər. Bir halda ki, heç bir hədisi-şərifdə və şiə tarixçilərinin əsərlərində bu barədə məlumat gəlməyib, görəsən İbn Xəldun və ardıcılları hansı dəlilə əsasən şiələrin bu əqidədə olduqlarını iddia etmişlər?! Biz aşağıda Əllamə Əmininin (r.ə) və Nəcəf elm hövzəsinin böyük usatdlarından olan Muhəmməd Baqir əl-Qərəşinin (r.ə) bu şübhələrlə bağlı cavablarını qeyd edəcəyik. Lakin bundan öncə bir neçə məqama işarə etmək istəyirik.

Qeyd etmək lazımdır ki, hədislərdə İmam Məhdi (ə)-ın sərdabda qeybə çəkilməsi ilə bağlı heç bir məlumat gəlməsə də, hədislərin birində “sərdab” kəliməsi işlənmişdir və İmamın (ə) sərdabda görülməsindən danışılmışdır. Hərçənd ki hədisin sərdabda qeybə çəkilmə ilə heç bir əlaqəsi yoxdur, lakin bununla belə biz yenə də hədisin qısa şəkildə izahını veririk ki, batilə uyanlar əbəs yollara baş vurmağa cəhd etməsinlər.

Dediyimiz kimi, Rəşiq əl-Madray adlı bir şəxsdən nəql edilən bir hadisədə sərdabın adı çəkilmişdir. Lakin hadisənin İmamın (ə) sərdaba girib orada qeyb olması ilə heç bir əlaqəsi yoxudur. Üstəlik bu hadisə İmam (ə) qeybə çəkildikdən sonra baş vermişdir. Bunu rəvayətin mətni də təsdiq edir. Bundan başqa “Siratul-Müstəqim” kitabında rəvayət əvvəlində deyilir: “Əbu Muhəmməd (ə) vəfat etdikdən sonra Mötəzz…”. (Siratul-Müstəqim, c.2, səh.210, hədis 5).

Göründüyü kimi, hadisə İmam Əsgəri (ə) vəfat etdikdən sonra baş vermişdir. Halbuki, biz bilirik ki, İmam Məhdi (ə) atası İmam Əsgəri (ə) vəfat edən gün qeybə çəkilmişdir. (Yəni, əgər sərdab hadisəsindən söhbət gedirdisə, o zaman bu, İmam qeybə çəkilən gün, yəni İmam Əsgəri (ə) şəhid olan gün baş verməli idi, İmamın şəhadətindən sonra yox).

İmam Əsgəri (ə)-ın vəfat günündən bəhs edən hədislərin isə yaxından uzaqdan Rəşiqin hadisəsi ilə heç bir əlqəsi yoxdur. Həmin gün barədə gələn hədislərin heç birində Rəşiqin hadisəsindən və Mötəzzin üç nəfər adam göndərib evi təftiş etdirməsindən söhbət açılmır.

Bütün bu deyilənləri bir kənara qoyub deyirik: bu hədisdə nə İmamın (ə) qeybə çəkilməsindən söhbət gedir, nə də anası ilə birgə həbs olunmasından. Burada sadəcə olaraq İmamın (ə) sərdabda namaz qılmasından, sonra Rəşiq və xəlifə Mötəzin digər iki adamının ona yaxınlaşmaq istəməsindən, lakin yaxınlaşa bilməməsindən danışılır. Hədisin sərdabda qeybə çəkilmə ilə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq hədisdə “sərdab” sözü işlənmişdir.

Bundan başqa:

Yuxarıda “alimlər” tərəfindən deyilən fikirlərə diqqət etdiyimiz zaman görürük ki, bu şəxslər İmamın (ə.f) qeybə çəkildiyini dedikləri zaman onun kiçik yaşda qeybə çəkildiyini bildirmişlər. Yəni, onların fikrincə şiələr belə düşünürlər ki, İmamları (ə) sərdabda qeybə çəkilərkən kiçik yaşlarda olub. (Bax: İbn Xəldunun, İbn Qeyyimin, əl-Qəşəndinin sözlərinə).

Bu, (sərdabda qeybə çəkilməni nəzərə almasaq) şiə əqidəsinə əsasən, İmamın (ə) kiçik qeyb dövrü ilə üst-üstə düşür. Yəni, imam kiçik qeybə çəkilərkən uşaq yaşlarda, təxminən 5 yaşında olub.

Elə isə gəlin nəzər salaq: Görəsən, İmamın kiçik qeyb dövründən bəhs edən hansı şiə hədisi İmamın bu qeybətə sərdabda başladığını qeyd edib? Və ya İmamın kiçik qeybətə çəkildiyi gündən bəhs edən hansı hədisdə sərdab kəliməsi işlədilib?

Başqa sözlə, məlumdur ki, (yuxarıda da dediyimiz kimi) İmamın (ə.f) kiçik qeyb dövrü atasının (ə.s) vəfat günü ilə birgə başlamışdır. Yəni, 260-cı hicri ilinin Rəbiul-Əvvəl ayının 8-də, səhər vaxtı İmam Həsən Əskəri (ə) şəhadətə yetişmiş və bununla da imamət o həzrətdən övladı İmam Məhdi (ə)-a keçmişdir. Elədirsə bəs nə üçün bu gündən və bu gündə baş verən hadisələrdən bəhs edən hədisi-şəriflərin heç birində sərdab kəliməsi işlədilməmişdir? Sərdab bir yana, ümumiyyətlə o həzrətin (ə) anası ilə birgə dustaq edilməsi barədə məlumatlar nə üçün yoxdur? Axı o həzrətin qeybə çəkilməsi bütün şiə hədislərinin və şiə alimlərinin nəzərinə əsasən atasının vəfatı ilə eyni gündə baş vermişdir. Həmin gündən bəhs edən hədislər  yalnızca Cəfərin əl-Kəzzabın imamlıq iddiası etməsindən, qardaşına cənazə namazı qıldırmağa təşəbbüs etməsindən, daha sonra İmam Məhdi (ə)-ın gəlib ona mane olmasından və atasına namaz qıldırmasından, habelə Qumdan gələn nümayəndə heyətinin İmamla (ə) görüşməsindən və s.dən söhbət açır.

Elə isə hanı sərdab və hanı İmamın (ə) öz anası ilə birgə həbs edilməsi? Hanı şiə mənbələrində buna dəlil? Və haradan çıxarmısınız bu iddiaları?

Deməli, bütün bu deyilənlər quru iftiradan başqa bir şey deyil.

İndi isə Əllamə Əmininin (r.ə) Qəmisi və  İbn Teymiyyənin iddiası ilə bağlı rəyi ilə tanış olaq:

“..Sərdab iftirası isə olduqca utanc vericidir. Ondan (Qəmisidən) öncə də Əhli-sünnə müəllifləri bu şeyi (iddia) etmişlər. Lakin o bir qədər də əlavələr edib atlara eşşəkləri də əlavə etmişdir (sanki bununla öz düşüncəsində şiəni bir qədər də alçaltmağa çalışmışdır -müt.), (üstəlik) iddia etmişdir ki, güya şiələr min ildən bəridir ki, hər axşam bu işi təkrarlayırlar. Şiələr İmamın (ə) qeybə çəkilməsinin sərdabda baş verdiyinə etiqad etmirlər. Nə onlar onu sərdabda itirmişlər, nə də o sərdabdan zühur edəcək. Onların öz hədisləri əsasında əqidələri budur ki, İmam (ə) Məkkeyi-Müəzzəmədən zühur edəcək. Heç kəs sərdab barədə deməyib ki, o, parlaq Nurun qeybə çəkildiyi yerdir. Əksinə, ora İmamların (ə) Samirradakı evlərinin sərdabıdır. Bu sərdabın şərəf tapması və müqəddəs bilinməsi məhz onun İmamlara (ə) məxsus olmasına görədir.

Kaş ki, sərdab barədə boş sözlər danışan bu şəxslər heç olmasa bir yalan üzərində ittifaq edəydilər. Beləcə qondarma işləri ortaya çıxmazdı və rüsvay olmazdılar. İbn Bəttutə “Rihlət” kitabında (c.2, 198) sərdabın Hillədə olduğunu, əl-Qərmani “Əxbarud-Duvəl” kitabında onun Bağdadda olduğunu və başqaları da onun Samirrada olduğunu deməzdilər!” (Əllamə Əmini: “əl-Ğədir”, c.3, səh.308)

Həmçinin, Şeyx Muhəmməd Baqir Şərif əl-Qərəşi (r.ə) İbn Xəldunun iftiraları barədə deyir:

İbn Xəldunun bu məsələ ilə bağlı yol verdiyi səhvlərdən biri də budur ki, onun fikrincə İmam Məhdi (ə) anası ilə birgə Hillədə həbsdə saxlanılmış və sonra oradan qeybə çəkilmişdir. Halbuki bu, açıq-aşkar yalan və iftiradır. Bunun səbəbi isə bir neçədir:

1-Əvvəldə də dediyimiz kimi, İmam Məhdi (ə)-ın anası (ə.s) İmam Əsgəri (ə)-ın vəfatından iki il öncə vəfat etmişdir.

2-Heç bir şiə və qeyri şiə tarixçisi qeyd etməmişdir ki, İmam Məhdi (ə) Hillədə və ya qeyri bir yerdə nə vaxtsa həbs olunub və ya Abbasi hakimiyyəti onu ələ keçirib. İbn Xəldunun şiəyə nisbət verdiyi bu fikirlər tamamilə iftiradır və onların əqidələrini ləkələmək xarakteri daşıyır.

3-İbn Xəldun iddia etmişdir ki, şiələr Hillədə yerləşən sərdabın qapısı ağzında dayanıb İmam üçün bir minik hazırlayırlar və ulduzlar görünənədək onu adı ilə səsləyib çıxmasını istəyirlər. 

Bu yalanları şiələr hətta eşitməyiblər belə (nəinki etmişlər) və onlar bu sözlərdən uzaqdırlar”. (Şeyx Qərəşi: “Həyatul-İmamil-Məhdi (ə)”, səh.116)

Şeyx Mirzə Hüseyn Nuri Təbərsi bu sünni alimlərinin sözlərini qeyd etdikdən sonra deyir:

Deyirik: Ey zəmanənin alimlər və ey dövrün hafizləri, şiələrin İmam Məhdi (ə)-ın viladətindən əvvəlki dövrdən ta bu günədək yazılan kitabları və əsərləri ortalıqda, sizin qarşınızda və yanınızdadır, yaxud onları əldə edə bilərsiniz. Elə isə şiənin böyük alimləri bir yana, hətta kiçik alimlərindən birinin bir kitabının adını çəkin ki, şiəyə nisbət verilən bu (iftiralar) orada olmuş olsun.

Biz hər nə qədər kitablara müraciət edib axtarsaq da onların dediklər sözlər barədə heç bir şey tapmadıq”. (Ünvan: http://www.m-mahdi.net/book/031/007.htm#00049)

Əlhəmdulillahi rəbbil-aləmin!

 

Tədqiq: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment